Netanyahu: "HƏMAS tərk-silah olunmayana qədər İsrail Qəzzadan çıxmayacaq"

Netanyahu: "HƏMAS tərk-silah olunmayana qədər İsrail Qəzzadan çıxmayacaq"
İsrail tərəfdən görünən Qəzza üzərində gün batır. 2 avqust 2026-cı il.
Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tam tərk-silah olunmayana qədər İsrail qüvvələri Qəzza zolağından çıxmayacaq. Bununla o, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 15 bəndlik planının bəzi müddəalarını qəbul etmədiyini nümayiş etdirib.

Netanyahu avqustun 9-da hökumət üzvləri qarşısında çıxışında bildirib ki, İsrail ordusunun geri çəkilməsi yalnız HƏMAS-ın tam tərk-silahından sonra mümkündür.

“İsrail 15 bəndlik sənədi qəbul etmir”, — Netanyahu deyib.

Onun sözlərinə görə, tərk-silah həm ağır, həm də yüngül silahları əhatə etməli və sözdə deyil, real şəkildə həyata keçirilməlidir.

İsrail və HƏMAS arasında əsas fikir ayrılığı addımların hansı ardıcıllıqla atılması ilə bağlıdır. Trampın planına əsasən, HƏMAS tərk-silah olunduqca İsrail qüvvələri Qəzzadan çıxmalı, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə təhlükəsizliyi təmin etməlidir.

İsrail HƏMAS tam tərk-silah olunmadan qoşunlarını çıxarmayacağını bildirir. HƏMAS isə əvvəlcə İsrailin hücumları dayandırmasını və geri çəkilməyə başlamasını tələb edir.

HƏMAS-ın yüksəkvəzifəli rəsmisi Basem Naim “Reuters”ə bildirib ki, qrup 10 gün əvvəl Qahirədə vasitəçilərlə razılaşdırılmış yol xəritəsinə sadiqdir.

HƏMAS tərk-silah ifadəsindən istifadə etməsə də, silahlarını ABŞ-nin dəstəklədiyi Fələstin texnokrat administrasiyasının nəzarətinə verməyə razı olduğunu bildirir. Plan üzrə bu administrasiya Trampın Sülh Şurasının nəzarəti altında Qəzzanı idarə etməlidir.

Naim vasitəçiləri və ABŞ-ni Netanyahu hökumətinə razılaşmaya əməl etməsi üçün təzyiq göstərməyə çağırıb.

İfrat sağçı mövqeyi ilə tanınan İsrail maliyyə naziri Bezalel Smotriç isə Netanyahunun mövqeyini dəstəkləyib. O, bildirib ki, HƏMAS tam tərksilah olunmadan İsrail ordusu Qəzzadan geri çəkilməməli və ərazinin bərpasına başlanmamalıdır.

İsrail avqustun 3-dən Qəzzaya hücumlarını əhəmiyyətli dərəcədə azaldıb. Həmin gün Trampın Sülh Şurasının Qəzza üzrə nümayəndəsi Nikolay Mladenov Netanyahu ilə görüşüb.

Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, atəşkəsdən sonra İsrail hücumları nəticəsində 1250-dən çox insan ölüb. Onların əksəriyyətinin mülki şəxslər olduğu bildirilir. HƏMAS nə qədər döyüşçüsünün öldürüldüyünü açıqlamayıb.

İsrail qüvvələri Qəzza zolağının təxminən üçdə ikisinə nəzarət edir. İki milyondan çox sakinin böyük hissəsi dar sahil ərazisində yaşayır, bir çox insan isə müvəqqəti çadırlarda və ya zədələnmiş binalarda məskunlaşıb.

Teqlər