İran Hörmüz boğazına nəzarət etdiyini iddia edir

İranın "Bəsic" yarımhərbi birliyinin rəhbəri Hörmüz boğazının "İranın nəzarəti və idarəçiliyi altında" olduğunu bəyan edib. Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

⦿ 21:07 | YENİLƏNİB

Heqset "USS Abraham Lincoln" gəmisindəki ağır şəraitlə bağlı iddiaları rədd edib

Reuters

ABŞ-nin müdafiə naziri Pit Heqset "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisində təchizat çatışmazlığı, suyun çirklənməsi və şəraitin pisləşməsi barədə xəbərləri təkzib edərək, bu iddiaların tamamilə təhrif olunduğunu bildirib.

Demokrat qanunvericilər isə təyyarədaşıyan gəminin Yaxın Şərqdə xidmət müddətinin uzadılması ilə bağlı rəsmi izahat tələb ediblər.

Pit Heqset "PANAMAX 2026" təlimləri zamanı mətbuata açıqlama verir. Panama, 13 avqust 2026-cı il.

⦿ 20:00 | YENİLƏNİB

Yəmən yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir

Reuters

BMT-nin xüsusi nümayəndəsi xəbərdarlıq edib ki, toqquşmaların kəskinləşdiyi və əhalinin yarısından çoxunun kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyi bir vaxtda Yəmən 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən bəri yenidən genişmiqyaslı müharibənin başlanması ilə bağlı ən ciddi risklə qarşı-qarşıyadır.

⦿ 19:45 | YENİLƏNİB

Yəməndə toqquşmalar kəskinləşir

Anadolu

Husilərin nəzarətində olan dövlət mediasının məlumatına görə, Yəməndə son 10 gün ərzində 31 zabit və 3 briqada generalı da daxil olmaqla, ümumilikdə 57 husi döyüşçüsü dəfn edilib.

"Saba TV" telekanalı həmin şəxslərin harada və necə həlak olduğunu dəqiqləşdirməyib. Dəfn mərasimləri Maərib, Əl-Cauf, Əd-Dali və Təiz də daxil olmaqla bir neçə əyalətdə husilər ilə hökumət qüvvələri arasında toqquşmaların yenidən şiddətləndiyi bir vaxta təsadüf edir.

Bu toqquşmalar 2022-ci ilin aprelində BMT-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonra nisbətən sakitləşən Yəmən münaqişəsində gərginliyin yenidən artdığını göstərir. Rəsmi atəşkəsin müddəti həmin ilin sonlarında başa çatsa da, tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatlar əhəmiyyətli dərəcədə azalmışdı.

Məlumata görə, son gərginlik dalğası həm də husilərin iyul ayında Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonraya təsadüf edir.

⦿ 18:20 | YENİLƏNİB

İran ABŞ-nin Hörmüz boğazında normal keçidlə bağlı iddialarını rədd edib

Reuters

İran ordusu ABŞ-nin gəmilərin Hörmüz boğazından normal şəkildə keçdiyi barədə iddialarını rədd edib. Rəsmi Tehran bildirib ki, təhlükəsiz keçid yalnız İranın icazəsi və nəzarəti ilə mümkündür.

İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib ki, strateji su yolu İslam Respublikasının tam idarəsi və nəzarəti altındadır. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin razılığı olmadan heç bir ticarət gəmisi və ya neft tankeri təhlükəsiz şəkildə boğazdan keçə bilməz.

⦿ 18:17 | YENİLƏNİB

Ərdoğan: “Fələstinə dəstək bütün bəşəriyyətin ortaq məsuliyyətidir”

Anadolu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin Prezidenti Mahmud Abbasla görüş zamanı ölkəsinin müstəqil Fələstin dövlətinə dəstəyini bir daha təsdiqləyib. Ərdoğan bildirib ki, Fələstin dövləti 1967-ci il sərhədləri əsasında yaradılmalı, paytaxtı isə Şərqi Qüds olmalıdır.


Ərdoğan Qəzzanın yenidən qurulması üçün zəruri şəraitin yaradılmasına və bölgədə təhlükəsizliyin təmin edilməsinə də çağırıb.

