Tramp Qəzza üçün yeni sülh planını açıqlayıb

Tramp Qəzza üçün yeni sülh planını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda "Freedom Haulers" ilə bağlı açıqlama verir, 30 iyul 2026-cı il.
Reuters

Tramp "Truth Social" platformasında bildirib ki, bu razılaşma “davamlı sülh və təhlükəsizliyə doğru mühüm addım” olacaq və Qəzzanın idarəçiliyində yeni mərhələnin başlanmasına imkan verəcək.

ABŞ prezidentinin sözlərinə görə, plana əsasən, HƏMAS silahlarını mərhələli şəkildə təhvil verəcək, İsrail qüvvələri isə Qəzzadan mərhələlərlə çıxacaq. Yeni yaradılacaq Fələstin polisi ilə birlikdə Beynəlxalq Stabilizasiya Qüvvələri də fəaliyyət göstərəcək. Daha sonra ərazinin idarəçiliyi yeni Fələstin rəhbərliyinə veriləcək.

Tramp həmçinin Misir, Qətər və Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkür edib.

 

 
HƏMAS və İsraildən rəsmi təsdiq yoxdur

Trampın açıqlamasına baxmayaraq, nə HƏMAS, nə də İsrail razılaşmanın əldə olunduğunu rəsmi şəkildə təsdiqləməyib.

"Reuters" agentliyi xəbər verib ki, Qahirədə aparılan danışıqlarda son günlər nadir irəliləyiş əldə olunub. Lakin İsrail rəsmisi təklif olunan şərtlərin hələ də qənaətbəxş olmadığını bildirib. Bu isə əsas fikir ayrılıqlarının hələ də həll olunmadığını göstərir.

"Əl-Cəzirə" agentliyi isə HƏMAS-ın yüksəkvəzifəli nümayəndəsinin İsraillə münaqişəyə son qoymaq üçün razılaşma əldə edildiyini bildirdiyini yazıb. Lakin HƏMAS bu məlumatı təsdiqləyən rəsmi açıqlama verməyib.

Tərksilah əsas problem olaraq qalır

HƏMAS-ın hərbi qanadının gələcəyi Qəzzanın müharibədən sonrakı vəziyyəti ilə bağlı danışıqlarda əsas mübahisə mövzularından biri olaraq qalır.

ABŞ-nin dəstəklədiyi əvvəlki planlara görə, HƏMAS mərhələli şəkildə tərksilah edilməli, hərbi strukturları ləğv edilməli və təhlükəsizlik məsələləri Fələstinli texnokrat hökumətə verilməli idi. Bunun qarşılığında İsrail qüvvələrinin mərhələli şəkildə Qəzzadan çıxması və ərazinin idarəçiliyinin yeni Fələstin rəhbərliyinə verilməsi nəzərdə tutulurdu.

İsrail bildirir ki, müharibənin başa çatması üçün HƏMAS tamamilə tərksilah edilməlidir. HƏMAS isə İsrailin tam geri çəkilməsi və uzunmüddətli siyasi razılaşma olmadan silahlarını təhvil verməyəcəyini açıqlayıb.

Teqlər