İndoneziyada Madura adası sahillərində sərnişin bərəsinin yanmasından sonra itkin düşən 28 nəfərin axtarışı davam edir.
Göyərtəsində 271 nəfər olan “KM Mutiara Sentosa” bərəsində Surabayadan Makassara hərəkət edərkən yanğın baş verib.
Yerli rəsmilərin məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub, 238 nəfər isə xilas edilib.
Axtarış əməliyyatına polis, Milli Axtarış və Xilasetmə Agentliyi və Hərbi Dəniz Qüvvələri cəlb olunub. Əməliyyatda yeddi gəmi və bir helikopter iştirak edir.
Axtarışlar yanğının başladığı ərazidən şərqə və qərbə doğru təxminən 16 kilometrlik sahədə aparılır. Əməliyyatın bir həftə davam edəcəyi, zərurət yaranarsa, daha iki həftə müddətinə uzadılacağı bildirilir.
Yanğının səbəbi hələ müəyyənləşməyib.
Xilas edilənlər avqustun 3-də səhər Surabayadakı “Gapura Surya Nusantara” dəniz sərnişin terminalına çatdırılıb. Onların yaxınları əvvəlki axşamdan limanda gözləyiblər.
Təxminən 17 min adadan ibarət İndoneziyada bərələr əsas nəqliyyat vasitələrindən biridir. Lakin ölkədə təhlükəsizlik qaydalarına nəzarətin zəif olması səbəbindən dəniz qəzaları tez-tez baş verir.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın