"Hörümçək adam"ın yeni filmi tarixə düşdü: İlk həftəsonunda 927 milyon dollar gəlir

"Hörümçək adam"ın yeni filmi tarixə düşdü: İlk həftəsonunda 927 milyon dollar gəlir
“Spider-Man: Brand New Day” filminin aktyoru Tom Holland ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya premyerasında iştirak edir, 27 iyul 2026-cı il.
Reuters

“Spider-Man: Brand New Day” filmi ilk həftəsonunda dünya üzrə 927 milyon dollar gəlir əldə edib. Film “Avengers: Endgame”dən sonra həm dünya, həm də ABŞ və Kanada kinoprokatında ikinci ən böyük açılışa imza atıb.

Ekran əsəri ABŞ və Kanadada 355 milyon, digər ölkələrdə isə 572 milyon dollar gəlir götürüb. Xarici bazarlarda 121 milyon dollarlıq bilet satışı ilə Çin birinci yerdə olub.

“Rentrak”ın məlumatına görə, film ABŞ və Kanadada COVID-19 pandemiyasından sonrakı ən böyük kinoprokat açılışını gerçəkləşdirib.

Film dostluq və tənhalıq mövzularına toxunur

Filmdə Piter Parker artıq heç kimin onun "Hörümçək adam" olduğunu xatırlamadığı dünyada cinayətkarlıqla mübarizə aparır. Süjetdə onun tənhalığı və insanlarla yenidən münasibət qurmaq cəhdləri də əks olunur.

“Sony Pictures Motion Picture Group”un baş icraçı direktoru Tom Rotman bildirib ki, dostluq və insanlar arasındakı əlaqələr mövzusu bütün yaş qruplarından olan tamaşaçılara yaxındır.

Filmi tənqidçilər və tamaşaçılar maraqla qarşılayıblar. “Rotten Tomatoes” platformasında film tənqidçilərdən 90, tamaşaçılardan isə 98 faiz qiymət alıb.

Əyləncə sənayesi üzrə analitik Qreq Dörkinin sözlərinə görə, tənhalıq, təcrid və dostluq mövzuları xüsusilə gənc tamaşaçıların marağına səbəb olub. O, bildirib ki, film Z nəslinin bir çox nümayəndəsinin üzləşdiyi problemlərə toxunur.

Rejissor Destin Daniel Kretton “Spider-Man: Brand New Day” filminin dünya premyerasında aktyor heyətinin üzvləri ilə birlikdə foto çəkdirir, Los-Anceles, Kaliforniya, ABŞ, 27 iyul 2026

Reuters
Yay kinoprokatında rekord qeydə alınıb

Filmin uğurlu debütü “Toy Story 5” və “The Odyssey” kimi ekran əsərlərinin nümayiş olunduğu yay kinomövsümünə əlavə təkan verib.

“Rentrak”ın nümayəndəsi Pol Derqarabedian bildirib ki, “Spider-Man: Brand New Day” və “The Odyssey” filmlərinin uğuru ABŞ və Kanadada kinoprokat tarixinin ən yüksək həftəsonu gəlirinin qeydə alınmasına səbəb olub.

Onun sözlərinə görə, Hörümçək-adam “Marvel”in ən populyar qəhrəmanlarından biri olaraq qalır. Film seriyasının dünya üzrə kinoteatr bilet satışından əldə etdiyi ümumi gəlir 10 milyard dollara yaxınlaşıb.

Filmin aktyoru Sadi Sink “Spider-Man: Brand New Day” filminin dünya premyerasında iştirak edir, Los-Anceles, Kaliforniya, ABŞ, 27 iyul 2026-cı il.

Reuters

Son artıma baxmayaraq, ABŞ və Kanadada kinoprokat gəlirləri hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. İlin əvvəlindən əldə olunan gəlir ötən ilin eyni dövründən 10 faiz çox, 2019-cu ilin göstəricisindən isə 16 faiz azdır.

Teqlər