Avstriyada məhkum edilən suriyalı zabit ölkəsinə qayıdıb

Avstriyada məhkum edilən suriyalı zabit ölkəsinə qayıdıb
Polis əməkdaşları. İnsbruk, Avstriya, 15 oktyabr 2025-ci il.
Reuters

Bəşər Əsəd dövründə saxlanılan şəxslərlə pis rəftarda təqsirli bilinərək Avstriyada səkkiz il həbs cəzası alan keçmiş suriyalı zabit apellyasiya prosesi davam edərkən Suriyaya qayıdıb. Bu barədə “Reuters” dörd mənbəyə və agentliyin əldə etdiyi mesajlara istinadən məlumat yayıb.

Polkovnik-leytenant Musab Əbu Rukba bu ayın əvvəlində Suriyanın cənubundakı Dəra vilayətinin Nava şəhərinə qayıdıb. Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, ailə üzvləri onun qayıdışı münasibətilə qarşılanma mərasimi keçiriblər.

Saxlanılan şəxslərlə pis rəftara görə 8 il həbs cəzası alıb

Vyana məhkəməsi ötən ay Əbu Rukbanı on ildən çox əvvəl Rəqqada saxlanılan şəxslərə bədən xəsarəti yetirmək, hədə-qorxu gəlmək və cinsi zorakılıq törətməkdə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Əbu Rukba Əsəd hakimiyyəti dövründə şəhər polisinin cinayət araşdırmaları şöbəsinə rəhbərlik edib. O, ittihamları rədd edib.

Suriya Ədalət və Hesabatlılıq Mərkəzi Avstriya hakimiyyətini Əbu Rukbanın məhkəmə prosesi və apellyasiya müddətində azadlıqda qalmasına imkan verdiyinə görə tənqid edib.

“İşgəncə, cinsi zorakılıq və ağır bədən xəsarəti yetirməkdə ittiham olunan polkovnik-leytenantın qaçması Avstriya hakimiyyətinin uğursuzluğunu nümayiş etdirir”, – deyə mərkəzin icraçı direktoru Məhəmməd əl-Abdullah bildirib.

O, ölkəni necə tərk edə bilib?

Avstriya məhkəməsinin sözçüsü bildirib ki, Əbu Rukba məhkəməyədək qaçma riski olan şəxs hesab edilməyib. O, 2014-cü ildən ailəsi ilə birlikdə Avstriyada yaşayır və sığınacaq almağa çalışırdı.

Məhkəmə prosesi zamanı Əbu Rukba nə həbsdə saxlanılıb, nə də barəsində hər hansı digər məhdudiyyət tətbiq edilib.

Məhkəmənin məlumatına görə, apellyasiya prosesi davam etdiyi müddətdə ölkəni tərk etməsi Avstriya qanunvericiliyini və ya hər hansı məhkəmə qərarını pozmayıb.

Suriyada ədalət və hüquqi məsuliyyətlə bağlı suallar

Əbu Rukbanın Suriyaya qayıtması ölkənin yeni hakimiyyətinin Əsəd dövründə törədildiyi iddia olunan pozuntulara necə yanaşacağı ilə bağlı daha geniş suallar doğurub.

Yeni hakimiyyət ciddi cinayətlərdə ittiham olunan keçmiş rejim rəsmilərinin məsuliyyətə cəlb ediləcəyini vəd edib.

Bəşər Əsəd 2024-cü ilin dekabrında Rusiyaya qaçıb. Bu həftə Suriya məhkəməsi keçmiş prezidenti qətl, işgəncə, qanunsuz həbs və insanlığa qarşı cinayətlərə görə qiyabi olaraq ölüm cəzasına məhkum edib.

Əl-Abdullah bildirib ki, Əbu Rukbanın Nəvada qarşılanması Suriyanın yeni hakimiyyəti dövründə məsuliyyət və ədalətin təmin olunması ilə bağlı narahatlıqları artırıb. Onun sözlərinə görə, ölkədə indiyədək keçirilən bəzi məhkəmə prosesləri ədalətin təmin olunmasına xidmət etməyib.

Suriyanın Daxili İşlər və Ədliyyə nazirlikləri sorğulara dərhal cavab verməyib.

Teqlər