Yeni Cənubi Uels ştatında silahların geri alınması proqramı noyabrda başlayacaq

Yeni Cənubi Uels ştatında silahların geri alınması proqramı noyabrda başlayacaq
Avstraliyanın Baş naziri Entoni Albanizi mətbuat konfransında. Sidney, Avstraliya, 14 avqust 2026-cı il.
Reuters

Avstraliyanın Yeni Cənubi Uels ştatında noyabrda odlu silahların geri alınması proqramı başlayacaq. Baş nazir Entoni Albanizi bildirib ki, bu addım ötən il Sidneydə Hanuka bayramı zamanı 15 nəfərin öldürüldüyü silahlı hücumdan sonra görülən tədbirlərin bir hissəsidir.

Albanizi hökuməti yanvarda silahların geri alınması, silah lisenziyaları üçün yoxlamaların sərtləşdirilməsi və nifrət zəminli əməllərə qarşı tədbirlərin gücləndirilməsini nəzərdə tutan qanunlar qəbul edib.

Hücumda istifadə olunan güclü odlu silahların qanuni yolla əldə edildiyi bildirilir. Hökumətin məlumatına görə, ötən il Avstraliyada odlu silahların sayı rekord həddə — 4,1 milyona çatıb. Onların 1,1 milyondan çoxu Yeni Cənubi Uelsdə qeydə alınıb.

İnsanlar Sidneydəki Bondi çimərliyində yəhudi bayramı tədbirinə edilən hücumdan sonra hadisə yerinə baxırlar. Sidney, Avstraliya, 15 dekabr 2025-ci il.
Reuters
1996-cı ildən bəri ən böyük proqram

Bu, Avstraliyada 1996-cı ildə Tasmaniyanın Port-Artur şəhərində 35 nəfərin öldürüldüyü hücumdan sonra həyata keçirilən ən böyük silahların geri alınması proqramı olacaq.

Baş nazir Entoni Albanizi və Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns bildiriblər ki, proqram noyabrın 2-də başlayacaq. Tüfəng və tapançalarını təhvil verən şəxslərə hər silaha görə təxminən 700 ABŞ dolları kompensasiya ödəniləcək.

Silah sahibliyinə məhdudiyyət

Bondi çimərliyindəki hücumdan sonra qəbul edilən qaydalara əsasən, Yeni Cənubi Uelsdə bir şəxs ən çox dörd odlu silaha sahib ola bilər.

Polisin məlumatına görə, hücumu ata və oğul həyata keçirib. 

Sağ qalan şübhəli, 24 yaşlı Navid Əkrəm 15 qətl ittihamı da daxil olmaqla ona qarşı irəli sürülən ittihamlar üzrə hələ məhkəmədə mövqeyini bildirməyib.

Teqlər