Suriya məhkəməsi Bəşər Əsədə qiyabi ölüm hökmü çıxarıb

Suriya məhkəməsi Bəşər Əsədə qiyabi ölüm hökmü çıxarıb
Suriya Prezidenti Bəşər Əsəd parlamentin iclasında iştirak edir. 17 iyul 2000-ci il.
Reuters

Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Dəməşqdəki cinayət məhkəməsi keçmiş prezident Bəşər Əsədi qəsdən adam öldürmə, işgəncə, qanunsuz həbslər və insanlığa qarşı cinayətlərdə təqsirli bilərək qiyabi olaraq ölüm cəzasına məhkum edib.

Dördüncü Cinayət Məhkəməsi Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd, təhlükəsizlik xidmətinin sabiq yüksəkvəzifəli rəsmisi Atif Nəcib və suriyalılara qarşı cinayətlərdə ittiham olunan digər şəxslərin işi üzrə qərarını elan edib.

İş 2011-ci il repressiyalarına gedib çıxır

Məhkəmə prosesi 2011-ci ildə Suriyada başlayan etirazların zorakılıqla yatırılması ilə bağlıdır.

Əsədin əmisi oğlu Atif Nəcib həmin vaxt Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəisi olub. O, hökumət əleyhinə şüarlar yazan uşaqların həbs edilərək işgəncələrə məruz qalmasında ittiham edilib.

Uşaqlara qarşı rəftar Dəraada etirazların başlamasına səbəb olub. Hökumətin sərt müdaxiləsindən sonra aksiyalar ölkənin digər bölgələrinə yayılıb və nəticədə vətəndaş müharibəsinə çevrilib.

Prokurorlar Bəşər Əsəd, Mahir Əsəd, Atif Nəcib və digər təqsirləndirilən şəxslər üçün qəsdən adam öldürmə, işgəncə və qanunsuz həbs ittihamları üzrə ən ağır cəzanı tələb ediblər.

SANA-nın məlumatına görə, prokurorlar məhkəmədə təqdim olunan sübutların ardıcıl və bir-biri ilə əlaqəli olduğunu bildiriblər.

Əsədin devrilməsi və Rusiyaya sığınması

Əsəd hökuməti Rusiya və İranın dəstəyi ilə on ildən çox davam edən vətəndaş müharibəsi dövründə hakimiyyətdə qalıb. Lakin müxalif qüvvələrin sürətli hücumu və Dəməşqə daxil olmasından sonra 2024-cü ilin dekabrında hakimiyyətini itirib.

Bu, Əsəd ailəsinin beş onillikdən çox davam edən hakimiyyətinə son qoyub. Əsəd Suriyanı tərk edib və Rusiyaya sığınıb.

Məhkəmənin qərarı Əsəd hakimiyyəti dövründə törədilən zorakılıqlarda ittiham olunan keçmiş rəsmilərin məsuliyyətə cəlb olunmasına yönəlmiş daha geniş prosesin bir hissəsidir. Əsəd hazırda Rusiyada olduğu üçün məhkəmə prosesi onun iştirakı olmadan keçirilib.

Teqlər