Kolumbiya ABŞ ilə təhlükəsizlik əməkdaşlığını genişləndirir

Kolumbiya ABŞ ilə təhlükəsizlik əməkdaşlığını genişləndirir
ABŞ müdafiə naziri Pit Heqset Merilend ştatının Turmont şəhərindəki Kemp-Deviddə keçirilən hökumət iclasında çıxış edir, 31 iyul 2026-cı il.
Reuters/Daniel Heuer

Vaşinqton narkotiklərlə mübarizə siyasətini genişləndirir, Kolumbiyanın yeni mühafizəkar hökuməti isə ABŞ ilə təhlükəsizlik əməkdaşlığını gücləndirməyə çalışır.

ABŞ müdafiə naziri Pit Heqset Kolumbiya ilə silahlı qruplara qarşı birgə zərbələrin mümkünlüyünü gündəmə gətirib. Bu açıqlama Kolumbiyanın ABŞ-nin rəhbərlik etdiyi narkotiklərlə mübarizə koalisiyasına qoşulmasından sonra verilib.

Panamada keçirilən Amerika Qitəsi Kartellərə Qarşı Koalisiyasının toplantısında Heqset bildirib ki, Kolumbiya terrorçuları və terror şəbəkələrini məhv etmək üçün birgə hərbi əməliyyatlara icazə verib.

O, Milli Azadlıq Ordusu və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin qalıqlarına qarşı birgə zərbələri kolumbiyalı həmkarı ilə müzakirə etdiyini də təsdiqləyib.

Heqset bildirib ki, terror təşkilatı kimi tanın qruplar, o cümlədən Kolumbiyadakı silahlı birləşmələr ABŞ üçün legitim hədəf sayıla bilər.

Trampın regional təhlükəsizlik siyasəti

Prezident Donald Trampın Latın Amerikası siyasəti Panama Kanalından daha geniş regional təhlükəsizlik məsələlərinə yönəlib.

"Reuters"in məlumatına görə, ötən ilin sentyabrında narkotik daşımaqda şübhəli bilinən qayıqlara qarşı ABŞ zərbələrinin başlanmasından bəri 200-dən çox insan həlak olub.

Tənqidçilər bu zərbələrin müharibə cinayətləri sayıla biləcəyini bildirirlər. Heqset isə bu iddiaları rədd edib, Beynəlxalq Cinayət Məhkəməsini tənqid edib və koalisiya üzvlərini qurumdan çıxmağa çağırıb.

O, narkotik tacirlərini “Əl-Qaidə” və “İslam Dövləti” ilə müqayisə edərək ABŞ-nin Qərb yarımkürəsini narkotik qaçaqmalçılarından və zərərli xarici təsirlərdən qoruyacağını bildirib.

Kolumbiyada təhlükəsizlik tədbirləri sərtləşir

Kolumbiya Prezidenti Abelardo De La Espriellanın təhlükəsizlik tədbirlərini gücləndirmək planı Tramp administrasiyasının dəstəyini qazanıb.

Vaşinqton Kolumbiya hökumətinə 1 milyard dollar həcmində təhlükəsizlik yardımı ayırmağı planlaşdırır.

Kolumbiyanın yeni Prezidenti Abelardo De La Espriella Kali şəhərində keçirilən andiçmə mərasimində salam verir, Reuters, 7 avqust 2026-cı il.

Andiçmə mərasimində çıxış edən De La Espriella “qanunsuz əkinlərin bəlasını qəti şəkildə aradan qaldıracağını” bildirib və Kolumbiyanın Trampın “Amerikaların Qalxanı” proqramına qoşulacağını açıqlayıb.

De La Espriella silahlı qrupların genişlənməsinə görə solçu sələfi Qustavo Petronu ittiham edib. Onun seçilməsi Latın Amerikasında sağa meylin gücləndiyi bir dövrə təsadüf edir. Zəif iqtisadi vəziyyət və artan cinayətkarlıq sərt sağçı namizədlərin dəstəyini artırıb.

Kolumbiyanın yeni müdafiə naziri Xorxe Eduardo Mora bildirib ki, ölkə həm Sakit okean, həm də Karib dənizi sahillərində narkotik qaçaqmalçılarına qarşı mübarizədə mühüm rol oynaya bilər.

ABŞ rəsmilərindən biri yeni təhlükəsizlik tərəfdaşlığının 2000-ci illərin əvvəllərində başladılan ABŞ-Kolumbiya narkotiklərlə mübarizə təşəbbüsü olan “Kolumbiya Planı” çərçivəsindəki əməkdaşlıqdan daha geniş olacağını bildirib.

Panama Prezidenti Xose Raul Mulino toplantıda narkotik qaçaqmalçılığını region üçün ən böyük təhlükə adlandırıb. O, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın üzv ölkələrin suverenliyinə xələl gətirə biləcəyi ilə bağlı narahatlıqları rədd edib.

Teqlər