Tramp neft şirkətlərini yanacağı ucuzlaşdırmağa çağırıb

Tramp neft şirkətlərini yanacağı ucuzlaşdırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırır. Vaşinqton, ABŞ, 3 avqust 2026-cı il. Reuters.
Reuters

ABŞ Prezidenti Donald Tramp "Chevron" və "Exxon Mobil" də daxil olmaqla, iri neft şirkətlərini həddindən artıq mənfəət əldə etməkdə ittiham edib. O, bu açıqlamanı İranla gərginliyin yenidən artması fonunda dünya bazarlarında enerji qiymətlərinin yüksəldiyi bir vaxtda verib.

Yaxın Şərqdə neft tədarükü marşrutlarında yaranan çətinliklərə baxmayaraq, xam neft və qazın bahalaşması dünyanın ən böyük enerji şirkətlərindən bəzilərinin ikinci rübdə yüksək mənfəət əldə etməsinə imkan yaradıb.

“Onlar həddindən artıq çox pul qazanırlar. Qıtlıqdan istifadə edərək çox böyük gəlir əldə edirlər. Bu, mənim xoşuma gəlmir”, – Tramp jurnalistlərə bildirib.

"Aramco"nun mənfəəti 44 faiz artıb

Səudiyyə Ərəbistanının neft nəhəngi "Aramco" ikinci rübdə xalis mənfəətinin 44 faiz artaraq 32,69 milyard dollara çatdığını açıqlayıb. Xam neftin, emal olunmuş neft məhsullarının və kimyəvi maddələrin bahalaşması regional münaqişənin mənfi təsirlərini kompensasiya edib.

Şirkət Hörmüz boğazında gəmi hərəkətinin pozulmasına baxmayaraq, tədarükün etibarlılıq səviyyəsini 98,4 faizdə saxladığını bildirib.

"Aramco"nun baş icraçı direktoru Amin Nasserin sözlərinə görə, şirkət Şərq–Qərb boru kəmərindən, anbarlardan və ixrac terminallarından istifadə edərək neft ixracını davam etdirib.

Nefti Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına daşıyan bu boru kəməri ABŞ və İsrailin İranla müharibəsinin qlobal enerji bazarlarında tarixinin ən böyük təchizat pozuntusuna səbəb olmasından sonra mühüm alternativ marşruta çevrilib.

Lakin "Aramco" bildirib ki, İranın dəstəklədiyi husi qüvvələrinin ötən ay Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki neft sənayesini blokadaya aldıqlarını elan etməsindən sonra bu marşrut da təzyiqlə üzləşib.

BP-nin mənfəəti iki dəfədən çox artıb

Enerji sektorunda mənfəət artımı yalnız Səudiyyə Ərəbistanı ilə məhdudlaşmayıb.

Birləşmiş Krallığın enerji şirkəti BP ikinci rübdə əsas fəaliyyət üzrə əvəzetmə dəyəri mənfəətinin iki dəfədən çox artaraq 5,73 milyard dollara çatdığını bildirib.

Şirkət dividend ödənişlərini də artırıb. BP, həmçinin ABŞ-dəkı bioqaz biznesinin planlaşdırılan satışı da daxil olmaqla, bir sıra aktivlərini sataraq portfelinin yenidən qurulmasını davam etdirib.

Tramp yanacağın ucuzlaşdırılmasına çağırıb

Tramp bildirib ki, neft şirkətləri pərakəndə yanacaq qiymətlərini aşağı salmaqla əldə etdikləri mənfəətin bir hissəsini istehlakçılara qaytarmalıdır.

ABŞ Prezidenti xüsusilə "Chevron" və "Exxon Mobil" şirkətlərini həddindən artıq mənfəət əldə etməkdə ittiham edib. Onun sözlərinə görə, şirkətlərdən biri ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə çox qazanıb.

“İranla məsələni həll etdikdən sonra qiymətlərin kəskin şəkildə aşağı düşdüyünü görəcəksiniz”, – Tramp bildirib.

“Lakin onlar həddindən artıq çox pul qazanıblar. "Chevron" da, "Exxon Mobil" də çox böyük gəlir əldə edib. Bir şirkətin əvvəlki illə müqayisədə 12 dəfə çox qazandığını görürük. Onlar bu gəlirin bir hissəsini ictimaiyyətə qaytarmalı, pərakəndə satış qiymətlərini, yəni istehlakçıların ödədiyi qiymətləri azaltmalıdırlar”, – o əlavə edib.

Tramp Birləşmiş Krallığı Şimal dənizində hasilatı artırmağa çağırıb

Tramp Birləşmiş Krallığı Şimal dənizində enerji hasilatını genişləndirməyə çağırıb. O bildirib ki, bu addım ölkə iqtisadiyyatını gücləndirə bilər.

“Şimal dənizini enerji hasilatına açsanız, varlı ölkəyə çevriləcəksiniz. Bağlı saxlasanız, müflis olacaqsınız. Əslində, hazırda vəziyyətiniz belədir. Mahiyyət etibarilə, müflis ölkəsiniz”, – Tramp deyib.

Son maliyyə nəticələri enerji sektorunun tədarük marşrutlarındakı çətinliklərə və dəyişkən qlobal bazar şəraitinə uyğunlaşa bildiyini göstərir. Bununla yanaşı, yanacağın bahalaşması və şirkətlərin mənfəətinin artması siyasi tənqidlərə səbəb olmaqda davam edir.

Teqlər