ABŞ diplomatik gərginlik fonunda Braziliya səfirinin vizasını ləğv edib

ABŞ diplomatik gərginlik fonunda Braziliya səfirinin vizasını ləğv edib
Donald Tramp və Luiz İnasio Lula da Silva Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammiti çərçivəsində görüşürlər. Kuala-Lumpur, Malayziya, 26 oktyabr 2025.
Reuters

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeyro Viottinin vizasını ləğv edib. Bu addım iki ölkə arasında səfir təyinatları və diplomatlara münasibətlə bağlı yaranan gərginliyi daha da artırıb.

Viottidən ABŞ-ni tərk etmək tələb olunmayıb. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, diplomatik fikir ayrılığı həll olunarsa, səfirin vizası bərpa ediləcək.

Mübahisə Braziliyanın Prezident Donald Trampın ABŞ-nin bu ölkədəki səfiri vəzifəsinə irəli sürdüyü namizədə rəsmi razılıq – aqreman verməməsi ilə bağlıdır.

Rəsmi Vaşinqton, həmçinin Braziliyanı bir neçə amerikalı diplomata viza verməməkdə ittiham edib. ABŞ həftələrlə davam edən nəticəsiz danışıqlardan sonra cavab tədbiri gördüyünü açıqlayıb.

Braziliya səfirinin vizasının ləğvinə hələlik açıq münasibət bildirməyib.

Gərginlik artır

ABŞ ilə Braziliya arasında münasibətlər son aylarda daha da gərginləşib.

Ötən ay Braziliya ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun əməkdaşlarına viza verməkdən imtina edib. Braziliya rəsmiləri onların planlaşdırılan səfərinin oktyabr seçkiləri ərəfəsində ölkənin seçki sisteminə müdaxilə etmək məqsədi daşıdığını bildiriblər.

Diplomatik qarşıdurma Donald Tramp administrasiyası ilə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva arasında digər məsələlər ətrafında yaranan fikir ayrılıqları fonunda baş verir. ABŞ rəsmiləri Lula hökumətini mühafizəkar fikirləri məhdudlaşdırmaqda və məhkəmə proseslərinə təsir göstərməkdə ittiham edirlər.

Braziliya ittihamları rədd edərək rəsmi Vaşinqtonu Latın Amerikasındakı siyasi proseslərə təsir göstərməyə çalışmaqda günahlandırıb.

Son gərginliyə baxmayaraq, ABŞ Dövlət Departamenti münasibətləri normallaşdırmaq istədiyini bildirib.

“Biz həmkarlarımızla normal, səmərəli və şəffaf münasibətlərə qayıtmaq istəyirik”, – deyə departament rəsmisi bildirib.

Teqlər