Kanadada meşə yanğınlarının əhatə etdiyi sahə iki dəfə böyüyüb, minlərlə insan təxliyə olunub

Kanadada meşə yanğınlarının əhatə etdiyi sahə iki dəfə böyüyüb, minlərlə insan təxliyə olunub
“Bald Range” meşə yanğınının tüstüsü Kanadanın Britaniya Kolumbiyası əyalətinin Sammerlend şəhərində yaşayış küçəsinin üzərinə yayılır. 7 avqust, 2026-cı il.
Reuters

Kanadanın qərbində meşə yanğınının əhatə etdiyi ərazi bir gecədə təxminən iki dəfə böyüyüb. Yanğın səbəbindən 20 mindən çox insan evini tərk edib. Ölkənin Britaniya Kolumbiyası əyalətində avqustun 8-də fövqəladə vəziyyət elan olunub.

“Bald Range” adlandırılan ərazidə meşə yanğınının əhatə etdiyi sahə 9500 hektara çatıb. Bu, təxminən Parisin ərazisinə bərabərdir. Yanğın səbəbindən Kanadanın ikinci ən böyük şərabçılıq bölgəsində təxliyə əmrləri verilib.  

Yanğın nəticəsində yaşayış evləri dağılıb. Polis mümkün ölüm halı ilə bağlı məlumatları araşdırır. Təhlükəli şərait araşdırmanı çətinləşdirir.

Britaniya Kolumbiyasının Baş naziri David Eby avqustun 8-də keçirdiyi mətbuat konfransında yanğınsöndürmə xidmətinin rəsmilərindən birinin vəziyyəti “bombanın partlamasına” bənzətdiyini bildirib.

 

“Onun sözlərinə görə, təxminən 30 metr hündürlüyündə ağaclar alov içində idi, alovlar isə ağacların üzərindən daha 60 metrə qədər yüksəlirdi. Yanğın öz hava sistemini yaradır, bu da ildırımın əmələ gəlməsinə səbəb olur və nəticədə yanğın özü-özünü daha da gücləndirir”, – Eby deyib.

“Şərait çox sürətlə dəyişdiyi üçün bəzi insanlar çıxılmaz vəziyyətdə qalıb və onların xilas edilməsi zərurəti yaranıb”, – deyə o əlavə edib.

Yanğınsöndürənlər Britaniya Kolumbiyasında yanğınlarla mübarizəyə cəlb olunublar

Britaniya Kolumbiyasında isti və quraq hava yeni yanğın riskini artırıb. İldırım isə bir müddət közərən yanğın ocaqlarının yenidən alovlanmasına səbəb ola bilər.

Əyalət üzrə təxminən 1 500 yanğınsöndürən avlovla mübarizəyə cəlb olunub.

Yanğınsöndürənlər müxtəlif ərazilərdə alovla mübarizə aparırlar. Hakimiyyət 39 təxliyə əmri və 49 təxliyə xəbərdarlığı verib.

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Sammerlend şəhərində meşə yanğını zamanı tikili yanır. 8 avqust, 2026-ci il..
Reuters

Meşə yanğını təhlükəsi səbəbindən su təmizləyici qurğunun fəaliyyəti dayandırılıb. Nəticədə təmizlənməmiş su sistemə daxil olub. Yerli hakimiyyət sakinlərə sudan yalnız qaynadıldıqdan sonra istifadə etməyi tövsiyə edib.

Britaniya Kolumbiyasının Baş naziri David Eby həftənin əvvəlində bildirib ki, əyalətin kifayət qədər resursu var və zərurət yaranacağı təqdirdə Kanadanın digər bölgələrindən, eləcə də xarici ölkələrdən əlavə yanğınsöndürənlərin və yanğınsöndürmə təyyarələrinin cəlb edilməsinə hazırdır.

Kanadada milyonlarla hektar ərazi yanıb

Bu il Kanadanın Ontario və Kvebek də daxil olmaqla bir sıra bölgələrində meşə yanğınları baş verib. İsti və quraq hava sıx meşəlik ərazilərdə yanğınların yayılmasına şərait yaradıb.

Kanada yanğınlarla mübarizə üçün Meksika, Avstraliya, Fransa və Yeni Zelandiyadan yardım alıb.

Rəsmi məlumatlara görə, bu il ölkə üzrə meşə yanğınları indiyədək 3,9 milyon hektar ərazini əhatə edib.

Teqlər