İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da...
İran Hörmüz boğazından yeni gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Omanla yekun razılaşmaya yaxın olduğunu bildirib. Rəsmi Tehran eyni zamanda ABŞ-nin digər şərtləri də yerinə yetirməli olduğunu yenidən vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ və İsraillə münaqişə zamanı məruz qaldığı zərərə görə təzminat tələb etməsinə münasibət bildirərək deyib ki, rəsmi Tehran “öldürdüyü və ağır yaraladığı bütün insanlara görə” təzminat ödəməlidir.
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei avqustun 10-da altı yüksək rütbəli hərbi komandirin təyinatı ilə bağlı fərmanlar imzalayıb. İranın dövlət televiziyası IRIB-in məlumatına görə, onların arasında İsrail və ABŞ-nin hücumlarında öldürülən dörd komandiri əvəz edən şəxslər də var.
Əli Abdullahi Əbdürrəhim Musəvini əvəz edərək Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunub. Əhməd Vahidi isə Məhəmməd Pakpuru əvəz edərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin edilib.
Ayrı-ayrı fərmanlarla Keyumərs Heydəri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Mustafa İzədi isə SEPAH-ın baş komandanının müavini təyin edilib.
Yəmən hökumətinə sadiq qüvvələr avqustun 10-da Ədəndə dronlara müdaxilə etdiklərini bildiriblər. Dronların mühüm obyektlərə yaxınlaşdığı qeyd olunub. Ədən Yəmən hökumətinin müvəqqəti paytaxtı kimi fəaliyyət göstərir.
Bu barədə Əbdürrəhman əl-Mühərrəminin rəhbərlik etdiyi Cənub Silahlı Qüvvələri X platformasında məlumat yayıb.
Onlar hücumu həyata keçirən tərəfin kimliyini açıqlamayıb və hadisə ilə bağlı əlavə məlumat verməyiblər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) avqustun 10-da bildirib ki, bəzi İran raketləri artıq uçuş zamanı idarə oluna, həmçinin istiqamətini dəyişə bilir. Bu imkan raketlərin hava hücumundan müdafiə sistemlərindən yayınmasına şərait yaradır.
“İran raketləri artıq əvvəlki kimi sadəcə bir nöqtədən buraxılaraq digər nöqtəyə düşən raketlər deyil”, – IRNA dövlət xəbər agentliyi SEPAH-ın sözçüsü Hüseyn Möhəbiyə istinadən bildirib.
“Onlar artıq idarəetmə və istiqamət dəyişdirmə imkanlarına malikdir. Bəzi raketlər düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün uçuş zamanı trayektoriyasını dəyişə bilir”, – o əlavə edib.
ABŞ fond bazarları avqustun 7-də rekord həddə çatdıqdan sonra avqustun 10-da dünya fond bazarlarında cüzi yüksəliş qeydə alınıb. Bazarların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələri ilə bağlı gözləntilərə və Hörmüz boğazından enerji daşıyıcılarının keçidinin bərpasına dair mümkün razılaşmaya yönəlib.
Gözləniləndən zəif məşğulluq göstəricilərindən sonra treyderlər FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərini azaldıblar.
İnflyasiya ilə bağlı narahatlıqlar davam etdiyi bir vaxtda İran avqustun 9-da bildirib ki, Hörmüz boğazından tranzitlə bağlı Omanla razılaşma yekun mərhələdədir.
Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri ötən həftə regional müdafiə sazişinin imzalanmasından sonra regional məsələləri və çoxtərəfli əməkdaşlığı müzakirə ediblər.
Pakistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, İshaq Dar və onun səudiyyəli həmkarı Feysəl bin Fərhan telefon danışığı zamanı həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda sıx koordinasiya və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkənin xarici işlər nazirləri arasında son təmas Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ötən həftə Məkkə Birgə Müdafiə Sazişini imzalamasından bir neçə gün sonra baş tutub.
Yaponiyanın baş naziri Sanae Takaiçi Oman sultanı Sultan Heysəm bin Tariq Al Səidlə telefon danışığı zamanı Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidin bərpasına çağırıb.
Telefon danışığı Oman və İranın strateji əhəmiyyətli su yolunda gəmiçiliyin təşkili ilə bağlı danışıqlar apardığı vaxta təsadüf edir. Takaiçinin sözlərinə görə, sultan Heysəm bildirib ki, rəsmi Maskat boğazdan istifadə edən ölkələrlə məsləhətləşəcək və onların mövqelərinə hörmətlə yanaşacaq.
İran bildirib ki, Pakistanın Xarici İşlər Naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibafı İslamabada dəvət edib. Səfərlərin uyğun vaxtda baş tutacağı gözlənilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi planlaşdırılan səfərləri iki qonşu ölkə arasında əlaqələrin genişlənməsinin göstəricisi kimi qiymətləndirib.
Pakistan münaqişə zamanı Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayıb, əvvəlki atəşkəs və danışıqlar səylərinə dəstək verib.
