Donald Tramp ABŞ-Kanada ticarət sazişinin yenilənməsinə qarşı çıxıb

Donald Tramp ABŞ-Kanada ticarət sazişinin yenilənməsinə qarşı çıxıb
ABŞ və Meksika bayraqları dalğalanır, Meksikanın Syudad-Xuarez şəhərində yerləşən Lerdo-Stanton Beynəlxalq körpüsü, 21 iyul, 2026
Reuters

Ottava ABŞ ilə ticarət münasibətlərində gərginliyi artıran yeni tariflər fonunda danışıqlar üçün Vaşinqtona nümayəndə heyəti göndərir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-Meksika-Kanada Sazişinin yenilənməsində maraqlı olmadığını bildirib.

Tramp iyulun 28-də “Fox News” kanalının “Fox and Friends” proqramına telefonla müsahibəsində bildirib ki, altı il əvvəl imzalanmış ticarət sazişi ABŞ-dən daha çox Kanada və Meksika üçün əhəmiyyətlidir.

“Vecimə deyil. Yəni, əslində bunu istəmirəm. Mən müstəqil olmağa üstünlük verərdim. Meksika və Kanadanın bizə ehtiyacı var. Bizim onlara ehtiyacımız yoxdur. Bu razılaşma onlar üçün vacibdir, bizim üçün isə yox”, - deyə Tramp sazişin yenilənməsi ilə bağlı suala cavab verib.

Tramp iyulun 1-də keçirilən icmal iclasında ABŞ-Meksika-Kanada Sazişini yeniləməmək qərarına gəlib. Bu qərar üç ölkə arasında yeni dəyişikliklər razılaşdırılmayacağı təqdirdə sazişin onillik müddət ərzində mərhələli şəkildə dayandırılması prosesini başladır.

ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ötən həftə Meksika ilə üçüncü danışıqlar mərhələsini keçirib. Lakin görüşlər avtomobil istehsalında regional tərkib qaydalarının sərtləşdirilməsi ilə bağlı ciddi fikir ayrılıqlarını ortaya çıxarıb.

ABŞ artıq milli təhlükəsizlik əsaslarını göstərərək Meksika və Kanadada istehsal olunan avtomobil və yük maşınlarına 25 faiz, polad və alüminium məhsullarına isə 50 faiz tarif tətbiq etməklə sazişin rüsumsuz ticarət mexanizmini zəiflədib.

Kanadanın ABŞ ilə ticarət məsələlərinə cavabdeh naziri Dominik LeBlan bu həftə Kanadanın ABŞ üzrə baş müzakirəçisi Canis Şaret ilə birlikdə Vaşinqtona səfər edəcək. Bu barədə nazirin sözçüsü bildirib.

Kanada indiyədək ABŞ-Meksika-Kanada Sazişi üzrə rəsmi danışıqlarda iştirak etməyib, lakin Qrirlə yüksək səviyyəli əlaqələri qoruyub saxlayıb.

Yeni tariflərə xokkey çubuqları, pivə, süd məhsulları, faner və digər mallar daxildir.

ABŞ Ticarət Nümayəndəliyindən bildirilib ki, bu tədbirlər Kanadanın avtomobil və metal tariflərinə cavab olaraq tətbiq etdiyi əks addımlara, ABŞ spirtli içkilərinin satışına əyalət səviyyəsində qoyulan məhdudiyyətlərə və süd bazarına çıxışla bağlı kifayət qədər güzəştlərin edilməməsinə cavabdır.

Kanadanın Baş naziri Mark Karni tarif qərarından sonra bildirib ki, o və Tramp ticarət danışıqlarını intensivləşdirmək barədə razılığa gəliblər.

Tramp isə tarif strategiyasının ABŞ-də istehsalın geri qayıtmasına kömək etdiyini deyib. O, nümunə kimi “Toyota”nın Texasda istehsalı genişləndirmək üçün 3,6 milyard dollar investisiya planını göstərib. Şirkət hazırda Meksikada istehsal etdiyi pikap modelini də ABŞ-də yığacaq.

İki böyük sənaye həmkarlar ittifaqı Kanadaya dəstək verərək Qriri Kanada mallarına tətbiq olunan tarifləri yenidən nəzərdən keçirməyə və daha əməkdaşlıq yönümlü ticarət münasibətlərinə üstünlük verməyə çağırıb.

ABŞ və Kanadadakı işçiləri təmsil edən iki böyük həmkarlar ittifaqı Vaşinqton və Ottavanı qarşılıqlı tariflər tətbiq etmək əvəzinə, Çinin ədalətsiz ticarət siyasətinə qarşı birgə mübarizə aparmağa çağırıb.

Birləşmiş Polad İşçiləri Həmkarlar İttifaqının beynəlxalq prezidenti Roksan Braun bildirib ki, iki ölkə onilliklərdir iqtisadi inteqrasiya, kəşfiyyat əməkdaşlığı və müdafiə əlaqələrini bölüşür. O əlavə edib ki, hər iki tərəf qanunsuz ticarət təcrübələrini məhdudlaşdırmalı və ortaq rifahı təşviq etməlidir.

Teqlər