⦿ 18:00 | YENİLƏNİB

Husilərin dron hücumu nəticəsində Yəmənin şərqində iki nəfər ölüb

Anadolu

Hökumətyönlü “Əl-Cümhuriyyə TV”nin məlumatına görə, husilərin Yəmənin şərqindəki Hədrəmut vilayətində hərbi düşərgəyə dron hücumu nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hücum Əl-Əbr səhrasında hökumətin Milli Qalxan Qüvvələrinin 3-cü diviziyasına məxsus düşərgəni hədəfə alıb.

Husilər və Yəmən rəsmiləri hadisə ilə bağlı açıqlama verməyiblər.

⦿ 17:45 | YENİLƏNİB
İsrail Hizbullah tərk-silah olunmadan Livandan çəkilməyəcəyini bildirir
Reuters

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Hizbullah tərk-silah edilməyənə və qrupun yaratdığı təhlükə aradan qaldırılmayana qədər Livanın cənubundan geri çəkilməyəcəklər.

Daha öncə ABŞ rəsmisi bildirib ki, İsrail ordusunun Livanın cənubunda daimi qalması razılaşmaya uyğun deyil. Bu açıqlamadan sonra İsrael Kats mövqeyini səsləndirib.

Həmin razılaşma İsrailin mərhələli şəkildə geri çəkilməsini Hizbullahın tərk-silahının təsdiqlənməsi ilə əlaqələndirir.

⦿ 17:40 | YENİLƏNİB
Rəsmi Tehran: “Heç bir gəmi İranın icazəsi olmadan Hörmüz boğazından keçə bilməz”
Reuters

İranın ali birgə hərbi komandanlığından bildirilib ki, Tehranın icazəsi olmadan heç bir gəmi Hörmüz boğazından keçə bilməz. Bu açıqlama İranın strateji su yoluna nəzarət etdiyi barədə mövqeyini bir daha vurğulayır.

Açıqlama İran və ABŞ-nin boğaza nəzarətlə bağlı fərqli mövqelər səsləndirdiyi bir vaxtda verilib. İran rəsmiləri bildirirlər ki, aralıq razılaşma üzrə öhdəliklər yerinə yetirilməyənədək boğaz tam açılmayacaq.

⦿ 17:35 | YENİLƏNİB


Norveç ABŞ-İran müharibəsində Pakistanın vasitəçilik səylərini dəstəkləyib

Anadolu

Norveç Pakistanın ABŞ-İran müharibəsinə son qoymaq üçün göstərdiyi vasitəçilik səylərini dəstəkləyib. Xarici İşlər naziri Espen Bart Eyde İslamabadın rolunu dünya üçün real xidmət adlandırıb.

İslamabadda keçirilən danışıqlar zamanı Eyde bildirib ki, Norveç sülh səylərinə dəstək verməyə hazırdır və Hörmüz boğazı ilə bağlı müzakirələrdə konstruktiv rol oynaya bilər.

Həmçinin hər iki ölkə müstəqil Fələstin dövlətinin yaradılmasına çağırış edib.

⦿ 17:31 | YENİLƏNİB
İran dövlət mediası gizli təyyarə dəyişməsinə görə Trampa istehza edib
Reuters

İran dövlət mediası ABŞ Prezidenti Donald Trampın ötən ay Türkiyədən ayrılarkən gizli şəkildə təyyarəsini dəyişməsinə istehza edib. Media bu təhlükəsizlik əməliyyatını ABŞ-nin İranın hərbi imkanlarından çəkindiyinin göstəricisi kimi təqdim edib.

İranın Cənubi Afrikadakı səfirliyi də Trampın iaşə konteynerində gizləndiyini göstərən istehzalı paylaşım edib. Bundan əvvəl yayılan məlumatlara görə, təhlükəsizliklə bağlı narahatlıqdan sonra Tramp və az sayda müşaviri iaşə maşını ilə gizli şəkildə daha kiçik hökumət təyyarəsinə aparılıb.

⦿ 17:30 | YENİLƏNİB
Livan Prezidenti və Baş nazir İsrailin ölkənin cənuba hücumlarını müzakirə ediblər

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvvaf Salam ölkənin cənubundakı vəziyyəti müzakirə ediblər. Görüş İsrailin davam edən hücumları və bir sıra şəhərlərdə evlərin və əmlakın dağıdılması fonunda keçirilib.

