BMT Taliban hakimiyyətini Əfqanıstanla əməkdaşlığa çağırır

BMT Taliban hakimiyyətini Əfqanıstanla əməkdaşlığa çağırır
Əfqan qadın Əfqanıstanın paytaxtı Kabildə nəzarət-buraxılış məntəqəsində Taliban döyüşçülərinin arasından keçir, 6 iyul 2023-cü il.
Reuters

Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyəti Taliban hakimiyyətinin beşinci ilində Əfqanıstanla əməkdaşlığı davam etdirməyə çağırıb. Təşkilat bildirib ki, qadınlara qoyulan məhdudiyyətlər və terror təhlükəsi ölkədə təhlükəsizlik sahəsində əldə olunan irəliləyişə kölgə sala bilər.

BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) avqustun 13-də bildirib ki, silahlı qarşıdurmaların azalması bir çox əfqan üçün real müsbət nəticələr verib, ölkənin bərpası və regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Missiya tiryək xaşxaşının becərilməsinə qoyulan qadağanı da müsbət addım kimi qiymətləndirib.

BMT Baş katibinin xüsusi nümayəndəsinin müavini və UNAMA rəhbərinin səlahiyyətlərini icra edən Corcett Qanyon bildirib ki, onilliklər boyu davam edən müharibədən sonra əfqanlar sülh və sabitliyə böyük əhəmiyyət verirlər.

Bununla yanaşı, UNAMA qadın və qızlara tətbiq olunan məhdudiyyətlərin, eləcə də terrorizmlə bağlı narahatlıqların ölkənin bərpasına və beynəlxalq birliyə yenidən inteqrasiyasına mane olduğunu vurğulayıb.

Qanyon qeyd edib ki, davamlı sülh üçün yalnız münaqişənin olmaması kifayət deyil. Onun sözlərinə görə, Əfqanıstanın gələcəyi bütün əfqanların hüquqlarının təmin olunmasından və hesabatlı institutların qurulmasından asılıdır.

UNAMA Kabildəki hakimiyyəti qadın və qızlara tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa, fundamental azadlıqları qorumağa və beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqlara cavab verməyə çağırıb.

Taliban rəsmiləri qadınlarla bağlı siyasətlərinə dair tənqidləri əvvəllər də rədd edərək bildiriblər ki, qadınların hüquqları Talibanın İslam hüququna verdiyi şərh çərçivəsində qorunur.

BMT ekspertləri Talibanla münasibətlərin normallaşdırılmasına qarşı xəbərdarlıq edir

BMT-nin insan hüquqları üzrə ekspertləri bildiriblər ki, insan hüquqları sahəsində irəliləyiş olmadan Taliban hakimiyyəti ilə münasibətlərin normallaşdırılması yolverilməzdir.

Ekspertlər bildiriblər ki, qadın və qızlara tətbiq olunan məhdudiyyətlərin sərtləşməsi nəticəsində bir nəsil qız orta təhsildən məhrum olub. Onların sözlərinə görə, ötən qış 17 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib.

Teqlər