"Delfin" tayfunu Çinin şərq sahillərinə yaxınlaşır

"Delfin" tayfunu Çinin şərq sahillərinə yaxınlaşır
"Delfin" tayfunu yaxınlaşarkən nəhəng dalğaların sahilə çırpılması dronla görüntülənib. 8 avqust 2026-cı il
Reuters

"Delfin" tayfununun avqustun 9-da Çinin şərq sahillərinə çatacağı gözlənilir. Tayfunun güclü leysan, sərt külək, daşqın və torpaq sürüşmələrinə səbəb ola biləcəyi bildirilir.

Çjetszyan əyalətinin bəzi bölgələrində yağıntının 500 millimetrə çatacağı ehtimal olunur. Limanlarda, su anbarlarında və torpaq sürüşməsi riski yüksək olan ərazilərdə nəzarət gücləndirilib.

Tayfun yaxınlaşdığı üçün dənizdə çalışan işçilər təhlükəsiz ərazilərə təxliyə olunub, gəmilərə limanlara qayıtmaq tapşırılıb. Su anbarları, dağ çayları, tikinti sahələri və turizm məkanlarında yoxlamalar artırılıb.

Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, tayfun avqustun 9-u axşam saatlarında sahilə çatacaq və təsiri avqustun 10-dək davam edəcək. Küləyin sürəti saatda 162 kilometrə çata bilər.

Bu, Saffir-Simpson qasırğa şkalası üzrə 2-ci kateqoriyaya uyğundur. Belə külək evlərə, ağaclara və infrastruktura ciddi ziyan vura bilər.

"Delfin" tayfunu yaxınlaşarkən insanlar sahilə çırpılan nəhəng dalğaların yanında dayanırlar. 8 avqust 2026-cı il.
Reuters

"Delfin" tayfunu Çinə yaxınlaşmazdan əvvəl Yaponiyanın cənubundakı Okinava prefekturasından keçib. Tayfun nəticəsində 6 nəfər xəsarət alıb, 50 mindən çox bina elektrik enerjisiz qalıb.

Avqustun 10-dək Çjetszyan, Şanxay, Fucyenin şimalı, Szyansinin şimal-şərqi, Anhueyin mərkəzi və cənubu, eləcə də Szyansunun böyük hissəsində güclü yağışların yağacağı gözlənilir.

"Delfin" tayfunu yaxınlaşarkən Huançi Milli Mərkəzi Balıqçılıq Limanında müxtəlif gəmilərin lövbər saldığı dronla görüntülənib. 8 avqust, 2026-cı il.
Reuters

Sinoptiklərin proqnozuna görə, tayfun qərbə doğru irəlilədikdən sonra Mərkəzi, eləcə də Cənub-Qərbi Çində tədricən zəifləyəcək.

Onun hərəkətinin yavaşlaması leysan yağışlarının uzanmasına, xüsusilə dağlıq ərazilərdə və kiçik çaylar boyunca daşqın, torpaq sürüşməsi riskinin artmasına səbəb ola bilər.

Şanxayın Dəniz Təhlükəsizliyi Administrasiyasının məlumatına görə, tayfunun yaxınlaşması ilə əlaqədar Yanşan limanındakı gəmilər körpülərdən uzaqlaşdırılıb. 500-dən çox kiçik və orta ölçülü gəmi təhlükəsiz ərazilərə köçürülüb.

Teqlər