Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
Kolumbiyanın yeni Prezidenti Abelardo De La Espriella Kali şəhərində keçirilən andiçmə mərasimində salam verir, Reuters, 7 avqust 2026-cı il.
Reuters

Hüquqşünas və siyasətçi Abelardo de la Espriella Kali şəhərində keçirilən mərasimdə Kolumbiya prezidenti kimi and içib.

De la Espriella siyasi parçalanma və iqtisadi çətinliklərlə müşayiət olunan dördillik prezidentlik dövründən sonra solçu Qustavo Petronu əvəz edib.

Ənənədən kənar seçim

Andiçmə mərasimi paytaxt Boqotadakı tarixi Bolivar meydanında deyil, Santiago de Kali Universitetinin USC Arenasında keçirilib. Bununla da yüz ildən artıq davam edən ənənə pozulub. 

Məkanla bağlı qərar yeni və əvvəlki administrasiyalar arasında həftələrlə davam edən fikir ayrılıqlarından sonra verilib.

De la Espriella əvvəlcə andiçmə mərasiminin qonşu Kauka departamentindəki hərbi bazada keçirilməsini təklif edib. O, bu addımın ölkənin silahlı qüvvələrinə ehtiram ifadəsi olacağını bildirib.

Abelardo de la Espriella Kolumbiyanın Kali şəhərində keçirilən andiçmə mərasimində ölkə prezidenti kimi and içir, 7 avqust 2026-cı il.
Reuters

Petro isə bu təklifə qarşı çıxaraq bildirib ki, özü ali baş komandan olduğu müddətdə hərbi baza siyasi andiçmə mərasiminə ev sahibliyi etməməlidir.

Daha sonra Konqres mərasimin Kalidə keçirilməsini təsdiqləyib. 

İlk rəsmi tədbir silahlı qüvvələrlə bağlıdır

Yeni prezidentin ilk rəsmi tədbirinin Kalidəki Marko Fidel Suares Hərbi Hava Qüvvələri bazasında keçirilməsi planlaşdırılıb.

Bu addım hərbçilərə ehtiram jesti kimi təqdim olunub.

Mərasimdə xarici liderlər iştirak edib

Andiçmə mərasimində Amerika qitəsi və Avropadan çoxsaylı xarici qonaqlar, xüsusilə mühafizəkar liderlər iştirak ediblər.

Onların arasında İspaniya Kralı VI Felipe, Argentina Prezidenti Xavyer Miley, Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya olub.

İspaniya Kralı VI Felipe Kolumbiyanın Kali şəhərində keçirilən prezidentin andiçmə mərasimi zamanı Argentina Prezidenti Xavyer Miley ilə söhbət edir, 7 avqust 2026-cı il.
Reuters

Mərasimə, həmçinin Kosta Rikanın seçilmiş prezidenti Laura Fernandes, Panama Prezidenti Xose Raul Mulino, Dominikan Respublikası Prezidenti Luis Abinader və yüksəksəviyyəli ABŞ təhlükəsizlik və diplomatik nümayəndə heyətinə rəhbərlik edən ABŞ baş prokuroru vəzifəsini icra edən Todd Blanş qatılıb.

Petro mərasimdə iştirak etməyib

Səlahiyyət müddəti başa çatan prezident Qustavo Petro mövcud ənənəyə zidd olaraq andiçmə mərasimində iştirak etməyib.

Onun “Tarixi Pakt” koalisiyasının üzvləri də mərasimi boykot ediblər. Kali də daxil olmaqla bir neçə şəhərdə etiraz aksiyaları keçirilib.

De la Espriellanın prezident kimi and içməsi Kolumbiyada mühüm siyasi və ideoloji dəyişiklik hesab olunur. Yeni hökumət dörd illik solçu hakimiyyətdən sonra fəaliyyətə başlayır.

Teqlər