Ailələrin hələ də itkin düşən yaxınlarından xəbər gözlədiyi bir vaxtda təxminən 70 meyitin dəfn olunacağı bildirilir.
İspaniyanın Seuta eksklavına kütləvi keçid zamanı ölən və kimliyi müəyyən edilməyən miqrantlardan ilk qrup avqustun 21-də dəfn edilib.
Seutanın müsəlman qəbiristanlığında qoruyucu kombinezon və maska taxan qəbirqazanlar ağ rəngli meyit torbalarına bükülmüş dörd cəsədi beton bloklarla hörülmüş qəbirlərə yerləşdiriblər. Müsəlman din xadimi qısa dua oxuyub.
Qəbiristanlığın müvəqqəti rəhbəri Səid Məhəmməd bildirib ki, qarşıdakı günlərdə təxminən 70 meyit dəfn ediləcək. Hər gün 10-12 dəfn mərasimi planlaşdırılır.
Məhəmmədin sözlərinə görə, meyitlərin təxminən 95 faizinin kimliyi hələ müəyyənləşdirilməyib. Hər qəbrin üzərinə nömrə yazılmış daş qoyulub ki, sonradan kimliyi müəyyən edilən şəxslərin qalıqlarını tapmaq mümkün olsun.
Miqrantlar müsəlman adətlərinə uyğun dəfn edilir. Onların cəsədləri Məkkəyə tərəf yönəldilir və üzərləri torpaqla örtülür.
Hakimiyyət orqanlarının məlumatına görə, iyulun 30-da Mərakeşdən ən azı 72 min nəfərin keçməsindən sonra Seutada 5-8 min nəfər miqrant qalıb. Kütləvi keçid cəhdi nəticəsində İspaniya sərhədi tərəfində 82 miqrant ölüb, Mərakeş isə daha 14 ölüm faktını təsdiqləyib.
Seuta məhkəməsinin son məlumatlarına görə, indiyədək yalnız altı miqrantın kimliyi müəyyən edilib. Onların hamısı Mərakeş vətəndaşı olan yetkin kişilərdir.
Mərakeşdə itkin düşən miqrantların ailələri üçün xəbər gözləmək ağır sınağa çevrilib. Yaxınları sosial şəbəkələrdə məlumat paylaşır, aidiyyəti qurumlara müraciət edir, itkin qohumlarının tapılması üçün kömək istəyirlər.
İspaniya və Mərakeş rəsmiləri qurbanların kimliyini müəyyən etmək üçün hər iki ölkənin məlumat bazalarındakı barmaq izlərini müqayisə edir və müraciət edən ailə üzvlərindən DNT nümunələri toplayır.
İspaniya Milli Qvardiyasının cinayət şöbəsinin rəhbəri polkovnik-leytenant Karlos Atoçe bildirib ki, Mərakeşdəki ailə üzvlərinin DNT nümunələri təqdim etmək üçün Seutaya gələ bilməməsi kimliklərin müəyyənləşdirilməsi prosesini çətinləşdirir.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın