"AnewZ" səhər xülasəsi – 17 avqust 2026

"AnewZ" səhər xülasəsi – 17 avqust 2026
Fələstinlilər Qəzza şəhərində yaşayış binalarının dağıntıları arasından keçir. 15 avqust, 2026-cı il.
Reuters

Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 17-si üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.  

Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

Tankerlərə hücumlardan və ABŞ-İran danışıqlarının dayanmasından sonra Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb.

Boğazdan yalnız beş yük gəmisi keçib. Ötən həftəsonu isə bu rəqəm 31 olub.

İran bildirib ki, Vaşinqton onun şərtlərini qəbul edərsə, gəmiçilik bərpa oluna bilər. ABŞ isə dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə biləcəyini açıqlayıb.

Qəzza danışıqları bərpa olunub, tərəflər arasında fikir ayrılıqları davam edir

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi istiqamətində danışıqlar yenidən başlayıb.

Trampın nümayəndələri Cared Kuşner və Nikolay Mladenov Qahirədə Misir, Qətər və Türkiyə rəsmiləri ilə görüşərək planın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Lakin İsrail və HƏMAS arasında fikir ayrılıqları davam edir. İsrail planın bəzi əsas müddəalarına etiraz edir, HƏMAS isə atəşkəs üzrə öhdəliklərin yerinə yetiriləcəyinə dair təminat istəyir.

Tramp ABŞ-Cənubi Koreya birgə təlimlərinin azaldılmasını tapşırıb

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılmasını tapşırıb.

Tramp bildirib ki, təlimlər yüksək xərc tələb edir və Şimali Koreyaya “düşmən siqnalı” verir. O, müdafiə naziri Pit Heqsetə bu istiqamətdə göstəriş verdiyini deyib.

ABŞ Prezidenti qərarında Şimali Koreya lideri Kim Çen Inla münasibətlərini də əsas gətirib.

Qərar 17–27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan illik “Ulchi Freedom Shield” təlimləri ərəfəsində verilib.

Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır

Avropa İttifaqı yaxın aylarda Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırlaşır.

Aİ rəsmilərinin məlumatına görə, yeni paket indiyədək tətbiq olunan ən geniş sanksiya tədbirlərindən biri ola bilər.

Aİ-nin xarici siyasət rəhbəri mövcud sanksiyaların Rusiyaya təxminən 1,16 trilyon dollar zərər vurduğunu bildirib.

Təklif olunan yeni paket çərçivəsində sanksiya tətbiq olunan Rusiya qurumlarının sayının təxminən üçdə bir artırılması nəzərdə tutulur.

İndoneziyada zəlzələ nəticəsində 53 nəfər ölüb

İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində azı 53 nəfər həlak olub. Zəlzələ torpaq sürüşmələrinə, yolların bağlanmasına və geniş dağıntılara səbəb olub.

Bölgədə 1600-ə yaxın yeraltı təkan qeydə alınıb. Onlardan biri 5,6 maqnitudada olub.

Minlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Axtarış-xilasetmə işlərinə 3500-dən çox hərbçi və polis əməkdaşı cəlb olunub.

Teqlər