Tərəflər Livan üzrə Hərbi Koordinasiya Qrupunun rəhbərinin səfərini və 14 avqustda Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq məsələləri nəzərdən keçiriblər.

⦿ 17:28 | YENİLƏNİB
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq

Reuters

Türkiyənin Müdafiə Nazirliyi bildirilib ki, Pakistan və Səudiyyə Ərəbistanı ilə yeni imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində siyasi və hərbi koordinasiya mexanizmləri yaradılacaq.

Bu mexanizmlərə Müdafiə və Xarici İşlər nazirləri, eləcə də hərbi rəhbərlər cəlb olunacaq. Üç ölkə həmçinin birgə hərbi təlimlər keçirməyi və müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

⦿ 17:25 | YENİLƏNİB

Yəmən qüvvələri husilərin hücumunu dəf etdiklərini bildiriblər

Anadolu

Yəmənin hökumətyönlü qüvvələri Taiz-Lahic sərhədi boyunca mövqelərinə edilən husi hücumunu dəf etdiklərini bildiriblər. Baş verən toqquşmalardan sonra husilər geri çəkilib.

Hökumətyönlü qüvvələr Qırmızı dənizdə husilərə məxsus iki qayığı da məhv etdiklərini bildiriblər. Onlardan birində dronların buraxılması üçün istifadə olunan avadanlığın olduğu iddia edilir.

Husilər isə Əmran və Həccə vilayətlərində yeddi döyüşçülərinin öldüyünü bildiriblər.

⦿ 17:15  | YENİLƏNİB
“Hapag-Lloyd” Yaxın Şərqdəki münaqişə səbəbindən 600 milyon dollar əlavə xərc çəkib
Anadolu

Almaniyanın konteyner daşımaları şirkəti “Hapag-Lloyd” Yaxın Şərqdəki münaqişə səbəbindən ikinci rübdə təxminən 600 milyon dollar əlavə xərc çəkib.

“Hapag-Lloyd”un rüblük maliyyə hesabatına görə, qrupun mənfəəti aprel-iyun aylarında 83 milyon dollara düşüb. Ötən ilin eyni dövründə bu göstərici 306 milyon dollar olub.

Faiz, vergi, amortizasiya və köhnəlmə xərclərindən əvvəlki mənfəət 820 milyon dollardan 829 milyon dollara yüksəlib. Əməliyyat mənfəəti isə 189 milyon dollardan 176 milyon dollara enib.

⦿ 14:03 | YENİLƏNİB

Əraqçi: "ABŞ kəşfiyyat səhvləri ucbatından yanlış hesablama aparıb"

 

İranın Xarici İşlər naziri Abbas Əraqçi "X" platformasında etdiyi paylaşımda Vaşinqtonun Hörmüz boğazındakı hərəkətlərini "daha böyük bir yanlış hesablama" kimi qiymətləndirib.

⦿ 12:50 | YENİLƏNİB

İran ABŞ-ni beynəlxalq humanitar hüququ sarsıtmaqda ittiham edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ni İranın mülki infrastrukturuna qarşı təhdid və hücumlarla beynəlxalq humanitar hüququn prinsiplərinə görünməmiş zərbə vurmaqda ittiham edib.

Bəqayi 1949-cu il Cenevrə Konvensiyalarının qəbulunun ildönümü ilə bağlı “X” platformasında paylaşım edərək bildirib ki, sənədlərin müəllifləri onilliklər sonra ABŞ-nin başqa bir ölkənin mülki infrastrukturunu hədəfə almaqla təhdid edəcəyini təsəvvür belə edə bilməzdilər.

Onun sözlərinə görə, körpülər, elektrik stansiyaları və digər mülki obyektlərə qarşı təhdidlər beynəlxalq hüquq çərçivəsində xəstəxanaların, elektrik şəbəkələrinin və su infrastrukturunun qorunmasına dair təminatları zəiflədə bilər.

 

⦿ 12:43 | YENİLƏNİB

İran və Rusiya kibertəhlükəsizlik və kritik infrastrukturun qorunmasını müzakirə edib

IRNA-nın məlumatına görə, İran və Rusiya Moskvada ikitərəfli məsləhətləşmələrin yeni raundunu keçirib. Danışıqlarda kibertəhlükəsizlik, kibercinayətkarlıq, eləcə də kritik infrastruktur və rabitə şəbəkələrinin hücumlardan qorunması məsələləri müzakirə olunub.

