Zelenski: “Rusiya Şimali Koreya qüvvələrinin sayını artırmağa hazırlaşır”

Zelenski: “Rusiya Şimali Koreya qüvvələrinin sayını artırmağa hazırlaşır”
Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiya səfəri. Belqrad, 8 avqust 2026-cı il.
Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın öz ərazisinə Şimali Koreyadan əlavə hərbi qüvvələr yerləşdirməyə hazırlaşdığını bildirib. O qeyd edib ki, Pxenyan Moskvaya yeni ballistik raketlər də tədarük edib.

Zelenskinin sözlərinə görə, bu hərbi əməkdaşlıq yalnız Ukrayna üçün deyil, daha geniş region üçün təhlükə yaradır.

Ukrayna lideri “X” platformasındakı paylaşımında bildirib ki, Rusiya tarixində ilk dəfə Şimali Koreyanın dəstəyi olmadan müharibə apara bilmir. Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri və silahları Rusiya-Ukrayna müharibəsində döyüş təcrübəsi qazanır. Pxenyan bu yolla öz hərbi imkanlarındakı zəif tərəfləri müəyyənləşdirir və aradan qaldırır.

 

Zelenski xəbərdarlıq edib ki, bu təcrübə Cənubi Koreya, Yaponiya və Filippin kimi ölkələr üçün də təhlükəsizlik risklərini artırır. O, tərəfdaş ölkələri Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çağırıb.

Bundan əvvəl Zelenski Rusiyaya 30 mindən 50 minə qədər əlavə Şimali Koreya əsgərinin göndərilə biləcəyini açıqlamışdı.

Şimali Koreyanın 2024-cü ildən etibarən Rusiyanın Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi bildirilir. Həmin qüvvələr Ukrayna qoşunlarına qarşı döyüşlərdə Rusiya ordusuna dəstək verir.

Pxenyan bu addımı iki ölkə arasında imzalanmış müdafiə sazişi çərçivəsində yardım kimi izah edir. Rusiya və Şimali Koreya 2024-cü ilin iyununda strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.

Ukrayna hərbi kəşfiyyatının rəsmisi bildirib ki, təxminən 90 nəfərdən ibarət Şimali Koreya raket bölməsi Rusiyanın qərbində yerləşən Voronej vilayətinə göndərilib. Məlumata görə, bu bölmə gələcəkdə 120-yə yaxın ballistik raket və altı buraxılış qurğusu ilə fəaliyyət göstərə bilər.

Pxenyanın Rusiyaya yeni partiya şəklində 40 ədəd KN-23 və KN-24 tipli ballistik raket verdiyi bildirilir. Rusiya 2023-cü ilin sonlarından etibarən Ukraynaya qarşı Şimali Koreya istehsalı olan bu raketlərdən istifadə edir. Şimali Koreya, həmçinin, Rusiyaya milyonlarla artilleriya və minaatan mərmisi tədarük edib.

Ukrayna bildirir ki, ballistik raketlər hava hücumundan müdafiə sistemləri üçün ən çətin hədəflərdən biridir. Zelenski vurğulayıb ki, güclü hava müdafiəsi yalnız Ukraynanın qorunmasına deyil, həm də Şimali Koreyanın müharibədən öz döyüş imkanlarını inkişaf etdirmək üçün istifadəsini məhdudlaşdırmağa kömək edəcək.

Rusiya daha əvvəl Şimali Koreya hərbçilərinin Kursk vilayətində öz qüvvələri ilə birlikdə döyüşdüyünü təsdiqləyib. Lakin Moskva əlavə qoşunların göndərilməsi və ya yeni Şimali Koreya raket bölməsi ilə bağlı son iddialara münasibət bildirməyib.

Zelenski bildirib ki, Rusiya ötən gecə Zaporojyeyə hücum zamanı Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə edib.

Onun sözlərinə görə, hücum zamanı Şimali Koreya ballistik raketləri ilə yanaşı, “Sirkon” raketləri və idarə olunan aviasiya bombalarından da istifadə olunub.

Ukrayna hakimiyyəti hücum nəticəsində azı 6 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, Zaporojyeyə zərbə Rusiyanın Ukrayna ərazisinə daha genişmiqyaslı hücumlarının bir hissəsi olub. Həmin gecə Ukraynaya qarşı 120-dən çox pilotsuz uçuş aparatı da istifadə edilib.

Kiyev də hücuma məruz qalıb. Xerson və Xarkov vilayətlərində isə enerji yarımstansiyalarına ziyan dəyib və elektrik enerjisinin kəsilməsi baş verib.

Teqlər