Rus nefti daşıyan tankerdən sızma Oman sahillərində təhlükə yaradıb

Rus nefti daşıyan tankerdən sızma Oman sahillərində təhlükə yaradıb
Hallaniyat adaları yaxınlığında zədələnmiş “Caroline Bezengi” gəmisindən neft sızması. Dofar, Oman, 5 avqust 2026-cı il.
Reuters

Rusiyaya məxsus xam neft daşıyan və saya oturan tankerdə baş verən sızma Oman sahillərində ekoloji narahatlıq yaradıb. Təxminən 1 milyon barel neft daşıyan gəmidən yayılan çirklənmə yüzlərlə kvadratkilometr ərazini əhatə edir.

Omanın Ətraf Mühit İdarəsi bildirib ki, "Caroline Bezengi" tankerindən yayılan neft ləkəsi hazırda Hallaniyat adalarının yaxınlığında təxminən 390 kvadratkilometr dəniz sahəsini əhatə edir.

Hallaniyat adaları zəngin biomüxtəlifliyə malik arxipelaqdır. Ərazi ötən il Oman Sultanı Heytəm bin Tariq tərəfindən təbiət qoruğu elan edilib.

Neft ləkəsi adaların şimal-şərqinə doğru yayılıb. Hazırda bölgədəki su duzsuzlaşdırma qurğuları və turizm obyektləri üçün təhlükə olmadığı bildirilir.

Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, neft sahil sularına çatsa, dəniz ekosisteminə ciddi zərər vura bilər.

Həssas təbiət ərazisi təhlükə altındadır

Hallaniyat adaları Omanın ekoloji baxımdan ən mühüm dəniz ərazilərindən biridir. Burada nəsli kəsilmək təhlükəsi ilə üzləşən Ərəbistan dənizi qozbel balinaları yaşayır. Adalarda həmçinin böyük Sokotra qarabatdağı koloniyaları var.

Alimlər bildirirlər ki, hazırda əsas məqsəd neftin dayaz sahil sularına çatmasının qarşısını almaqdır.

Heriot-Uott Universitetinin ətraf mühit mikrobiologiyası və biotexnologiya professoru Toni Qutyerres genişmiqyaslı tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, havadan nefti parçalayan maddələr səpilməli və neftin sahilə çatmasının qarşısını almaq üçün xüsusi qoruyucu sədlər qurulmalıdır.

Professor bildirib ki, böyük neft sızmalarının ekoloji təsiri uzun illər davam edə bilər. O xatırladıb ki, 1989-cu ildə Alyaskada baş vermiş "Exxon Valdez" qəzasından illər sonra belə neft izləri aşkarlanırdı.

Xilasetmə işləri ilə bağlı suallar var

Tanker ilk dəfə iyunun 8-də Yəmən sahillərində olarkən problemlə üzləşdiyini bildirib.

Dəniz təhlükəsizliyi mənbələrinin məlumatına görə, ilkin qiymətləndirmələr gəmidə partlayışın baş vermiş ola biləcəyini göstərib. Lakin indiyədək heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Hadisənin dəqiq səbəbi də məlum deyil.

"SkyTruth" ətraf mühit monitorinq təşkilatının baş icraçı direktoru Con Amos bildirib ki, açıq mənbələrdəki peyk məlumatlarında gəminin ətrafında genişmiqyaslı neft təmizləmə əməliyyatının aparıldığına dair ciddi sübut görünmür.

"Biz bunu açıq peyk görüntülərində görməmişik. Peyk vasitəsilə əldə edilən AIS izləmə məlumatlarında da belə fəaliyyət müşahidə olunmayıb. Bu isə narahatlıq yaradır", - Amos bildirib.

Gəmi Rusiya “kölgə donanması”na daxildir

Gəmiçilik məlumatlarına görə, "Caroline Bezengi" aprel ayında Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanında xam neft yükləyib. Tanker may ayında Süveyş kanalından keçərək Asiyaya doğru hərəkət edib.

"Reuters"in məlumatına görə, 2001-ci ildə inşa olunan gəmi Rusiyanın "kölgə donanması"na daxildir.

Bu donanma əsasən köhnə tankerlərdən ibarətdir. Onlar Qərbin məhdudiyyətlərindən yayınaraq neft daşımaq üçün istifadə olunur. Belə gəmilərin sahibləri və qeydiyyat bayraqları tez-tez dəyişdirilir. Bu, onların mənşəyini müəyyən etməyi çətinləşdirir.

Tanker əvvəllər Kamerun bayrağı altında qeydiyyatda olub. Lakin iyun ayında ölkənin gəmi reyestrindən çıxarılan onlarla gəmi arasında "Caroline Bezengi" də olub.

Gəmiyə Avropa İttifaqı, Birləşmiş Krallıq, Kanada, İsveçrə və Ukrayna tərəfindən də sanksiyalar tətbiq edilib.

Tankerdə hələ də yüz minlərlə barel neftin olduğu güman edilir. Ekoloji təşkilatlar xəbərdarlıq edirlər ki, gəmi sabitləşdirilməsə və yükü boşaldılmasa, vəziyyət daha da ağırlaşa bilər.

Onların fikrincə, hadisə son illərdə regionda baş verən ən ciddi dəniz çirklənməsi hallarından birinə çevrilə bilər.

Teqlər