Tailandda məktəbə silahlı hücum olub, 6 nəfər ölüb

Tailandda məktəbə silahlı hücum olub, 6 nəfər ölüb
Tailand polisi, Banqkok, 7 avqust 2026.
Reuters

Tailandda məktəbdə baş verən silahlı hücum nəticəsində 3 şagird və 3 müəllim həlak olub. Tailand Kral Polisinin məlumatına görə, azı 15 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polis şübhəli şəxsin Nonthaburi əyalətində yerləşən məktəbin şagirdi olduğunu açıqlayıb. Bildirilib ki, o, hadisədən qısa müddət sonra özünə qəsd edib.

Şübhəli şəxs 26 dəfə atəş açıb. Hadisə yerində əlavə 34 patron tapılıb.

Polisin məlumatına görə, şübhəli şəxs məktəbdəki hücumdan əvvəl evdə nənə və babasını güllələyərək öldürüb.

Tailandda silaha sahib olma

Tailandda mülki silah sahibliyi regionun digər ölkələri ilə müqayisədə daha yüksəkdir.

“Small Arms Survey” təşkilatının 2017-ci il hesabatına görə, Tailandda mülki şəxslərin əlində 10,3 milyondan çox odlu silah var. Bu, hər 100 nəfərə təxminən 15 silah deməkdir.

Tailand, həmçinin Cənub-Şərqi Asiyada odlu silahla törədilən qətl göstəricisinin ən yüksək olduğu ölkələrdən biridir. Vaşinqton Universitetinin “2019-cu il üzrə ‘Qlobal Xəstəlik Yükü’ məlumat bazası”na görə, bu göstərici üzrə Tailand regionda Filippindən sonra ikinci yerdədir.

Teqlər