Vaşinqton ştatındakı meşə yanğınları 64 mindən çox sakinin təxliyəsi ilə nəticələnib

Vaşinqton ştatındakı meşə yanğınları 64 mindən çox sakinin təxliyəsi ilə nəticələnib
ABŞ-nin Vaşinqton ştatının Spokan şəhərində “Old Trails” yanğını nəticəsində külə dönmüş yaşayış məhəlləsində cırılmış ABŞ bayrağı dalğalanır. 3 avqust 2026
Reuters

ABŞ-nin Vaşinqton ştatının Spokan şəhəri yaxınlığında baş verən meşə yanğınları azı 700 tikilini məhv edib.

On minlərlə insan ərazidən təxliyə olunub. Rəsmilərin məlumatına görə, ştatın ikinci ən böyük şəhəri ətrafında üç yanğın üçüncü gündür davam edir.

Spokan ətrafındakı yanğınlar hazırda ABŞ-də yanğınsöndürmə xidmətlərinin əsas prioritetidir. Quraqlığın hökm sürdüyü Sakit okeanın şimal-qərb bölgəsində həftələrdir onlarla böyük meşə yanğını davam edir.

Avqustun 1-də Spokanın şimalında başlayan yanğınlar 8 min akrdan çox, təxminən 3200 hektar ərazini əhatə edib. Təxminən 230 min nəfərin yaşadığı şəhərin mərkəzindən 10 kilometr aralıdakı meşəliklər də alova bürünüb.

Hadisələrin idarə olunması mərkəzinin sözçüsü Benjamin Cosselin məlumatına görə, avqustun 3-də təxminən 64 min nəfərin dərhal təxliyə olunmasına göstəriş verilib. Bir gün əvvəl bu rəqəm 4 min idi.

Yanğınların səbəbi araşdırılır.

İndiyədək itki qeydə alınmayıb

Cossel bildirib ki, indiyədək ölən və ya xəsarət alan olmayıb. Lakin vəziyyət dəyişə bilər.

Avqustun 3-də Spokan ətrafındakı yanğınlarla təxminən 1100 yanğınsöndürən mübarizə aparıb. ABŞ üzrə isə meşə yanğınlarının söndürülməsinə 29200-dən çox əməkdaş cəlb olunub. Onların böyük hissəsi Oreqon, Vaşinqton və Aydaho ştatlarında çalışır.

Spokan ətrafındakı yanğınlar Vaşinqton ştatında davam edən 15 böyük yanğın ocağından biridir. Ştatın İctimai Torpaqlar üzrə komissarı Deyv Aptheqrovun məlumatına görə, ümumilikdə 250 min akrdan çox ərazi yanır.

Kanadanın Britaniya Kolumbiyası əyalətində də meşə yanğınları davam edir. Rekord səviyyəli quraqlıq alovun sürətlə yayılmasına səbəb olur.

Teqlər