Tayvan 2027-ci ildə müdafiə büdcəsini 16 faiz artırmağı nəzərdə tutur

Tayvan 2027-ci ildə müdafiə büdcəsini 16 faiz artırmağı nəzərdə tutur
Tayvanın Yeni Taypey şəhərinin Bali rayonunda hərbi mexaniklər “CM-34 Clouded Leopard” zirehli döyüş maşınının üzərində dayanırlar. 8 avqust 2026-cı il.
Reuters

Tayvan 2027-ci ildə müdafiə xərclərini 16 faiz artırmağı planlaşdırır. Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, müdafiə büdcəsi ilk dəfə 31 milyard ABŞ dollarını keçəcək.

Avqustun 20-də açıqlanması gözlənilən büdcənin 34 milyard ABŞ dollarından çox olacağı bildirilir. Buraya sahil mühafizəsi, veteranlar və xüsusi layihələr üçün ayrılan vəsaitlər də daxildir.

Tayvanın müdafiəyə ÜDM-in 3 faizindən çoxunu xərcləyəcəyi gözlənilir.

O, son illərdə ordunun modernləşdirilməsini əsas prioritetlərindən birinə çevirib. Bu planlara müdafiə xərclərinin artırılması və ölkə daxilində sualtı qayıqların istehsalı da daxildir.

Büdcə artımı Çinlə gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Rəsmi Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, Taypeydəki hökümət isə bu iddianı rədd edir.

Çin hərbi təyyarələri və gəmiləri demək olar ki, hər gün Tayvan ətrafında keşik çəkir. Rəsmi Pekin həmçinin bölgədə vaxtaşırı hərbi təlimlər keçirir və silahlı qüvvələrini yeni təyyarədaşıyan gəmilər, qırıcılar və raket sistemləri ilə modernləşdirir.

Çin 2026-cı il üçün müdafiə xərclərini 7 faiz artıraraq 283 milyard ABŞ dollarına çatdırıb. Rəsmi Vaşinqton da Tayvanı öz müdafiəsinə daha çox vəsait ayırmağa çağırır. Tayvan Prezidenti Lay Çinq-te bu mövqeyi dəstəkləyir.

Kimyəvi zərərsizləşdirmə təlimi zamanı əleyhqaz taxmış əsgər yanacaq çəninin yaxınlığında keşik çəkir. 9 avqust 2026-cı il.
Reuters/Cheng-Chia Huang

Tayvanda hazırda hər il keçirilən “Han Kuang” hərbi təlimləri davam edir. Təlimlərin məqsədi ordunun təhlükəsizliklə bağlı müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsini yoxlamaqdır.

Taoyuan şəhərində təlimləri izləyən Lay Çinq-te bildirib ki, bu cür məşqlər ordunun təcrübəsini və hazırlıq səviyyəsini artırır.

“Sülh dövründə görülən hər bir ciddi hazırlıq ölkəmizə daha çox sabitlik və güc qazandırır”, —deyə  Lay “Facebook” hesabında bildirib.

Tayvanın Hualien şəhərində keçirilən illik “Han Kuang” hərbi təlimləri zamanı əsgərlər kimyəvi çirklənmə şəraitində xilasetmə təlimi keçirirlər. 9 avqust 2026-cı il.
Reuters

Avqustun 9-da Tayvanın şərq sahilində kimyəvi silah hücumu ssenarisi üzrə ayrıca təlim keçirilib. Təlim zamanı hərbçilər, tanklar və zirehli texnika zərərsizləşdirmə və dezinfeksiya prosedurlarından keçirilib.

Məqsəd ordunun kimyəvi hücuma sürətli cavab vermək, şəxsi heyəti və texnikanı qısa müddətdə yenidən əməliyyatlara qaytarmaq qabiliyyətini yoxlamaq olub.

Teqlər