Konqo Demokratik Respublikasının daha bir əyalətində Ebola virusu aşkarlanıb

Konqo Demokratik Respublikasının daha bir əyalətində Ebola virusu aşkarlanıb
Ebola virusundan öldüyü ehtimal edilən şəxsin cəsədi ilə təmasdan sonra dezinfeksiya işləri görülür. KDR, İturi, 10 iyul 2026-cı il.
Reuters

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması genişlənib. Virus ölkənin şimalındakı Bas-Uele əyalətində də qeydə alınıb. Səhiyyə qurumlarının məlumatına görə, əyalətdə bir nəfər Ebola virusundan həyatını itirib. Bununla da xəstəliyin yayıldığı əyalətlərin sayı altıya çatıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Jean Kaseya bildirib ki, ölən şəxsdə Ebola virusuna uyğun qanaxma əlamətləri müşahidə olunub.

Məlumata görə, həmin şəxs Haut-Uele əyalətindən Bas-Uele əyalətinə gedib və orada xəstəlik əlamətləri ilə bir neçə tibb müəssisəsinə müraciət edib. O, Bas-Uele əyalətinin paytaxtı Butada həyatını itirib.

Ebola virusu Konqo Demokratik Respublikasında altı əyalətə yayılıb

Virus Bas-Uele, Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopo əyalətlərində qeydə alınıb. Uqanda ilə həmsərhəd olan İturi əyaləti Bundibugyo virus ştamının səbəb olduğu epidemiyanın əsas mərkəzi hesab olunur.

Keniyada Ebola ilə mübarizəyə cəlb olunan səhiyyə işçiləri üçün təlim keçirilir. 5 avqust 2026-cı il.
Reuters
 

Səhiyyə qurumlarının məlumatına görə, may ayında elan edilən epidemiyadan sonra 2061 nəfər ölüb, 4449 yoluxma halı qeydə alınıb.

Ebola epidemiyası hələ də nəzarət altına alınmayıb

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Jean Kaseya bildirib ki, Konqo Demokratik Respublikasında ölüm hallarının böyük hissəsi tibb müəssisələrindən kənarda baş verir. Onun sözlərinə görə, ölənlərin 63 faizi icmalarda qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, epidemiyanın hazırkı yayılma sürəti davam edərsə, Konqo Demokratik Respublikasındakı Ebola epidemiyası 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiyanı geridə qoya bilər. 

ÜST rəhbəri Tedros Adhanom Gebreyesusun sözlərinə görə, hazırkı epidemiya tarixdə qeydə alınan ən sürətli yayılan Ebola epidemiyalarından biridir. 

Teqlər