ABŞ İranı iqtisadi cəhətdən tam təcrid etməyə hazırlaşır

ABŞ İranı iqtisadi cəhətdən tam təcrid etməyə hazırlaşır
F/A-18E “Super Hornet” qırıcısı “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin uçuş göyərtəsindən havaya qalxır. 31 iyul 2026-cı il.
Reuters

ABŞ-nin Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranı iqtisadi cəhətdən təcrid etmək məqsədilə bu ölkəyə qarşı "əvvəllər görülməmiş" tədbirlər tətbiq edəcək.

⦿ 22:01  | YNİLƏNİB

Husilər “Saudi Aramco” obyektinə dronla hücum ediblər

Reuters

Yəməndə husilərin nəzarətində olan "SABA" xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, qrup Səudiyyə Ərəbistanının Nəcran şəhərində “Saudi Aramco”ya məxsus obyektə dronla hücum edib.

⦿ 20:50 | YENİLƏNİB

Misir, Türkiyə və Səudiyyə Ərəbistanı regional məsələləri müzakirə ediblər

X / Misirin Xarici İşlər Nazirliyi

Misir, Türkiyə və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirləri avqustun 14-də Misirin Əl-Alameyn şəhərində bir araya gələrək regional prosesləri müzakirə ediblər.

Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər görüşdə əməkdaşlığı gücləndirmək, sıx əlaqələri davam etdirmək və ortaq maraqları irəli aparmaq niyyətlərini bir daha təsdiqləyiblər.

⦿ 20:00  | YENİLƏYİB

İran sularında neft sızması aşkarlanıb, Körfəzdə ekoloji risk artır

Reuters

İran sularında neftlə çirklənmiş iki sahə aşkarlanıb. İran və ABŞ arasında gəmilərə hücumların davam etdiyi bir vaxtda bu vəziyyət Körfəzdə ətraf mühitə dəyən ziyanla bağlı narahatlıqları artırıb.


Çirklənmiş sahələrdən biri Qeşm adası yaxınlığında, digəri isə Sirri adası ətrafında müşahidə olunub. “Reuters” neft sızmasının səbəbini müəyyənləşdirə bilməyib.


Ekspertlər xəbərdarlıq edirlər ki, neft sızması nə qədər uzun müddət davam edərsə, dəniz ekosistemləri və sahilyanı ərazilər üçün risk bir o qədər artar.

⦿ 17:56 | YENİLƏNİB

Rusiya rəsmisi ABŞ-ni Hörmüz boğazındakı vəziyyətə görə tənqid edib

X/@Amb_Ulyanov

Rusiyanın BMT-dəki nümayəndəsi Mixail Ulyanov ABŞ-nin Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı çağırışını tənqid edib.


“Vaşinqtonun məntiqini anlamaq çətindir”, – Ulyanov “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı təcavüzü Hörmüz boğazında gəmiçilik azadlığını pozub.


Diplomat rəsmi Vaşinqtonu yaranmış vəziyyətin nəticələrini müharibəni davam etdirməklə aradan qaldırmağa çalışmaqda ittiham edib.

⦿ 14:59  | YENİLƏNİB

İsrail hərbi təyyarələri və PUA-ları Livanın cənubunu vurub

Livanın Milli Xəbər Agentliyi

Livanın Milli Xəbər Agentliyi bildirir ki, İsrail hərbi təyyarələri və PUA-ları ölkənin cənubundakı Sur rayonunda Əl-Məşaa məhəlləsinə və Əl-Mənsuri ətrafındakı əkin sahələrinə zərbələr endirib.

Hücumlar Sur şəhərinin cənub-şərqində yerləşən Əl-Mənsuridə digər hərbi əməliyyatlarla müşayiət olunub.

⦿ 14:47 | YENİLƏNİB

Pakistan və ABŞ ikitərəfli əməkdaşlığı müzakirə edib

X/@ForeignOfficePk

Pakistanın Baş nazirinin müavini və Xarici İşlər naziri İshaq Dar İslamabadda ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beykerlə görüşüb. İshaq Dar bildirib ki, Anlaşma Memorandumunun tam icrası bütün tərəflər üçün yeganə çıxış yoludur.

Görüşdə Pakistan və ABŞ arasında əməkdaşlıq, eləcə də regionda baş verən son hadisələr müzakirə olunub. İshaq Dar ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirib və davamlı sülh üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıb.

Beyker isə Pakistanın regional sülh və sabitliyin təşviqində konstruktiv rolunu yüksək qiymətləndirib.

 

⦿ 13:20 | YENİLƏNİB

Britaniya dəniz xidməti Hörmüz boğazında gəmiyə dron hücumu edildiyini bildirir

Reuters

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) hərbi qurumlara istinadən bildirib ki, cümə axşamı Hörmüz boğazını tərk edən tanker dron zərbəsinə məruz qalıb.

Gəmiyə cüzi ziyan dəyib. Heyət üzvlərinin hamısının təhlükəsizlikdə olduğu və ətraf mühitə hər hansı zərər dəymədiyi bildirilir.

 

⦿ 12:17 | YENİLƏNİB

"Brent" neftinin bareli 87,92 dollardan ticarət olunur

Anadolu

Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı xam neftin bir bareli cümə axşamı gününün bağlanış qiymətindən bir qədər yüksək — 87,92 dollardan ticarət olunur.

Oktyabr təhvilatlı "Brent" neft fyuçersləri cümə axşamı gün içində maksimum 89,07 dolları gördükdən sonra günü 87,07 dollar səviyyəsində başa vurub.

"West Texas Intermediate" (WTI) markalı neftin bir bareli isə 81,85 dollardan satılır.

⦿ 10:20 | YENİLƏNİB

Tehran Hörmüz boğazındakı ekoloji fəsadları xarici ölkələrin müdaxiləsi ilə əlaqələndirir

 

İranın Xarici İşlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazındakı Qeşm adası ətrafında yaranan neft çirklənməsi xarici ölkələrin hərbi müdaxiləsinin nəticəsidir.

"Qeşm adasının sahillərində neft çirklənməsi regionda xarici hərbi təcavüzün fəsadlarından qaynaqlanır", — deyə o, "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

İran dəfələrlə ABŞ-ni adaya zərbələr endirməkdə ittiham edib. Vaşinqton isə özünümüdafiə məqsədilə Qeşmdəki radar və hərbi obyektləri vurduğunu əvvəllər etiraf etsə də, digər insidentlərlə bağlı iddiaları rədd edir.

Qəribabadi əlavə edib ki, adanın ətraf mühitinə dəyən zərər İranın "Hörmüz boğazı üçün xüsusi idarəetmə mexanizmini tətbiq etməsi" zərurətini bir daha göstərir.

⦿ 09:36 | YENİLƏNİB

İran hərbi rəsmisi: "ABŞ-nin Hörmüz boğazına nəzarət etməsi barədə iddiaları əsassızdır"

 

İranın dövlətə bağlı "Defa Press" xəbər agentliyinin məlumatına görə, ölkənin Hərbi Komandanlığının nümayəndəsi cümə axşamı bildirib ki, ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ keçirməsi ilə bağlı iddiaları əsassızdır.

"Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının mətbuat katibi İbrahim Zülfiqari televiziya vasitəsilə yayımlanan bəyanatında bildirib ki, İran Silahlı Qüvvələrinin icazəsi olmadan heç bir ticarət gəmisi və ya neft tankeri bu su yolundan keçə bilməz.

Cümə axşamı Prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında ABŞ-nin Hörmüz boğazına "tam nəzarət" etdiyini iddia etmişdi.

Zülfiqari bu iddiaları "yalan və uydurmadan başqa bir şey deyil" deyərək rədd edib və əlavə edib ki, bu bəyanatlar ABŞ hərbçilərinin çarəsizliyini və acizliyini əks etdirir.

 

⦿ 08:50 | YENİLƏNİB

Pit Heqset "USS Abraham Lincoln" hərbi gəmisindəki pis şərait iddialarını rədd edib

 

ABŞ-nin müdafiə naziri Pit Heqset "USS Abraham Lincoln" hərbi gəmisində şəraitin pis olması haqqında yayılan xəbərləri yalanlayıb. O bildirib ki, bu iddialar tamamilə təhrif olunub və həqiqəti əks etdirmir.

Bu gəmi artıq 265 gündür ki, Yaxın Şərqdə dənizdədir və İranla bağlı hərbi tapşırıqları yerinə yetirir.

Gəmidəki hərbçilərin ailələri isə deyir ki, heyət üvzləri artıq dözə bilmir, hətta bəziləri özünü gəmidən suya atmağa cəhd edib. Həmçinin yeməklərin pis olması, duş və tualetlərin bərbad vəziyyətdə qalması ilə bağlı da çoxlu şikayətlər var.

"Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ bu gəmini əvəz etmək üçün əraziyə başqa bir hərbi gəmi — "USS George Washington"ı göndərməyi planlaşdırır.

⦿ 07:45 | YENİLƏNİB

ABŞ İrana qarşı "tarixdə görülməmiş" tədbirlər tətbiq edəcək

Reuters/Anadolu

ABŞ-nin Maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı "əvvəllər görülməmiş" tədbirlər tətbiq edəcəyini bildirib.

"Newsmax" telekanalının "Rob Schmitt Tonight" proqramına müsahibə verən nazir Vaşinqtonun Tehranı iqtisadi cəhətdən təcrid etməyi planlaşdırdığını deyib:

"Gələn həftə veriləcək yeni açıqlamaları gözləyin, çünki bir ölkənin iqtisadi təcridi tarixində analoqu olmayan tədbirlər görəcəyik".

Xatırladaq ki, iyul ayında Hörmüz boğazında yük gəmilərinə yenidən hücumlar edildikdən sonra ABŞ Maliyyə Nazirliyi İranın gəmiçilik və maliyyə şəbəkələrini hədəf alan sanksiyaları genişləndirmişdi.

Teqlər