Rusiya və Ukrayna sənaye və mülki obyektlərə qarşılıqlı zərbələr endirib

Rusiya və Ukrayna sənaye və mülki obyektlərə qarşılıqlı zərbələr endirib
Xilasedicilər Rusiyanın raket və dron hücumu nəticəsində zədələnmiş yaşayış binalarının olduğu ərazidə işləyirlər. Odessa, Ukrayna, 9 avqust 2026-cı il.
Reuters

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukraynanın gecə saatlarında Rusiyanın Belqorod vilayətinə endirdiyi dron zərbələri nəticəsində azı 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hücumlar nəticəsində iki çoxmənzilli binada yanğın baş verib. Ümumilikdə 29 çoxmənzilli binaya, 5 fərdi evə, inzibati binalara və kommersiya obyektlərinə ziyan dəyib.

Rusiya Xarkov və Odessanı vurub

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda çoxmərtəbəli yaşayış binasına raket düşüb. Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Odessada isə Rusiyanın raket və dron zərbələri nəticəsində 8 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbələrin hədəfi Xarkov vilayətində dronların saxlandığı anbarlar, eləcə də Odessa limanındakı yanacaq anbarları və digər hərbi təchizat obyektləri olub.

Sakin Rusiyanın raket və dron hücumu nəticəsində zədələnmiş çoxmənzilli binaların yerləşdiyi ərazini tərk edir. Odessa, Ukrayna, 9 avqust 2026-cı il.
Reuters/Nina Liashonok
Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri davam etdirir

Ukrayna Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli dron hücumlarını davam etdirir. Rəsmi Kiyev bildirir ki, məqsəd Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi resurslara zərbə vurmaqdır.

Ukraynanın Baş Qərargahı İlski və Sızran neft emalı zavodlarının vurulduğunu və hər iki obyektdə yanğın baş verdiyini açıqlayıb.

Krasnodar diyarının hakimiyyət orqanları bildirib ki, İlski zavodunda yanğın Ukrayna dronunun qalıqlarının düşməsi nəticəsində baş verib. Yanğın daha sonra söndürülüb.

Tatarıstanın Nijnekamsk şəhərində isə dron hücumu nəticəsində azı 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Şəhər meri Radmir Belyayevin məlumatına görə, hücum sənaye və mülki obyektləri hədəf alıb.

Zərbə “Tatneft” şirkətinə məxsus TANECO neft emalı zavoduna da dəyib. Zavod 2024-cü ildə 17 milyon ton xam neft emal edib.

Rusiya 150-dən çox dronun vurulduğunu bildirir

Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə ərazisi, Krım, Qara və Azov dənizləri üzərində 150-dən çox Ukrayna dronunun vurulduğunu bildirib.

Novorossiyskdə dron qalıqlarının düşməsi nəticəsində üç yaşayış binası zədələnib, bir nəfər yaralanıb.

Rusiya Donetskdə iki yaşayış məntəqəsini ələ keçirdiyini bildirib

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Vasyutinske və Toretsk yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü bildirib.

Ukrayna bu məlumatı təsdiqləməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 9-da axşam yayımlanan videomüraciətində cəbhə xəttində mövqe dəyişikliklərindən danışmayıb. O, Dobropolya, Kostyantinovka və Kramatorsk istiqamətlərində döyüşən Ukrayna qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirib.

Teqlər