İsrail və Kolumbiya qarşılıqlı olaraq viza tələbini ləğv edir

İsrail və Kolumbiya qarşılıqlı olaraq viza tələbini ləğv edir
İsrail Baş naziri Benyamin Netanyahu və Kolumbiya Prezidenti Abelardo de la Espriella.
Reuters, AnewZ

İsrail və Kolumbiya sentyabrın 1-dən etibarən qarşılıqlı olaraq viza tələbini ləğv edəcək. Bu qərar Qəzza müharibəsi fonunda yaranan gərginlikdən sonra iki ölkənin diplomatikiqtisadi əlaqələri bərpa etmək istiqamətində atdığı addımların bir hissəsidir.

İsrailin Xarici İşlər naziri Gideon Saar və kolumbiyalı həmkarı Omar Bula Eskobar arasındakı danışıqlardan sonra İsrail səfirliyindən bildirilib ki, hər iki ölkə sentyabrın 1-dən viza tələbini qarşılıqlı şəkildə ləğv etməyə razılaşıb.

İsrailə gedən kolumbiyalılar və Kolumbiyaya gedən israillilərin artıq əvvəlcədən viza almasına ehtiyac qalmayacaq, lakin digər miqrasiya və ölkəyə giriş qaydaları qüvvədə qalacaq.

Bu tədbir iki ölkə arasında münasibətlərin tam bərpası üçün iyul ayında razılaşdırılmış daha geniş yol xəritəsinə daxildir. Bura səfirlərin təyinatı və Kolumbiyanın Qüdsdəki səfirliyinin yenidən açılması planları da aiddir.

Kolumbiyanın yeni hökuməti ilə dəyişən münasibətlər

Kolumbiya 2024-cü ilin mayında, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını sərt tənqid edən sabiq prezident Qustavo Petronun dövründə İsraillə diplomatik əlaqələri kəsmişdi. Nəticədə 2025-ci ildə əvvəlcə İsrail, daha sonra isə cavab addımı olaraq Kolumbiya viza tələbini yenidən bərpa etmişdi.

Prezident Abelardo de la Espriella vəzifəyə gəldikdən sonra isə münasibətlərdə ciddi dönüş yaranıb. O, andiçmə mərasimindən əvvəl İsraillə əlaqələri bərpa edəcəyinə və Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açdığı soyqırımı işindən Kolumbiyanın geri çəkiləcəyinə söz vermişdi.

Bundan başqa, rəsmi Boqota İsrailin işğal altındakı Qolan təpələri üzərindəki suverenliyini tanıyıb. Suriya və bölgənin digər ölkələri bu addımı qınayıb. Beynəlxalq ictimaiyyətin əksəriyyəti sözügedən ərazini işğal edilmiş Suriya torpağı hesab edir.

İki ölkə arasında həmçinin Kolumbiya-İsrail İkitərəfli İqtisadi Komissiyası yaradılıb. Oktyabr ayında isə Kolumbiyanın rəsmi nümayəndə heyətinin İsrailə səfəri gözlənilir.

Viza razılaşması iki ildən artıq davam edən diplomatik gərginlikdən sonra əlaqələrin normallaşması istiqamətində daha bir addım hesab olunur.

Teqlər