"AnewZ" səhər xülasəsi – 30 iyul 2026

"AnewZ" səhər xülasəsi – 30 iyul 2026
Rusiya raket zərbəsindən sonra Ukraynanın Lvov şəhərində dağıntıların olduğu ərazidə xilasedicilər işləyir, Ukrayna, 30 iyul 2026.
Reuters

Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 30-u üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.

ABŞ ordusu İrana yeni zərbələr endirib

ABŞ ordusu İrana qarşı yeni zərbələr həyata keçirib. Ağ Ev bu əməliyyatın Yaxın Şərqdəki qüvvələrinə qarşı İranın həyata keçirdiyi hücumlara cavab olduğunu bəyan edib.

Regionda gərginlik  artıb. ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı İranla əlaqəli qrupları hədəf alıb. İran isə İordaniyadakı ABŞ qüvvələrinə raket zərbələri endirib. Misirdə ABŞ-yə məxsus tankerə də PUA hücumu olub.

Yaponiyada zəlzələdən sonra su və elektrik problemi yaranıb

Yaponiyanın cənubunda baş verən 7,1 bal gücündə zəlzələ Yatsuşiro şəhərinin bəzi ərazilərində su və elektrik təchizatının kəsilməsinə səbəb olub.

Bölgədə isti hava şəraiti də vəziyyəti çətinləşdirib. Temperatur 35 dərəcəyə yüksəlib və istivurma riski artıb.

Kumamoto prefekturasında zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. Bir neçə nəfərin vəziyyəti ağır olaraq qalır.

Rusiya Kiyevə zərbə endirib, Polşa qırıcılarını havaya qaldırıb

Rusiya ordusunun raket hücumları nəticəsində Ukraynada ən azı 13 nəfər ölüb. Hücumlar Kiyev və Lvov şəhərlərini hədəf alıb.

Polşa hücumlardan sonra hava məkanını qorumaq üçün qırıcı təyyarələrini havaya qaldırıb.

Zərbələr Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfərindən qayıtmasından sonra baş verib. Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri üçün lisenziyaların verilməsinə razılıq verdiyini bildirib.

Çin ABŞ-nin robot qadağasına cavab verəcəyini bildirib

Çin ABŞ-nin yeni Çin istehsalı robot və enerji çeviricilərinin idxalına qadağanı davam etdirəcəyi təqdirdə qətiyyətli cavab verəcəyini açıqlayıb.

Çinin Ticarət Nazirliyi ABŞ-ni bu qərarı ləğv etməyə çağırıb. Nazirlik bildirib ki, bu məhdudiyyətlər Çin şirkətlərinə qarşı ayrı-seçkilik yaradır və hər iki ölkənin sənayesinə zərər vurur.

ABŞ Federal Rabitə Komissiyası (FCC) isə bildirib ki, bu tədbirlər milli təhlükəsizlik risklərindən qorunmaq və yerli sənayeni dəstəkləmək məqsədi daşıyır.

Avstraliya “Telegram”a qarşı hüquqi tədbir görür

Avstraliya “Telegram”ı terror məzmunlarını silməməkdə ittiham edib və şirkətə qarşı hüquqi proses başladıb.

"eSafety" Komissarı bildirib ki, “Telegram” xəbərdarlığa baxmayaraq bu məzmunların platformada qalmasına icazə verib. Şirkət isə ittihamları rədd edir.

“Telegram” qaydaları pozduğu sübuta yetirilərsə, 54,6 milyon Avstraliya dolları cərimə oluna bilər.

Teqlər