İran Hörmüz boğazında gəmiçiliklə bağlı Omanla danışıqların “rəvan və konstruktiv” şəkildə davam etdiyini bildirib. Tərəflər dəniz nəqliyyatı üçün nəzərdə tutulan xəritə üzrə razılığa gəliblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, təhlükəsiz gəmiçiliyin təmin olunması mexanizmləri və dəniz xidmətlərinə görə ödənişlər də daxil olmaqla texniki məsələlər üzrə məsləhətləşmələr davam edir.
Bəqayi vurğulayıb ki, Omanla danışıqlar yalnız beynəlxalq gəmiçilik məsələlərinə aiddir və siyasi fikir ayrılıqlarından ayrı tutulur.
O bildirib ki, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasına son qoyulması da daxil olmaqla, Tehranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazı yenidən açılmayacaq.
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı qüvvələr müvəqqəti paytaxt Ədəndə mühüm obyektlərə yaxınlaşmağa çalışan bir neçə düşmən dronuna qarşı tədbir gördüklərini bildiriblər.
Cənub Silahlı Qüvvələri dronların kimə məxsus olduğunu açıqlamayıb.
Hadisə husilərin Moxa şəhəri və limanına hücumundan bir neçə saat sonra baş verib. Yəmən ordusunun məlumatına görə, həmin hücumda 7 nəfər ölüb, 30 nəfər yaralanıb, 11 dron isə vurulub.
İran Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan yeni təhlükəsizlik sazişinin Tehrana qarşı yönəldiyindən narahat olmaq üçün əsas görmür. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Bəqayinin sözlərinə görə, saziş region ölkələrinin təhlükəsizlik məsələlərində yanaşmasının dəyişdiyini və xarici qüvvələrdən daha çox öz imkanlarına güvənməyə başladığını göstərir.
“Regionun geosiyasi və tarixi reallıqlarına əsaslanan, hərtərəfli və inklüziv olan, düşməni və təhdidi düzgün müəyyən edən istənilən təşəbbüs təhlükəsizliyin gücləndirilməsinə, eləcə də sionist düşmənin və onun müttəfiqlərinin yaratdığı qeyri-sabitlik və sui-istifadələrin qarşısının alınmasına töhfə verə bilər”, — Bəqayi İsraili nəzərdə tutaraq bildirib.
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rezayi ölkənin təhlükəsizlik və xarici siyasətini əlaqələndirən Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
71 yaşlı Rezayi bu vəzifədə mart ayından çalışan Məhəmməd Baqer Zülqədri əvəz edib. İranın siyasi və təhlükəsizlik sistemində uzun illər fəaliyyət göstərən Rezayi ali rəhbər Müctəba Xamenei tərəfindən şuradakı nümayəndəsi də təyin olunub.
Dəyişikliyin səbəbi açıqlanmayıb. Təyinatın ABŞ və İsraillə müharibə, eləcə də Hörmüz boğazının yenidən açılması ilə bağlı davam edən danışıqlar fonunda İranın siyasətində dəyişiklikdən xəbər verib-vermədiyi məlum deyil.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Məkkədə imzalanan birgə müdafiə sazişini alqışlayıb. O bildirib ki, region ölkələri təhlükəsizliyin “yalançı vasitəçilərdən satın alına bilən bir əmtəə olmadığını” anlayıblar.
Brifinqdə danışan Bəqayi qeyd edib ki, "təhdidləri düzgün müəyyən edən" istənilən təşəbbüs regional təhlükəsizliyi gücləndirə və İsrailin səbəb olduğunu iddia etdiyi qeyri-sabitliyin qarşısının alınmasına kömək edə bilər.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib ki, artan iqtisadi təzyiq və blokada sonda İranı Vaşinqtonla danışıqlarda güzəştə getməyə məcbur edəcək.
"Fox News"a müsahibəsində Uolts ABŞ Maliyyə Nazirliyinin tədbirlərinin İran iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, Tehran danışıqlar zamanı dəfələrlə nağd vəsaitlərə və dondurulmuş aktivlərinə çıxış əldə etməyə çalışıb.
Uolts qeyd edib ki, İranın milli valyutasına və inflyasiyaya təzyiq, eləcə də blokada nəticədə Tehranı mövqeyini dəyişməyə və addım atmağa məcbur edəcək.
ABŞ-nin demokrat senatoru Kris Mörfi bildirib ki, Prezident Donald Tramp İranla müharibəni “uduzub”. Onun sözlərinə görə, döyüşlərin davam etdiyi hər gün ABŞ-ni zəiflədir, İranın mövqeyini gücləndirir və amerikalılar üçün qiymətlərin artmasına səbəb olur.
Mörfi "NBC News"a müsahibəsində bildirib ki, münaqişəyə son qoyacaq və Hörmüz boğazının yenidən açılmasını təmin edəcək istənilən razılaşmanı, hətta “pis razılaşma” olsa belə, dəstəkləyəcək. O, müharibənin davamı üçün əlavə maliyyələşdirmənin əleyhinə çıxacağını, lakin döyüşlər başa çatdıqdan sonra ABŞ-nin sursat ehtiyatlarının bərpasını dəstəkləyəcəyini bildirib.
