İngiltərə və Uelsdə meşə yanğınları rekord həddə çatıb

İngiltərə və Uelsdə meşə yanğınları rekord həddə çatıb
İnsanlar Britaniyanın London şəhərindəki Riçmond Parkında meşə yanğını ilə bağlı xəbərdarlıq lövhəsinin yaxınlığında qurumuş ot örtüyü üzərində gəzirlər, 11 avqust 2026-cı il.
Reuters

Milli Yanğınsöndürmə Şurasının məlumatına görə, İngiltərə və Uelsdə meşə yanğınlarının sayı rekord həddə çatıb. Güclü istilər və quraqlıq yanğınların sürətlə yayılmasına səbəb olur, onların nəzarət altına alınmasını çətinləşdirir. 

Xəbərdarlıq avqustun 13-də İngiltərənin bir sıra bölgələrində yanğınların quru ərazilərdən yaşayış məntəqələrinə yayılmasından sonra verilib. Alov bir sıra evlərə ziyan vurub, sakinlər təxliyə edilib.

Yanğınsöndürmə xidmətlərinə təzyiq artır

Milli Yanğınsöndürmə Şurasının sədri Fil Qarriqan bildirib ki, bu il meşə yanğınlarının sayı artıq ötən il qeydə alınan 1017 hadisəni ötüb. Onun sözlərinə görə, ilin sonunadək bu rəqəmin daha da artacağı gözlənilir.

“Biz təkcə yeni rekord göstəricinin deyil, əvvəlki illərlə müqayisədə meşə yanğınlarının sayında ciddi artımın qeydə alınacağını gözləyirik”, - Fil Qarriqan qeyd edib.

Yanğınsöndürmə xidmətləri 24 saat ərzində 11 iri fövqəladə hadisə elan edib. Təcili yardım resurslarına tələbat isə mövcud imkanları üstələməyə başlayıb.

“Britaniya hazırda barıt çəlləyinə bənzəyir”

Baş nazir Endi Börnhem yanğınlardan zərər çəkən Stourbric şəhərinə səfəri zamanı əhalini ehtiyatlı olmağa çağırıb.

“Britaniya hazırda barıt çəlləyinə bənzəyir. Ölkə üzrə 37 yanğın ocağı hələ də aktivdir”, – deyə Börnhem bildirib.

Endi Börnhem Birləşmiş Krallığın Stourbric şəhərində fövqəladə xidmət əməkdaşları ilə danışır, 14 avqust 2026-cı il.

Reuters

Bəzi ərazilərdə yanğınsöndürənlərə hərbçilər də kömək edir. Baş nazir fövqəladə xidmətlərin resurslarını qiymətləndirmək üçün aidiyyəti qurumlarla danışıqlar aparacağını bildirib.

Yanğınlar nəqliyyata da təsir göstərib. Əsas magistrallardan biri müvəqqəti bağlanıb, qatarların hərəkətində fasilələr yaranıb. Rəsmilər, həmçinin İngiltərənin cənubunda qatarın relsdən çıxması hadisəsinin ekstremal istilərlə əlaqəsini araşdırırlar.

Britaniyada istilər və quraqlıq davam edir

Yanğınlar Britaniyada ilin beşinci istilik dalğasının yaşandığı bir vaxta təsadüf edir. Bildirilir ki, bu yay ölkənin ən isti yayı ola bilər.

Meteorologiya İdarəsinin məlumatına görə, avqustun 14-də Londonda temperatur 38,1 dərəcə selsiyə çatıb. Bu, Birləşmiş Krallıqda indiyədək qeydə alınan beşinci ən isti gün olub.

Hökumətin məlumatına görə, təxminən 45 milyon insan quraqlıqdan təsirlənən ərazilərdə yaşayır. 27 milyon nəfər isə su istifadəsinə tətbiq edilən məhdudiyyətlərlə üzləşir.

Yanğınsöndürmə rəsmiləri bildirirlər ki, meşə yanğınları mövsümü getdikcə uzanır. Mövcud vəziyyət fövqəladə xidmətlər üzərindəki təzyiqin payız aylarınadək davam edə biləcəyi ilə bağlı narahatlığı artırır.

Teqlər