Zelenski: "Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi artır"

Zelenski: "Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi artır"
Rusiya tərəfində döyüşərkən həlak olan Şimali Koreya hərbçilərinə həsr olunmuş memorial muzey. Pxenyan, 26 aprel 2026-cı il.
Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya öz ərazisində əlavə Şimali Koreya qüvvələri yerləşdirməyə hazırlaşır və Pxenyandan yeni ballistik raketlər alıb. Onun sözlərinə görə, bu əməkdaşlıq Ukrayna ilə yanaşı digər ölkələr üçün də təhlükə yaradır.

“Rusiya tarixində ilk dəfədir ki, Şimali Koreyanın əlavə qüvvələri olmadan müharibəni davam etdirə bilmir”, – Zelenski “X” platformasında yazıb. O bildirib ki, Moskva yeni Şimali Koreya hərbi kontingentini qəbul etməyə hazırlaşır.

Zelenskinin sözlərinə görə, Şimali Koreya Rusiyaya silah və hərbçi göndərməklə döyüş təcrübəsi qazanır və öz hərbi imkanlarındakı zəif cəhətləri aradan qaldırmaq imkanı əldə edir. O xəbərdarlıq edib ki, bu təcrübə gələcəkdə Cənubi Koreya, Yaponiya və Filippin üçün də təhlükəsizlik risklərini artıra bilər.

 

50 minədək əlavə hərbçi

Zelenski Rusiyaya əlavə 30 mindən 50 minədək Şimali Koreya hərbçisinin göndərilə biləcəyini bildirib. "Reuters"in məlumatına görə, Ukrayna lideri bununla bağlı qərarın artıq verildiyini deyib, lakin məlumatın mənbəyini açıqlamayıb.

2024-cü ildən bəri Şimali Koreyanın Rusiyanın Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi bildirilir. Onlar bölgəyə daxil olmuş Ukrayna qüvvələrinə qarşı döyüşlərdə Rusiya ordusuna dəstək veriblər. Pxenyan bunu iki ölkə arasındakı müdafiə sazişi çərçivəsində Rusiyaya yardım kimi təqdim edib.

Rusiya və Şimali Koreya 2024-cü ilin iyununda hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Saziş tərəflərdən birinin xarici təcavüzə məruz qalacağı halda qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur.

Şimali Koreya raket bölməsi Rusiyada

Ukrayna hərbi kəşfiyyatının rəsmisi "Reuters"ə bildirib ki, təxminən 90 nəfərlik Şimali Koreya raket bölməsi Rusiyanın Voronej vilayətində yerləşdirilməyə başlayıb. Bölmənin gələcəkdə 120-dək ballistik raket və 6 buraxılış qurğusu ilə fəaliyyət göstərə biləcəyi bildirilir.

Pxenyanın Rusiyaya 40 ədəd "KN-23" və "KN-24" ballistik raketindən ibarət yeni partiya göndərdiyi də qeyd olunur. Rusiya 2023-cü ilin sonlarından Ukraynaya qarşı Şimali Koreya istehsalı ballistik raketlərdən istifadə edir. Pxenyan Moskvaya milyonlarla artilleriya və minaatan mərmisi də tədarük edib.

Ukrayna bildirir ki, ballistik raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi çətin olduğundan yeni tədarüklər ciddi narahatlıq yaradır.

Zelenski tərəfdaş ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb. Onun sözlərinə görə, bu, həm Ukraynanın müdafiəsinə kömək edər, həm də Şimali Koreyanın müharibədən öz silah və döyüş imkanlarını təkmilləşdirmək üçün istifadə imkanlarını məhdudlaşdırar.

Rusiya daha əvvəl Şimali Koreya hərbçilərinin Kursk vilayətində öz qüvvələri ilə birlikdə döyüşdüyünü təsdiqləyib. Lakin Moskva əlavə hərbçilərin yerləşdirilməsi və yeni raket bölməsi ilə bağlı Ukraynanın son iddialarını təsdiqləməyib.

Teqlər