Dünyanın üçüncü ən kiçik ölkəsi adını dəyişib

Dünyanın üçüncü ən kiçik ölkəsi adını dəyişib
Naoeronun bayrağını göstərən süni intellektlə yaradılmış görüntü. 3 avqust 2026-cı il.
Government of the Republic of Naoero

Dünyanın üçüncü ən kiçik ölkəsi Nauru adını Naoero olaraq dəyişib. Bu barədə Sakit okeanda yerləşən ada dövlətinin Prezidenti Devid Adeanq bildirib.

Yeni ad ölkənin milli dilindəki yazılış və tələffüz formasına uyğundur.

Bu dəyişikliklə ölkənin müstəmləkəçilikdən əvvəlki adı bərpa edilib. Həmin ad vaxtilə əcnəbilər onu tələffüz etməkdə çətinlik çəkdikləri üçün dəyişdirilmişdi. Ölkənin beynəlxalq kodu NRU-dan NRO-ya dəyişdiriləcək, vətəndaşları isə “naurulu” əvəzinə “dei-Naoero” adlandırılacaq. Naoero sözünün ingilis dilində təxmini qarşılığı “Mən çimərliyə gedirəm” ifadəsidir.

Prezident referendumdan imtina edib

Prezident bildirib ki, məsələ ilə bağlı ümumxalq referendumunun keçirilməsi planı ləğv edilib. Buna səbəb Naoeronun yeni ad deyil, ölkənin tarixi adı olmasıdır.

Naoero Prezidenti Devid Adeanq 25 yanvar 2025-ci ildə ölkədə keçirilən tədbirdə çıxış edir.
Government of the Republic of Naoero

“Bu ad artıq xalqın kimliyinin bir hissəsidir. Dövlət gerbində əks olunub, əhali arasında işlədilir və Konstitusiyaya uyğundur”, – Prezident “Naoero Respublikası Hökuməti” adlandırılan "Facebook" səhifəsində yayımlanan açıqlamada bildirib.

“Referendum xalqın iradəsini müəyyənləşdirmək üçün keçirilir. Lakin Naoero adı heç vaxt unudulmayıb, sadəcə, onun rəsmi şəkildə qəbul edilməsi gözlənilib”, – o əlavə edib.

Təxminən 12 min əhalisi olan Naoero, Tuvalu və Vatikandan sonra əhalisinin sayına görə dünyanın üçüncü ən kiçik ölkəsidir.

Müstəmləkəçilikdən müstəqilliyə

Ada XIX əsrin sonlarında Almaniyanın müstəmləkəsinə çevrilib. Birinci Dünya müharibəsi zamanı isə Avstraliya tərəfindən işğal olunub. Avstraliya adanı 1942-ci ilədək idarə edib. Həmin il Yaponiya qüvvələri adanı ələ keçirib. İkinci Dünya müharibəsindən sonra ada Avstraliya, Birləşmiş Krallıq və Yeni Zelandiyanın birgə idarəçiliyinə qaytarılıb. Ölkə 1968-ci ildə müstəqillik qazanıb.

Fosfat hasilatı Naoeronu qısa müddətə adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən birinə çevirib. Lakin 1990-cı illərdə ehtiyatlar demək olar ki, tükənib və ölkə iqtisadi çöküş həddinə çatıb.

Naoero müstəmləkəçilikdən əvvəlki adına qayıdan ölkələr sırasına qoşulub. 

Müstəmləkə dövründən qalan adlarını qoruyan ölkələr də var. Filippin İspaniya kralı II Filippin şərəfinə adlandırılıb. Portuqal mənşəli “Syerra-Leone” adı isə ingilis dilinə hərfi tərcümədə “Aslan dağları” deməkdir.

Teqlər