ABŞ-nin Nyu-Meksiko ştatı ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib

ABŞ-nin Nyu-Meksiko ştatı ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib
Qadınlar Beynəlxalq Qadınlar Günündə Nyu-Meksikodakı “Zorro Ranch” rançosunun girişindəki xatirə guşəsinin yanında əyləşiblər, 8 mart, 2026
Reuters

ABŞ-nin Nyu-Meksiko ştatı ölkənin Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. Ştat bildirir ki, federal qurum cinsi xarakterli cinayətlərə görə məhkum olunmuş Ceffri Epşteynlə bağlı sənədlərin məxfiləşdirilməmiş tam versiyasını təqdim etmir.

Nyu-Meksiko ştatı qurumu yenidən başladılan cinayət istintaqına mane olmaqda da ittiham edir.

Demokratların rəhbərlik etdiyi ştat fevral ayında istintaqı yenidən açıb. Nyu-Meksiko rəsmiləri Epşteynin ştatın Stenli yaşayış məntəqəsi yaxınlığındakı “Zorro Ranch” mülkünə səfər edən şəxsləri, orada çalışan əməkdaşları və mümkün şahidləri müəyyənləşdirməyə imkan verə biləcək sənədlərə çıxış əldə etməyə çalışırlar.

Ştat rəsmilərinin sözlərinə görə, həmin sənədlər mülkdə törədildiyi iddia olunan cinayətlərdə başqa şəxslərin iştirak edib-etmədiyini və ya hadisələrə şahid olub-olmadığını müəyyənləşdirmək üçün vacibdir.

Dron görüntüsündə ABŞ-ın Nyu-Meksiko ştatının Stenli yaşayış məntəqəsi yaxınlığında yerləşən və əvvəllər Ceffri Epşteynə məxsus olmuş “Zorro Ranch” rançosu görünür, 8 mart, 2026.
Reuters
 

İddia ərizəsində Vaşinqtondakı federal məhkəmədən baş prokuror vəzifəsini icra edən Todd Blanşın tələb olunan sənədləri təqdim etməsi barədə qərar çıxarması istənilir.

ABŞ Ədliyyə Nazirliyi bəzi materialları artıq Nyu-Meksiko rəsmiləri ilə bölüşdüyünü, digər sənədləri isə zərərçəkənlərin hüquqlarının qorunmasına dair hüquqi məhdudiyyətlərə görə açıqlaya bilmədiyini bildirib.

Nazirliyin sözçüsü bildirib ki, qanun və məhkəmə qərarları zərərçəkənlərin kimliyini üzə çıxara biləcək məlumatların açıqlanmasına icazə vermir.

“Nyu-Meksiko bu qədər geniş məlumatın açıqlanmasını əsaslandıracaq heç bir hüquqi səbəb təqdim etməyib”, – sözçü bildirib.

Prokurorlar əsas sübutların hələ də çatışmadığını bildirirlər

Nyu-Meksiko ştatının baş prokuroru Raul Torrez istintaq orqanlarının bu işə böyük resurslar ayırdığını, lakin federal sənədləri hələ də gözlədikləri üçün heç kimə qarşı ittiham irəli sürmədiklərini bildirib.

“Heç kimə qarşı ittiham irəli sürməmişik, çünki bunu etməzdən əvvəl həmin sənədləri görməliyik”, – Torrez deyib.

Ştat rəsmiləri ABŞ Ədliyyə Nazirliyini 2019-cu ildə əldə edilmiş razılaşmaya əməl etməməkdə də ittiham edirlər. Həmin razılaşmaya əsasən, Nyu-Meksiko ştatı öz istintaqını dayandırmış və məlumat mübadiləsinin davam etdirilməsi müqabilində sübutları federal prokurorlara təhvil vermişdi.

Torrez daha əvvəl bildirmişdi ki, hadisələrdən uzun müddət keçməsi, “Zorro Ranch” mülkünün 2023-cü ildə satılmasından sonra sübutların yoxa çıxması və hüquqi yurisdiksiya ilə bağlı suallar istintaqı çətinləşdirir.

Ayrı araşdırma yeni iddiaları üzə çıxarıb

Məhkəmə iddiası Nyu-Meksiko qanunvericilərinin Epşteynin ştatdakı fəaliyyətini araşdıran müstəqil Həqiqət Komissiyasının aralıq hesabatını açıqlaması ilə eyni vaxta təsadüf edib.

Hesabatda indiyədək toplanmış sübutların Epşteynin 1996–2012-ci illərdə “Zorro Ranch” mülkündə azı beş qadın və qızı cinsi istismara məruz qoyduğunu göstərdiyi bildirilir. İstintaqçılar, həmçinin zərərçəkən, şahid və ya bu əməllərə yardım göstərən şəxs ola biləcək azı 30 nəfəri müəyyənləşdiriblər.

Komissiyanın sədri Andrea Romero məhkəmə çağırışları vasitəsilə 100 mindən çox sənədin əldə edildiyini bildirib. 

Ceffri Epşteyn 2019-cu ildə həbsxanada ölüb. O, həmin vaxt federal səviyyədə irəli sürülmüş cinsi istismar məqsədilə insan alveri ittihamları üzrə məhkəmə prosesini gözləyirdi. Epşteynin ABŞ-da bir neçə mülkü olub. Onlardan biri Nyu-Meksikodakı “Zorro Ranch” rançosu idi.

Epşteynlə əlaqəli şəxslər və istintaq sənədlərinin necə idarə olunması ilə bağlı iddialar ictimaiyyətin və siyasi dairələrin ciddi diqqət mərkəzində qalır. Bu məsələ onun ölümündən illər sonra da mübahisələrə səbəb olmaqda davam edir.

Teqlər