Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün qoşunlar və silahlar göndərib. Ukrayna kəşfiyyat rəsmisinin məlumatına görə, Pxenyan Rusiyaya raket bölməsi də yerləşdirib. Bu, Şimali Koreyanın 1950-ci illərdən bəri müharibədə ən genişmiqyaslı iştirakı hesab olunur.
Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreyaya məxsus raket bölməsi Rusiyanın qərbinə yerləşdirilməyə başlayıb. Bölmənin Ukraynaya qarşı hücumlar üçün 120-dək ballistik raket və altı buraxılış qurğusu ilə təchiz oluna biləcəyi bildirilir.
Bölmədə təxminən 90 Şimali Koreya hərbçisinin olduğu və onların Rusiyanın Voronej vilayətində yerləşdiriləcəyi qeyd olunur. Məsələ ilə tanış mənbə “Reuters” agentliyinə bildirib ki, ABŞ bu yerləşdirmədən xəbərdardır.
Ukrayna rəsmisinin sözlərinə görə, artıq 40 Şimali Koreya raketi tədarük edilib. Onlardan ən azı ikisi ötən həftə Ukraynaya qarşı həyata keçirilən və insan tələfatı ilə nəticələnən hücumda istifadə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski iyul ayında bildirib ki, Rusiya 30 min Şimali Koreya hərbçisini cəlb etməyi planlaşdırır və onların qəbulu üçün Voronej vilayətində hazırlıq işləri aparır.
2024-cü ildə Rusiyaya nə qədər Şimali Koreya hərbçisi göndərilib?
Ukrayna və Cənubi Koreyanın qiymətləndirmələrinə görə, Şimali Koreya 2024-cü ildə Rusiyanın Kursk vilayətinə təxminən 14-15 min hərbçi göndərib. Bu qüvvələr Moskva qoşunlarına Ukraynanın gözlənilməz quru əməliyyatının qarşısını almağa kömək edib.
Rusiya və Şimali Koreya 2025-ci ilin aprelində Şimali Koreya hərbçilərinin Kurskda Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini təsdiqləyib.
Moskva Kursk ərazisini geri qaytardığını açıqladıqdan sonra Rusiyanın ali hərbi rəhbərliyi Şimali Koreya qüvvələrinin rolunu yüksək qiymətləndirib. Pxenyan isə bildirib ki, hərbçilərin göndərilməsi Kim Çen Inın göstərişi ilə həyata keçirilib.
Ukrayna rəsmisinin məlumatına görə, hazırda Kursk vilayətində təxminən 9500 Şimali Koreya hərbçisi qalır, lakin onlar Ukraynaya qarşı əməliyyatlarda birbaşa iştirak etmirlər.
Şimali Koreya daha necə dəstək verəcək?
2025-ci ilin iyununda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Şimali Koreya Kursk vilayətinə minaların təmizlənməsi üçün 1000 istehkamçı, həmçinin döyüşlərdə zərər görmüş infrastrukturun bərpasına kömək məqsədilə 5000 hərbi tikinti işçisi göndərəcək.
Həmin ay Cənubi Koreya parlamentinin deputatları Milli Kəşfiyyat Xidmətinin məlumatına istinadən bildiriblər ki, Şimali Koreya Rusiyaya əlavə qüvvələr göndərmək üçün şəxsi heyət toplamağa başlayıb.
Rusiyaya nə qədər mühəndis, minatəmizləmə mütəxəssisi və ya əlavə hərbçinin gəldiyi, eləcə də onların döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məlum deyil.
Şimali Koreya Rusiyaya niyə kömək edir?
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In 2024-cü ilin iyununda Putinin Pxenyana səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.
Razılaşmada tərəflərdən hər hansı birinin xarici təcavüzlə üzləşəcəyi halda qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulur.
Şimali Koreya öz qüvvələrinin göndərilməsini müqavilə tərəfdaşına dəstək kimi təqdim edir. .
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın