Tayvan paytaxt ətrafında müdafiə hazırlığını gücləndirir

Tayvan paytaxt ətrafında müdafiə hazırlığını gücləndirir
Tayvan ordusuna məxsus “Clouded Leopard” zirehli maşını Taypeydə keçirilən “Han Kuang” hərbi təlimlərində iştirak edir. 13 avqust 2026-cı il.
Reuters

Tayvan hərbi müdafiə təlimləri keçirib. Eyni vaxtda Çin və İndoneziya hərbi-dəniz qüvvələri Tayvanın şərqindəki sularda birgə təlimləri başa vurublar.

Tayvan qüvvələri paytaxt Taypey ətrafında müdafiəni gücləndirmək üçün düşmənin körpüdən istifadə etməsinə qarşı təlim keçirib.

Hərbçilər “Guangfu” körpüsünə gedən yollarda metal və beton maneələr, eləcə də tikanlı məftillər quraşdırıblar. Yolu bağlamaq üçün avtobuslardan da istifadə olunub.eyd edək ki, körpü Taypeyi Yeni Taypey şəhəri ilə birləşdirir.

Tayvan qüvvələri döyüş və təcili tibbi yardım təlimləri də keçirib. Müharibə şəraitini canlandırmaq üçün tüstü və işıq effektlərindən istifadə olunub.

Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Chieh Chung bildirib ki, təlimlərin məqsədi Çinin mümkün hücumu zamanı ordunun necə hərəkət edəcəyini və hazırlanan müdafiə planlarının praktikada nə dərəcədə effektiv olduğunu sınaqdan keçirməkdir.

Təlimin məqsədi Çin Xalq Azadlıq Ordusunun körpülərdən istifadə edərək Taypeyə sürətlə irəliləməsinin qarşısını almaqdır. Zərurət yaranarsa, ordunun bu körpüləri dağıtması da nəzərdə tutula bilər. Bununla XAO qüvvələrinin çayı keçərək paytaxta doğru irəliləməsinin qarşısının alınması planlaşdırılır.

Çin və İndoneziya hərbi-dəniz təlimlərini başa vurub

Çin və İndoneziya hərbi-dəniz qüvvələri Tayvanın şərqindəki sularda birgə dəniz təlimi keçiriblər.

Təlimlər Tayvanın sərt reaksiyasına səbəb olub. Tayvan Çini bu addımla adanın şərqindəki sular üzərində səlahiyyət sahibi olduğu barədə yanlış təsəvvür yaratmağa çalışmaqda ittiham edib.

Tayvanın Materik İşləri Şurası təlimləri hərbi təxribat adlandırıb və Pekini bu təhlükəli fəaliyyəti dərhal dayandırmağa çağırıb. 

 

 

Çin bunu naviqasiya təlimi adlandırıb, İndoneziya hərbi-dəniz qüvvələri isə təlimlərin adi xarakter daşıdığını bildirib.

İndoneziya Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Tunggul bildirib ki, bu cür təlimlər hərbi gəmilərin başqa ölkələrin dəniz ərazilərindən keçidi zamanı keçirilən adi hərbi-dəniz təcrübəsidir. 

Bu, Pekinin Tayvanın şərqindəki sularda xarici ölkənin hərbi qüvvələri ilə birgə təlim keçirdiyi ilk hal olub.

Çin Tayvan üzərində iddiasını davam etdirir

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və Tayvan hökumətinin suverenliyini tanımır.

İyun ayında Çin Sahil Mühafizəsi adanın şərq sahilləri yaxınlığında patrul xidməti əməliyyatlarına  başlayıb. Bu addım Taypeyin etirazına, Vaşinqtonun isə narahatlığına səbəb olub.

Əksər ölkələr kimi İndoneziyanın da Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur. Bununla belə, adada təxminən 300 min indoneziyalı miqrant yaşayır.

Tayvan hökuməti bildirir ki, adanın gələcəyinə yalnız Tayvan xalqı qərar verə bilər. Hökumət Çinin hərbi təzyiqlərini dəfələrlə pisləyib.

Teqlər