Cənubi Koreya 16 nəfərin ölümündən sonra istilərlə mübarizə tədbirlərini gücləndirir

Cənubi Koreya 16 nəfərin ölümündən sonra istilərlə mübarizə tədbirlərini gücləndirir
Uşaqlar Cənubi Koreyanın Seul şəhərində isti hava şəraitində sərinləmək üçün Han çayı sahilindəki ictimai su meydanında yerləşən fəvvarədə oynayırlar, 31 iyul, 2026
Reuters

Cənubi Koreya Prezidenti Li Çje Mön rekord həddə çatan istilərdən zərər çəkən insanlara dəstəyin artırılmasına çağırıb. Ölkədə isti hava səbəbindən ölənlərin sayı 16-ya çatıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən Li rəsmilərə əhalinin təhlükəsizliyini təmin etməyi və kondisionerlərdən istifadənin artması fonunda elektrik təchizatı sistemlərini yoxlamağı tapşırıb.

Meteorologiya xidmətinin məlumatına görə, avqustun 2-də ölkənin cənub-şərqindəki Yansan şəhərində temperatur 42,5 dərəcəyə çatıb. Bu, Cənubi Koreyada 122 illik meteoroloji müşahidələr dövründə qeydə alınan ən yüksək temperaturdur.

Avqustun 3-də Seulun bəzi hissələrində və qonşu Kyonqgi vilayətində güclü istilərlə bağlı xəbərdarlıq elan edilib. Ertəsi gün xəbərdarlıq bütün paytaxta şamil olunub.

Reuters
Seulda ilk dəfə kəskin istilərlə bağlı xəbərdarlıq

Avqustun 4-də bu xəbərdarlıq ilk dəfə Seulda elan edilib. Şəhərdə temperaturun 38 dərəcəyə çatacağı gözlənilir.

Xəbərdarlıq Qanqnam, Sonqpa, Qanso və Qvanak da daxil olmaqla, 11 rayonda qüvvəyə minib. İyunda tətbiq edilən yeni sistemə əsasən, hiss olunan temperatur azı 38 dərəcəyə çatdıqda və ya günün ən yüksək temperaturu 39 dərəcəni keçdikdə belə xəbərdarlıq elan olunur.

Hökumətin məlumatına görə, avqustun 3-də Seulda isti hava ilə əlaqədar 18 xəstəlik halı qeydə alınıb. Mayın ortalarından bəri paytaxtda belə halların sayı 185-ə çatıb, iki nəfər isə ölüb.

İctimai və sosial xidmət mərkəzləri də daxil olmaqla, təxminən 4 min obyekt sərinləmə məntəqəsi kimi müəyyən edilib.

Daxili İşlər Nazirliyi sakinlərə zərurət olmadıqda açıq havaya çıxmamağı, kifayət qədər su içməyi, sərin yerlərdə dincəlməyi və yaxınlarının vəziyyəti ilə maraqlanmağı tövsiyə edib.

Teqlər