Qrenlandiyadan Trampla bağlı ABŞ neft şirkətinə xəbərdarlıq

Qrenlandiyadan Trampla bağlı ABŞ neft şirkətinə xəbərdarlıq
Donald Tramp, “Truth Social” vasitəsilə
social media

Məlumata görə, Qrenlandiya hökumətin rəsmi icazəsi olmadan qazma avadanlıqlarını adaya gətirən və ABŞ Prezidenti Donald Trampla əlaqələndirilən neft şirkətinə sərt xəbərdarlıq edib.

"The Telegraph" nəşri xəbər verir ki, Qrenlandiyanın Sənaye və Faydalı Qazıntılar Departamenti neft kəşfiyyatı üçün nəzərdə tutulan texnikanın icazəsiz şəkildə adanın şərq sahilinə çıxarıldığını bildirib.

Departamentdən vurğulanıb ki, lisenziya sahibinə xəbərdarlıq göndəriləcək. Qrenlandiya rəhbərliyinin rəsmi təsdiqi olmadan heç bir qazma işinə başlanıla bilməz.

1 trilyon dollarlıq neft ehtiyatı iddiası

Layihəni ötən il yaradılmış, Texasda yerləşən "Greenland Energy" şirkəti maliyyələşdirir. Şirkət kəşfiyyat layihəsində səhm paketinə sahibdir.

"Greenland Energy"nin iddiasına görə, Qrenlandiyanın şərqindəki Ceymson-Land bölgəsində dəyəri 1 trilyon dollaradək olan xam neft ehtiyatı ola bilər.

Şirkətin rəhbəri Larri Svetsin sözlərinə görə, bir əməkdaş yanlışlıqla yerli sakinlərə avadanlığın sahilə çıxarılmasına icazə verildiyini bildirib.

ABŞ şirkəti ötən həftə Qrenlandiyanın tənzimləyici qurumları ilə danışıqların konstruktiv keçdiyini və qazma işlərinə başlamaq üçün tələb olunan icazələrin alınacağına ümid etdiyini açıqlayıb.

Trampın Qrenlandiyaya marağı

Məsələ ABŞ-nin Danimarka Krallığının tərkibində muxtar ərazi olan Qrenlandiyaya marağının yenidən artdığı bir vaxta təsadüf edir.

Qazma avadanlığının adaya gətirilməsindən bir neçə gün sonra Tramp sosial şəbəkədə süni intellektlə hazırlanmış görüntü paylaşıb. Görüntüdə o, Qrenlandiyadakı yaşayış məntəqəsinə baxarkən təsvir olunub və üzərində "Salam, Qrenlandiya!" sözləri yer alıb.

Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini dəfələrlə vurğulayıb. 2025-ci ilin yanvarında o, əraziyə nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə ehtimalını istisna etmədikdən sonra beynəlxalq tənqidlərlə üzləşib. Tramp bunu ABŞ-nin milli təhlükəsizliyi üçün zəruri hesab etdiyini bildirib.

Teqlər