ABŞ-nin müraciətindən sonra Ukrayna Qara dənizdə tankerlərə zərbələri məhdudlaşdırıb

ABŞ-nin müraciətindən sonra Ukrayna Qara dənizdə tankerlərə zərbələri məhdudlaşdırıb
Reuters

Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin müraciətindən sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından istifadə edən bəzi tankerlərə zərbə endirməməyə razılaşıb.

 “Financial Times” qəzetinin məlumatına görə, Ukrayna limandakı Rusiya hədəflərinə zərbələri davam etdirib.

Novorossiyskə zərbələr davam edir

Lakin razılaşma Ukraynanın Novorossiyskə hücumlarını tam dayandırması demək deyil. Rusiya rəsmilərinin məlumatına görə, liman avqustun 12-nə keçən gecə Ukraynanın genişmiqyaslı dron hücumuna məruz qalıb. Ukrayna mənbələri isə hücum zamanı hərbi hədəflərin vurulduğunu bildirib.

“Financial Times” qəzetinin məlumatına görə, razılaşma əsasən Qazaxıstan neftini daşıyan tankerləri və Xəzər Boru Kəməri Konsorsiumuna (XBKK) aid infrastrukturu əhatə edir. Bu isə Novorossiyskdəki Rusiya hərbi və enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı ümumi razılaşmanın olmadığı deməkdir.

Vaşinqton bu müraciəti Qazaxıstan neftini daşıyan tankerlərə hücumların qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura biləcəyi ilə bağlı narahatlıqlar fonunda edib. Qazaxıstan nefti Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə Novorossiysk yaxınlığındakı terminala nəql olunur.

“Financial Times”ın məlumatına görə, Ukrayna Xəzər Boru Kəməri infrastrukturunu və Rusiya ilə əlaqəsi olmayan gəmiləri hədəfə almamağa razılaşıb. Bunun üçün gəmilərin Ukraynanın sanksiya siyahısında olmaması, həmçinin Rusiya nefti və ya digər Rusiya yüklərini daşımaması şərtdir.

Ukrayna son dövrlərdə Rusiyanın enerji infrastrukturu və digər strateji obyektlərinə zərbələri artırıb. Rəsmi Kiyev bildirir ki, məqsəd Moskvanın hərbi əməliyyatların maliyyələşdirilməsində istifadə etdiyi resursları azaltmaqdır.

Lakin Qara dənizdəki hücumlar Qazaxıstanın neft ixracına, eləcə də ölkənin enerji sektoruna böyük sərmayələr yatırmış Qərb şirkətlərinə də təsir göstərib.

XBKK vasitəsilə neft tədarükü pozulub

Qara dənizdəki dron hücumları səbəbindən iyulda XBKK vasitəsilə daşınan neftin həcmi 20 faizə qədər azalıb. “Reuters”in məlumatına görə, Novorossiysk ətrafındakı hücumlar yükləmə əməliyyatlarını pozub və Qazaxıstanı bu marşrutla nəql olunan xam neftin həcmini müvəqqəti azaltmağa məcbur edib.

Problemlər neft hasilatına da təsir göstərib. Mənbələrin məlumatına görə, Qazaxıstanda neft hasilatı iyulda əvvəlki ayla müqayisədə 14 faiz azalıb.

Qazaxıstan neft ixracının 80 faizindən çoxunu XBKK vasitəsilə həyata keçirir. Buna görə də marşrutda yaranan hər hansı fasilə ölkənin neftini beynəlxalq bazarlara çıxarmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Fasilələr ABŞ şirkətlərinə də təsir edir

XBKK marşrutu ABŞ-nin iri enerji şirkətləri üçün də strateji əhəmiyyət daşıyır. “Chevron” və “ExxonMobil” XBKK layihəsinin iştirakçılarıdır və Qazaxıstanın neft sektoruna böyük sərmayələr yatırıblar.

“Chevron” ölkənin ən böyük neft yataqlarından biri olan Tengizdə 50 faiz, “ExxonMobil” isə 25 faiz paya sahibdir.

Qazaxıstan alternativ marşrutlar axtarır

XBKK marşrutunda təkrarlanan fasilələr Qazaxıstanı neft ixracı üçün alternativ yollar axtarmağa sövq edib. Astana xam neftin bir hissəsini Bakı–Tbilisi–Ceyhan boru kəməri, Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə və Bakı–Supsa marşrutu ilə nəql etməyə çalışır.

Lakin bu marşrutların ötürmə imkanları XBKK ilə müqayisədə hələ də məhduddur. Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ildə təxminən 1,2 milyon ton Qazaxıstan nefti daşınır. Azərbaycan isə bu həcmi ildə 2,2 milyon tona çatdırmağa hazır olduğunu bildirib.

Teqlər