Kim Çen Inın bacısı Yaponiyaya xəbərdarlıq edib

Kim Çen Inın bacısı Yaponiyaya xəbərdarlıq edib
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Rusiyanın Amur vilayətindəki “Vostoçnı” kosmodromunda, 13 sentyabr 2023
Reuters

“Reuters”in məlumatına görə, Yaponiya ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketini sınaqdan keçirdikdən sonra Şimali Koreya yeni hərbi addımlar ata biləcəyinə işarə edib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyasının Ümumi işlər şöbəsinin rəhbəri Kim Yo Çjon Yaponiyanın hərbi dövlətə çevrildiyini bildirib. O, rəsmi Pxenyanın buna cavab olaraq əlavə hərbi variantlara əl ata biləcəyi barədə xəbərdarlıq edib.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bəyanatı avqustun 5-də yayıb. Bəyanat Yaponiya Sakit okeanda “Çokay” adlı “Aegis” sistemli esminesindən “Tomahawk” raketini sınaqdan keçirdikdən sonra verilib.

Kim Yaponiyanı müdafiə mövqeyindən uzaqlaşmaqda, qabaqlayıcı zərbələr endirmək və xaricdə hərbi əməliyyatlar aparmaq imkanlarını artırmaqda ittiham edib. O, həmçinin rəsmi Tokionun digər raket sınaqlarına və mayda Filippində ABŞ-nin rəhbərliyi ilə keçirilən birgə hərbi təlimdə iştirakına diqqət çəkib.

“Biz Yaponiyanı peşman etməliyik”, – deyə Kim bildirib. Onun sözlərinə görə, Şimali Koreya elə cavab verəcək ki, Yaponiya təhlükəsizliyinin daha böyük risk altında olduğunu hiss edəcək.

ABŞ-nin rolu tənqid olunur

Kim ABŞ-ni Yaponiyaya “Tomahawk” raketləri verməklə, gəmiləri bu raketlərə uyğunlaşdırmaqla və sınaqları dəstəkləməklə Yaponiyanın hərbi gücünü artırmaqda ittiham edib.

“Yaponiyanın bu cür təhlükəli hərbi addımlarının arxasında ABŞ dayanır”, – deyə o bildirib.

Kim bildirib ki, Yaponiyanın uzaqmənzilli zərbə imkanları Şimali Koreyanı və digər qonşu ölkələri zərbə məsafəsində saxlayır.

Analitiklər yeni hərbi sınaqların keçiriləcəyini istisna etmirlər

KCNA iyuldan bəri ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi fəaliyyətlərini tənqid edən azı altı məqalə və şərh yayımlayıb. Rəsmi Pxenyan bu fəaliyyətlərin regional təhlükəsizliyi təhdid etdiyini və Koreya yarımadasında gərginliyi artırdığını bildirir.

Analitiklərin fikrincə, Şimali Koreya Yaponiyanın hərbi modernləşməsini birbaşa təhlükə kimi göstərməklə öz silah proqramına haqq qazandırmağa çalışır.

Şimali Koreya Araşdırmaları Universitetinin professoru Yan Mu Cin bildirib ki, rəsmi Pxenyan Tokionun addımlarını ABŞ-nin regiondakı müttəfiqlərini hərbi baxımdan gücləndirmək siyasətinin bir hissəsi kimi təqdim edir. 

Kyonqnam Universitetinin professoru Lim İl Çulun sözlərinə görə, bu açıqlamalar gələcək raket sınaqlarına, sualtı zərbə imkanlarının və ya digər hərbi vasitələrin nümayişinə zəmin yarada bilər.

Teqlər