Tramp: "ABŞ Ukraynanın “Patriot” raketləri istehsal etməsinə razılıq verməyib"

Tramp: "ABŞ Ukraynanın “Patriot” raketləri istehsal etməsinə razılıq verməyib"
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada “Patriot” zenit-raket kompleksinin qarşısında dayanıb, 11 iyun 2024-cü il.
Reuters

Donald Tramp Ukraynaya “Patriot” sistemləri üçün tutucu raketlərin istehsalına icazə verilmədiyini bildirib.

Ağ Evin rəhbəri iyulun 31-də Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında məsələ ilə bağlı danışıqların davam etdiyini deyib. O, ABŞ-nin qabaqcıl raket texnologiyalarının paylaşılmasının həssas məsələ olduğunu vurğulayıb.

“Biz buna razılıq verməmişik. Məsələni müzakirə edirik, lakin belə bir texnologiyanı vermək çətindir. Çox ehtiyatlı olmaq lazımdır”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski əlavə “Patriot” sistemləri və “Tomahawk” raketləri istəyib. Tramp “Tomahawk”ı hücum silahı, “Patriot”u isə müdafiə sistemi adlandırıb.

Bu açıqlama Trampın iyulda Türkiyədə keçirilən NATO sammitində verdiyi bəyanatdan fərqlənir. Həmin vaxt o, Ukraynaya “Patriot PAC-3” tutucu raketlərini ölkə daxilində istehsal etmək üçün lisenziya veriləcəyini bildirmişdi.

Danışıqlar davam edir

Rusiya Ukrayna şəhərlərinə raket və dron hücumlarını artırdığı üçün rəsmi Kiyev “Patriot” raketlərinin birgə istehsalına icazə almağa çalışır.

“Patriot” Rusiyanın ballistik raketlərinə qarşı effektivliyini sübut etmiş Ukraynanın əsas müdafiə sistemidir. Lakin sistemlərin və raketlərin sayı məhduddur.

Trampın açıqlamasına baxmayaraq, tərəflər arasında danışıqlar davam edir. Ukrayna rəsmiləri son həftələrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) nümayəndələri və müdafiə şirkətlərinin rəhbərləri ilə görüşüblər.

Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişına iyulun 30-da bildirib ki, “PAC-3” raketlərinin istehsalçısı “Lockheed Martin” Ukrayna ilə əməkdaşlığı genişləndirmək istəyir.

Onun sözlərinə görə, şirkət rəhbərləri Volodimir Zelenski ilə görüşüb və yaxın vaxtlarda Ukraynaya səfər etməyi planlaşdırırlar.


 

Teqlər