Rusiya Kiyevə zərbə endirib, Polşa qırıcılarını havaya qaldırıb

Rusiya Kiyevə zərbə endirib, Polşa qırıcılarını havaya qaldırıb
Kiyevdə sakinlər Rusiya ordusunun raket və PUA zərbələrindən qorunmaq üçün metro stansiyalarına sığınıblar. 30 iyul, 2026.
Reuters

Rusiya ordusunun hava zərbələri nəticəsində Ukraynada azı 13 nəfər həlak olub. Hücumlar Kiyevlə yanaşı, ölkənin qərbində yerləşən Lvov şəhərinədəki əraziləri əhatə edib. Polşa təhlükəsizlik tədbirləri çərçivəsində hava məkanını qorumaq üçün qırıcı təyyarələrini havaya qaldırıb.

Rusiya ordusunun hücumları Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfərindən qayıtmasından sonra həyata keçirilib. Zelenski səfər zamanı ABŞ Prezidenti Donald Trampla görüşdüyünü və Ukraynaya “Patriot” raketləri istehsal etmək üçün lisenziyaların verilməsi barədə razılıq əldə olunduğunu bildirib.

Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı verilib. Kiyevdə partlayış səsləri eşidilib. Şəhər meri Vitali Kliçko bildirib ki, bir neçə qeyri-yaşayış obyektində yanğın baş verib.

Fövqəladə hallar xidmətinin məlumatına görə paytaxtda bir nəfər ölüb, iki nəfər yaralanıb.

Rusiya raketi Zelenskinin doğma şəhərinə zərbə endirib

Ukrayna Prezidenti Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roqda Rusiya raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 8 nəfər yaralanıb. Ölənlər arasında 5 və 12 yaşlı iki qız uşağının da olduğu bildirilib.

Şəhər Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul bildirib ki, zərbə Rusiyanın “İsgəndər-M” ballistik raketi ilə endirilib. Onun sözlərinə görə, raket Voronej vilayətindən buraxılıb və çoxuşaqlı ailənin yaşadığı evi vurub. Vilkul dağıntıların təmizlənməsindən sonra ölənlərin sayının arta biləcəyini qeyd edib.

Polşa sərhədinə yaxın Lvovda isə Rusiya raketlərinin iki yaşayış binasına zərbə endirməsi nəticəsində 15 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Ukraynanın Lvov şəhərində Rusiya raket zərbəsi nəticəsində zədələnən yaşayış binasının ərazisində xilasedicilər iş aparır. 30 iyul, 2026.
Reuters
Polşa Rusiya zərbələri fonunda qırıcı təyyarələrini havaya qaldırıb

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın böyük hücuma hazırlaşdığını bildirib. O qeyd edib ki, Ukrayna əhalisinin təhlükəsizliyi müttəfiqlərin hava hücumundan müdafiə sistemləri ilə bağlı qərarlarından asılıdır.

“Tərəfdaşlarımızın baş verənləri tam anlaması vacibdir. İnsanların həyatının qorunması birbaşa onların qərarlarından asılıdır”, - deyə Zelenski “Telegram” kanalında yazıb.

Polşa Silahlı Qüvvələri bildirib ki, Rusiya hava zərbələri zamanı ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün qırıcı təyyarələr havaya qaldırılıb.

“Wildberries” anbarlarına hücumlar davam edir

Rusiyanın aparıcı onlayn satış platforması “Wildberries”ə məxsus anbar Ukraynanın PUA hücumu nəticəsində yanıb. Hadisə Rusiyanın Penza şəhərində baş verib.

Vilayət qubernatoru Oleq Melnıçenko bildirib ki, hücum nəticəsində bir nəfər yaralanıb, təxminən 200 nəfər ərazidən təxliyə olunub.

“Wildberries” və yerli hakimiyyət orqanlarının məlumatına görə son vaxtlar şirkətin bir neçə anbarı PUA hücumlarından zərər görüb. Hücumlar nəticəsində şirkətin saxlama imkanlarının təxminən 10 faizinin itirildiyi və platformadan istifadə edən çoxsaylı kiçik biznesə ziyan dəydiyi bildirilib.

Rusiyanın “Sberbank”ı isə hücumların onlayn satış şirkətlərinə və onların təchizatçılarına maliyyə təsir göstərə biləcəyini açıqlayıb.

“Reuters” yayılan məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib. Rusiya və Ukrayna müharibə zamanı mülki əhalini hədəf aldıqlarını inkar edirlər.

Teqlər