Görüşdə İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq sülh və təhlükəsizlik üzrə baş direktoru, Rusiya tərəfinə isə Xarici İşlər Nazirliyinin informasiya təhlükəsizliyi üzrə rəhbəri başçılıq edib.

Danışıqlar 2021-ci ilin yanvarında imzalanan və daha sonra hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi çərçivəsində keçirilib. Moskva görüşü sazişin icrası ilə bağlı texniki məsləhətləşmələrin ikinci raundu olub.

⦿ 10:59 | YENİLƏNİB

Pakistan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya dəstək verməyə hazırdır

Pakistan Səudiyyə Ərəbistanına və çoxmillətli dəniz koalisiyasının digər üzvlərinə kommersiya gəmiçiliyinin və qlobal təchizat zəncirlərinin qorunmasında dəstək verməyə hazır olduğunu bildirib.

Açıqlama husilərin Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus kommersiya gəmisinə hücumundan sonra verilib. Hücum nəticəsində üç Pakistan vətəndaşı həlak olub, daha bir nəfər yaralanıb. Pakistan və İndoneziya vətəndaşı olan 11 dənizçi xilas edilib.

Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, İslamabad Qırmızı dəniz regionunda gəmiçilik və enerji təchizatı marşrutlarının təhlükəsizliyini təmin etməyə çalışan, Türkiyə və Misirin də daxil olduğu 14 ölkədən ibarət koalisiya qarşısındakı öhdəliklərini tam yerinə yetirəcək.

⦿ 09:34 | YENİLƏNİB

İran XİN rəhbəri Fransanı “ikiüzlülükdə” ittiham edib

İranın Xarici İşlər naziri Abbas Əraqçi Fransa və digər Qərb ölkələrini İranın etirazçılara münasibətini və ölüm hökmünün tətbiqini tənqid etdiklərinə görə ikiüzlülükdə ittiham edib.

“Fransa kimi ölkələr dünyaya ‘insan hüquqları’ və beynəlxalq hüquq barədə dərs keçməyi dayandırmalıdır. Bu ikiüzlülük açıq-aşkar və utancvericidir”, – Əraqçi “X” platformasında yazıb.

Onun açıqlaması Fransa, Avropa İttifaqı və daha 20 ölkənin İranda etirazçıların edamını pisləyən birgə bəyanat yaymasından sonra verilib.

 

⦿ 08:40 | YENİLƏNİB

Fransa və daha 25 ölkə İranda etirazçıların edamını pisləyib

Anadolu

Bəyanatı imzalayan ölkələr Tehranı ölüm hökmünün tətbiqini dərhal dayandırmağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar.

“Fikir ayrılığını susdurmaq, cəmiyyətləri qorxutmaq və insanları fundamental hüquqlarından istifadə etdiklərinə görə cəzalandırmaq üçün ölüm hökmündən istifadə heç bir halda əsaslandırıla bilməz”, – Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Onlar, həmçinin İranı öz xalqının səsinə qulaq asmağa və insan hüquqlarına hörmətin təmin olunması üçün konkret addımlar atmağa çağırıblar.

⦿ 08:11 | YENİLƏNİB

Asiya bazarları FED-in faiz artımı gözləntilərinin zəifləməsi fonunda yüksəlib

Asiya fond bazarları ABŞ-də inflyasiya göstəricilərinin gözləntilərə uyğun açıqlanmasından sonra yüksəlib. Bu nəticələr Federal Ehtiyat Sisteminin (FED) yaxın vaxtlarda faiz dərəcələrini yenidən artıracağına dair ehtimalları zəiflədib.

Cənubi Koreyanın əsas fond indeksi 4,4 faiz, Yaponiyanın Nikkei indeksi isə 1,86 faiz yüksəlib.

Neft qiymətləri bir qədər geriləsə də, yüksək səviyyədə qalıb. "Brent" markalı neftin bir barelinin qiyməti 88 dollara yaxın olub. ABŞ və İran isə Körfəz müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlarda razılığa gələ bilməyib.

Yaponiya Bankının faiz dərəcələrini gələn aydan etibarən artıra biləcəyinə dair gözləntilərin güclənməsi fonunda ABŞ dolları yen qarşısında zəifləyib.

Teqlər