"AnewZ" səhər xülasəsi – 18 avqust 2026

"AnewZ" səhər xülasəsi – 18 avqust 2026
İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin təsvir olunduğu divar rəsmi. Tehran, İran, 13 avqust 2026-cı il.
Reuters

Günə "AnewZ"un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 18-i üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.  

İran Hörmüzdə hücum xarakterli hərbi addımlara keçə biləcəyi barədə xəbərdarlıq edib

İran rəsmisi bildirib ki, ABŞ-nin dəniz blokadasını yarıb keçmək üçün hərbi addımlar atıla bilər. Bu xəbərdarlıq Vaşinqtonun müvəqqəti atəşkəsi uzatmaqdan imtina etməsindən və sülh sazişi üçün son müddətin başa çatmasından sonra səslənib. Eyni zamanda, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) idarəsi Hörmüz boğazından keçən gəmiyə naməlum mərmi dəydiyini, nəticədə mühərrik bölməsinin zədələndiyini və bir heyət üzvünün yaralandığını açıqlayıb.

Moskvaya kütləvi dron hücumu olub, Moldova hava məkanının pozulduğunu bildirib

Rusiya hakimiyyəti ötən gecə Moskva vilayətinin yüzlərlə dronun hədəfi olduğunu, hava hücumundan müdafiə qüvvələrinin 180 PUA-nı zərərsizləşdirdiyini bildirib. Hücumlar nəticəsində "Wildberries" anbarına və digər obyektlərə ziyan dəyib, ən azı 3 nəfər xəsarət alıb. Digər tərəfdən, Moldova Ukrayna sərhədi yaxınlığında hava məkanına naməlum obyektin daxil olaraq partladığını bildirib. Rusiya isə Ukraynanın Odessa və Nikolayev limanlarındakı iki yük gəmisini vurduğunu açıqlayıb.

Cənubi Koreyadan müdafiəni gücləndirmək çağırışı

Cənubi Koreya Prezidenti Li Çje Myon ABŞ-Cənubi Koreya birgə təlimlərinin azaldılması fonunda ölkənin müstəqil müdafiə imkanlarının artırılmasının vacibliyini vurğulayıb. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Pentaqona birgə təlimləri əhəmiyyətli dərəcədə azaltmaq barədə göstəriş verməsindən sonra səslənib.

Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dolları ötüb

Kolumbiya Prezidenti Abelardo de la Espriella ötən həftə baş verən güclü zəlzələnin vurduğu iqtisadi ziyanın təxminən 30 trilyon peso (9,6 milyard dollar) təşkil etdiyini bildirib. 7,4 bal gücündə təbii fəlakət təxminən 290 nəfərin ölümünə səbəb olub, 140 nəfər itkin düşüb, 4 minə yaxın insan yaralanıb. Kali və Pereyra şəhərləri ən çox zərər çəkən ərazilər sırasındadır.

Filippində məktəbdə silahlı insident olub, ölənlər var

9-cu sinif şagirdinin sinif otağında odlu silahdan atəş açması nəticəsində azı iki nəfər həlak olub. Rəsmilər vəziyyətin nəzarətə götürüldüyünü açıqlayıblar. Qeyri-qanuni silahların dövriyyədə olmasına baxmayaraq, Filippində məktəb atışmaları nadir hallarda baş verir.

Teqlər