“Delfin” tayfunu Çinin şərqini vurub, bir milyondan çox insan təxliyə edilib

“Delfin” tayfunu Çinin şərqini vurub, bir milyondan çox insan təxliyə edilib
“Delfin” tayfunu yaxınlaşarkən Çinin Çjetszyan əyalətində nəhəng dalğalar sahilə çırpılır. 9 avqust 2026-cı il.
Reuters

Bu il Çini vuran ən güclü tropik siklon olan “Delfin” tayfunu ölkənin şərqindəki Çjetszyan əyalətinə çatıb. Güclü külək və leysan yağışları səbəbindən bir milyondan çox insan təhlükəli ərazilərdən təxliyə edilib.

Çin meteorologiya qurumlarının məlumatına görə, tayfun yerli vaxtla saat 17:30 radələrində Yuyhuan yaxınlığında sahilə çıxıb. Tayfunun mərkəzi yaxınlığında küləyin sürəti saatda 151 kilometrə çatıb.

“Delfin” tayfunu bundan əvvəl Yaponiyanın cənubundakı Okinava prefekturasından keçib. Burada 6 nəfər yaralanıb, 50 mindən çox bina elektrik enerjisiz qalıb.

Bir milyondan çox insan təxliyə edilib

Çinin şərqində riskli ərazilərdə yaşayan sakinlər təxliyə olunub, gəmilər limanlara geri çağırılıb. Su anbarlarında, dağ çaylarında və sürüşmə riski olan ərazilərdə nəzarət gücləndirilib.

Çjetszyan əyalətinin Vençjou şəhərində 900 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb və mindən çox fövqəladə sığınacaq açılıb. Şanxayda isə azı 30 300 nəfər təxliyə olunub.

Futszyan əyalətində təxminən 99 min nəfər riskli ərazilərdən çıxarılıb. Onlarla sahil bərə reysi dayandırılıb, dənizdə aparılan tikinti işləri müvəqqəti dayandırılıb.

Tayfun nəqliyyata da ciddi təsir göstərib. Şanxayda təxminən 1 500 aviareys ləğv edilib. Yanşan limanında gəmilər yanalma yerlərindən uzaqlaşdırılıb, 500-dən çox kiçik və orta ölçülü gəmi təhlükəsiz ərazilərə aparılıb.

500 millimetrədək yağıntı gözlənilir

Güclü yağışların avqustun 10-dək Çjetszyan, Şanxay və qonşu əyalətlərdə davam edəcəyi gözlənilir.

Çjetszyanın mərkəzi və şərq hissələrində yağıntının miqdarı 250-500 millimetrə çata bilər. Bu isə güclü daşqınlar, çayların məcrasından çıxması və torpaq sürüşmələri riskini artırır.

Çinin Su Ehtiyatları Nazirliyi Tsyantan, Yun, Tszyau və Şuyyan çaylarında güclü daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Ən çox təsirlənən ərazilərdə kiçik çaylarda suyun səviyyəsinin təhlükəli həddi keçə biləcəyi bildirilir.

Səlahiyyətlilər Çjetszyanın bəzi bölgələrində geoloji fəlakət riskinin yüksək olduğunu açıqlayıblar. Dağ çaylarında daşqın təhlükəsinin ən yüksək olduğu ərazilərdə sakinlərə təxliyə göstərişlərinə əməl etmək tövsiyə olunub.

Tayfunun ölkə daxilində zəifləyəcəyi gözlənilir

Proqnozlara görə, “Delfin” tayfunu sahilə çıxdıqdan sonra qərbə doğru hərəkət edəcək. Daha sonra Mərkəzi və Cənub-Qərbi Çin üzərində sürətini azaldaraq tədricən zəifləyəcək.

Meteoroloqlar tayfunun ölkə daxilində yavaş hərəkət etməsinin yağışların daha uzun sürməsinə səbəb ola biləcəyini bildiriblər. Bu isə xüsusilə dağlıq ərazilərdə daşqın və torpaq sürüşməsi riskini artırır.

Çjetszyan, Şanxay və Tsyansuda III səviyyəli fövqəladə reaksiya rejimi aktivləşdirilib. Futszyan əyalətində də tayfunla bağlı fövqəladə reaksiya səviyyəsi III dərəcəyə qaldırılıb. Səlahiyyətlilər tayfunun hərəkətini izləməyə davam edirlər.

Teqlər