Aİ Seutaya miqrant axınından sonra sərhəd nəzarətini və Mərakeşə dəstəyi artırmağa çağırır

Aİ Seutaya miqrant axınından sonra sərhəd nəzarətini və Mərakeşə dəstəyi artırmağa çağırır
Mərakeşdən İspaniya ərazisinə kütləvi keçidlərdən sonra miqrantlar Seutada Qırmızı Xaçın ərzaq paylamasını gözləyirlər. İspaniya, 3 avqust 2026.
Reuters

Ötən həftə İspaniyanın Seuta eksklavına təxminən 50 min miqrant gəlib. Bundan sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin gücləndirilməsini və Mərakeşə dəstəyin artırılmasını təklif edib.

Miqrantların kütləvi keçidi iyulun 30-da Aİ-nin Afrika ilə iki quru sərhədindən birində başlayıb. Digər sərhəd Mərakeşlə İspaniyanın Melilya eksklavı arasındadır. Qısa müddətdə çoxlu miqrantın gəlməsi Aİ ölkələrində narahatlıq yaradıb.

Miqrasiya 2015–2016-cı illərdəki böhrandan bəri Aİ daxilində ən çox fikir ayrılığı yaradan məsələlərdən biridir. Həmin dövrdə əksəriyyəti Suriyadakı müharibədən qaçan bir milyondan çox insan Avropaya gəlmişdi. Bu vəziyyət miqrasiya əleyhinə və ifrat sağçı partiyalara dəstəyi artırmışdı.

Aİ Mərakeşi strateji tərəfdaş hesab edir

Aİ nizamsız miqrasiyanı azaltmaq üçün Şimali Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir.

“Mərakeş, xüsusilə miqrant qaçaqmalçılığına və qanunsuz miqrasiyaya qarşı mübarizədə mühüm strateji tərəfdaşdır”, – fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ Seuta və Melilyada sərhəd nəzarətini və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirmək üçün İspaniya ilə əməkdaşlığı genişləndirə bilər. Mərakeşə texniki və maliyyə dəstəyinin artırılması da nəzərdə tutulur.

Seuta Aİ-nin Miqrasiya Paktını sınağa çəkir

Mərakeş bildirib ki, Seuta və Melilyaya kütləvi keçidlərə sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, insan alveri şəbəkələri və İspaniya məhkəməsinin qərarının yanlış başa düşülməsi səbəb olub.

Məlumata görə, sərhədi keçənlərin əksəriyyəti ərzaq və yardım tapa bilmədiyi üçün sonradan Mərakeşə qayıdıb.

Şengen qaydaları Seutaya şamil olunmasa da, İtaliya İspaniya ilə pasportsuz gediş-gəlişi bir ay müddətinə dayandırıb. Aİ-nin 27 üzvündən 22-si isə ittifaqın xarici sərhədlərinin gücləndirilməsi üçün birgə tədbirlər görməyə çağırıb.

Seutada baş verənlər iyunda qüvvəyə minən Aİ Miqrasiya Paktının ilk böyük sınağıdır. Pakt ümumi miqrasiya qaydalarının tətbiqini və üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsini nəzərdə tutur.

“Paktın məqsədi Aİ üzvləri arasında nəzarəti və həmrəyliyi təmin etməkdir. Lakin biz bunun əksini gördük”, – Qarışıq Miqrasiya Mərkəzinin direktoru Bram Frouvs bildirib.

Onun sözlərinə görə, pakt ilk böyük sınağında nəticə verməsə, Avropa liderlərinə inam azala, ifrat sağçı qüvvələr isə güclənə bilər.

Bir sıra Aİ ölkələrində seçkilərin yaxınlaşdığı bir vaxtda miqrasiya ittifaqın ən həssas siyasi məsələlərindən biri olaraq qalır.

Tənqidçilər hesab edirlər ki, miqrasiyaya nəzarətdə tranzit ölkələrdən asılılıq Avropanı siyasi təzyiq qarşısında həssas vəziyyətə sala bilər. Bu ölkələr siyasi və ya iqtisadi güzəştlər əldə etmək üçün sərhəd məhdudiyyətlərini yumşalda və ya bununla hədələyə bilərlər.

“Avropanın miqrasiyaya nəzarətdə qonşu ölkələrdən artan asılılığı qısa müddətdə miqrant axınını azalda bilər. Lakin bu, həmin ölkələrə Avropaya siyasi təzyiq göstərmək imkanı da verə bilər”, – Avropa Siyasət Mərkəzinin baş siyasət analitiki Alberto-Horst Neidhardt bildirib.

Teqlər