Spokanda yanğınlar məhdudlaşdırılıb, lakin isti hava yenidən gözlənilir

Spokanda yanğınlar məhdudlaşdırılıb, lakin isti hava yenidən gözlənilir
“Arcadia 20” briqadasının üzvü Spokan dairəsində meşə yanğınları ilə mübarizə aparır, 5 avqust 2026
Reuters

ABŞ-nin Vaşinqton ştatında, Spokan şəhəri yaxınlığında bir neçə meşə yanğını davam edir. Yanğınsöndürənlər alovların yayılmasının qarşısını almaq üçün ilkin müdafiə xətləri qurublar.

Lakin isti və quraq havanın yenidən müşahidə olunacağı gözlənildiyindən briqadalar bu tədbirləri gücləndirməyə çalışırlar.

Yanğınlar ştatın ikinci ən böyük şəhərini təhdid edir. Rəsmilərin məlumatına görə, avqustun 1-dən bəri azı 700 ev və tikili məhv olub. On minlərlə insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

Üç böyük yanğın Aydaho ştatı ilə sərhəd yaxınlığında yerləşən və təxminən 230 min əhalisi olan Spokan şəhərinin şimalında 4 min hektardan çox ərazini əhatə edib.

Yanğınsöndürənlər müdafiə xətlərini möhkəmləndirirlər. Onlar qalan yanğın ocaqlarını söndürməyə çalışırlar. Məqsəd evlərə və digər tikililərə əlavə ziyan dəyməsinin qarşısını almaqdır.

Bütün bunlara baxmayaraq, rəsmilər alovların hələ tam nəzarət altına alınmadığını bildiriblər. Bunun üçün yanğınların perimetri boyunca daha geniş ərazilər bitki örtüyündən təmizlənməlidir.

Həftənin əvvəlində havanın sərinləşməsi və küləyin zəifləməsi yanğınlarla mübarizəni asanlaşdırıb. Yanğınsöndürənlər və təyyarələr alovların qarşısını almaqda irəliləyiş əldə ediblər. Lakin rəsmilər yaxın günlərdə havanın yenidən istiləşəcəyini və quraq keçəcəyini bildiriblər. Bu vəziyyət əldə olunan nəticələrin üstündən xətt çəkə bilər.

Minlərlə insan yanğınlardan zərər çəkib

Yanğınların ən geniş yayıldığı vaxt təxminən 64 min nəfər üçün təxliyə əmri verilib. Güclü külək və qeyri-adi quraq hava alovların yaşayış məhəllələrinə yayılmasına səbəb olub.

İlkin qiymətləndirmələrə görə, əsasən yaşayış evləri olmaqla azı 700 tikili məhv edilib. Daha 400 binanın ciddi zərər çəkdiyi istisna olunmur.

Ölüm halı qeydə alınmayıb. Rəsmilər yanğın bölgəsində əvvəlcə itkin düşdüyü bildirilən 14 nəfərin hamısının xəsarət almadığını və tapıldığını açıqlayıblar.

Hakimiyyət orqanları üç yanğından birini qəsdən törətməkdə şübhəli bilinən yerli sakini həbs ediblər. Digər iki yanğının səbəbi araşdırılır. Rəsmilər bildiriblər ki, Spokan ətrafındakı yanğınlara ildırım səbəb olmayıb.

Spokandakı yanğınlar ABŞ yanğınsöndürənlərinin əsas prioritetləri sırasında qalır. Quraqlıqdan əziyyət çəkən Sakit okeanın şimal-qərbində onlarla böyük meşə yanğını davam edir.

Milli Qurumlararası Yanğın Mərkəzinin məlumatına görə, 13 ştatda 94 böyük meşə yanğını davam edir. Onların yarıdan çoxu Oreqon və Vaşinqton ştatlarında qeydə alınıb.

Rəsmilər və alimlər meşə yanğınları ilə bağlı vəziyyətin ağırlaşmasını uzunmüddətli quraqlıq və ekstremal istilərlə əlaqələndirirlər. Onların bildirdiyinə görə, iqlim dəyişikliyi nəticəsində belə hava şəraiti daha tez-tez müşahidə olunur və daha ağır xarakter alır.

Teqlər