Mörfinin açıqlamaları diplomatik səylərlə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxta təsadüf edir. İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonla birbaşa danışıqlar aparılmır və ABŞ-nin dəniz blokadasına son qoyulması da daxil olmaqla Tehranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.
İranın Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü tələblər qlobal enerji bazarlarında uzunmüddətli fasilələrlə bağlı narahatlığı artırdığından, neft qiymətləri yüksəlib.
Oktyabr tədarüklü “Brent” markalı neftin fyuçers qiyməti 1,09 faiz artaraq bir barel üçün 84,46 dollara çatıb. ABŞ-nin “West Texas Intermediate” markalı neftinin sentyabr fyuçersləri isə 0,84 faiz bahalaşaraq 78,84 dollar olub.
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqton sanksiyaların yüngülləşdirilməsi və müharibə təzminatının ödənilməsi də daxil olmaqla irəli sürülən şərtləri yerinə yetirməyənədək strateji su yolu yenidən açılmayacaq.
Əraqçi, həmçinin Vaşinqtonun razılaşmanın yaxın olduğunu bildirməsinə baxmayaraq, Tehranın hazırda ABŞ ilə birbaşa danışıqlar aparmadığını deyib.
“Westpac” bildirib ki, Hörmüz boğazı faktiki olaraq bağlı qalır. Bank İranla müharibənin altıncı aya daxil olduğu bir vaxtda qeyri-müəyyənliyin yüksək olaraq qaldığını qeyd edib.
Enerji bazarındakı dəyişkənliyə baxmayaraq, Asiya fond bazarlarında artım qeydə alınıb. Yaponiyanın “Nikkei 225” indeksi 2,1 faiz, Cənubi Koreyanın “Kospi” indeksi 0,7 faiz, Honq Konqun “Hang Seng” indeksi isə 0,6 faiz yüksəlib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat brifinqi keçirir. Brifinq Vaşinqtonla diplomatik təmasların hazırkı vəziyyəti və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Brifinq ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İranla “qismən danışıqlar” apardığını bildirməsindən sonra keçirilir.
Tehran daha əvvəl ABŞ ilə birbaşa danışıqlar apardığını təkzib edib. İran tərəfi bildirib ki, müzakirələr Hörmüz boğazından keçəcək yeni gəmiçilik marşrutu ilə bağlı İranla işləyən Omanla aparılır.
ABŞ husilərin hücumlarına qarşı mübarizədə Yəmənə dəstəyini bir daha təsdiqləyib. Vaşinqton dəniz təhlükəsizliyi və terrorizmlə mübarizəni ölkədəki əsas prioritetləri sırasında göstərib.
ABŞ-nin Yəməndəki missiyasının müvəqqəti işlər vəkili Nil Hop Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəmən Prezident Liderlik Şurasının sədri Rəşad əl-Əlimi ilə ilk görüşü zamanı bu barədə danışıb.
Səfirliyin "X" platformasından verilən açıqlamaya görə, Hop ABŞ Prezidenti Donald Trampın siyasət prioritetlərini təqdim edib və dəniz təhlükəsizliyi, eləcə də terrorizmlə mübarizə sahələrində Yəmənlə tərəfdaşlığa dəstəyi təsdiqləyib.
Yəmənin liman şəhəri Moxaya husilərin hücumu nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər yaralanıb. Hərbçilərin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri husilərə məxsus 11 pilotsuz uçuş aparatını da zərərsizləşdirib.
ABŞ-nin İrana qarşı aylarla davam edən hərbi zərbələri, sanksiyaları və blokadası fonunda Prezident Donald Tramp "Axios"a telefon müsahibəsi verib. Tramp administrasiyasının İran üzərində artan iqtisadi təzyiqi izlədiyini bildirib.
“Biz bu məsələdə təmkinli davranırıq”, — Tramp qısa telefon danışığı zamanı deyib. “Onlarla yalnız qismən danışıqlar aparırıq. Hazırda sadəcə İrandakı yüksək inflyasiyanı və ölkənin maliyyə imkanlarının tükənməsini izləyirik”.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ “gec olmadan” İranla müharibədə “oyun qaydalarının” dəyişdiyini qəbul etməlidir. Onun açıqlaması Vaşinqtonun Körfəzdə bir neçə İran tankerinə zərbə endirməsindən bir gün sonraya təsadüf edib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da Cakartanın əsas hava limanında yüzlərlə sərnişin uçuşların bərpa olunmasını gözləməli olub.
“Adidas” şirkəti “Single Shoe Service” kampaniyasında israilli keçmiş hərbçi Şalev Bitonu təqdim etdikdən sonra boykot çağırışları ilə üzləşib.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi sentyabrın 5-də bildirib ki, İsrail hökumətinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı təkliflərinə baxmayaraq, fələstinlilərin zorla Qəzzadan çıxarılması planı yoxdur.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın