UEFA-ya üvz 55 federasiya FIFA-nın turnirlərdə pay satışı planına görə qurumun bütün yarışlarını boykot etməklə hədələyib. Qərar iki qurum arasındakı fikir ayrılıqlarını daha da artırıb.
FIFA prezidenti Canni İnfantino Dünya Kuboku və digər FIFA turnirlərini idarə edəcək 20 milyard dollarlıq yeni qurum yaratmağı təklif edib. Plana əsasən, xarici investorlara həmin qurumda müəyyən payların verilməsi nəzərdə tutulur.
FIFA bildirib ki, planı təsdiqləyən 211 üzv federasiyanın hər birinə 40 milyon dollar ayrılacaq. Ödənişlərin 2027-ci ilin yanvarından başlanması gözlənilir.
UEFA isə bu plana qarşı çıxıb. Qurum hesab edir ki, özəl investorların turnirlərdə pay əldə etməsi futbolun gələcəyinə mənfi təsir göstərə bilər.
UEFA açıqlayıb ki, plan geri çəkilməyənədək heç bir milli komanda FIFA yarışlarında iştirak etməyəcək. Qurum bildirib ki, iştirak yalnız FIFA bu təşəbbüsdən tam imtina etdikdən sonra bərpa oluna bilər.
Beynəlxalq müqavimət artır
Boykot qərarı FIFA-nın qarşıdakı tədbirlərinə ciddi təsir göstərə bilər. Bunlara 2027-ci ildə Braziliyada keçiriləcək Qadınlar arasında Dünya Kuboku, həmçinin İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcəyi 2030-cu il Kişilər arasında Dünya Kuboku turniri də daxildir.
UEFA-nın mövqeyi digər regional futbol qurumları tərəfindən də dəstəklənib. Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsini təmsil edən CONCACAF öz iclasından sonra təklifi rədd edib. Qurum buna səbəb kimi şəffaflığın, düzgün idarəetmənin və məsləhətləşmələrin olmamasını göstərib.
Asiya Futbol Konfederasiyası (AFC) də FIFA-nı tənqid edib. Qurum bildirib ki, təklif açıqlanmamışdan əvvəl onlarla məsləhətləşmə aparılmayıb. AFC qeyd edib ki, belə böyük dəyişiklik bütün altı qitə futbol konfederasiyasının dəstəyi olmadan həyata keçirilə bilməz.
Bu arada, Afrika Futbol Konfederasiyasının (CAF) təklifi gələn həftə müzakirə edəcəyi gözlənilir. Okeaniya Futbol Konfederasiyası isə məsələni gələn ay nəzərdən keçirəcək.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Futbolçuların birliyi narahatlığını bildirib
Təklif futbolçuların nümayəndələri tərəfindən də tənqid olunub. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) bildirib ki, FIFA yarışlarında özəl mülkiyyətin tətbiqi beynəlxalq turnirlərin gələcəyinə təsir göstərə bilər.
UEFA, CONCACAF və AFC-nin bu plana qarşı birgə çıxışı son illərdə FIFA rəhbərliyi üçün ən böyük çağırışlardan biri hesab olunur. Bu etirazlar İnfantinonun investisiya planının gələcəyi ilə bağlı suallar yaradıb.
FIFA üçün gərgin dövr
Son qarşıdurma FIFA və onun prezidenti Canni İnfantinoya qarşı artan tənqidləri daha da gücləndirib. İnfantino beynəlxalq futbol təqviminin genişlənməsi və idmanın kommersiyalaşdırılması ilə bağlı tənqid olunur.
O, həmçinin ABŞ Prezidenti Donald Trampa açıq dəstək verdiyi üçün FIFA-nın siyasi neytrallıq qaydalarını pozmaqda ittiham edilir. Beynəlxalq Olimpiya Komitəsi (IOC) məsələni araşdırmaqdan imtina etsə də, UEFA-nın boykot hədəsi FIFA-nın idarəçiliyi və dünya futbolunun gələcəyi ilə bağlı narahatlıqları artırıb.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın