İran ABŞ-nin yeni sanksiyalar elan etmək planına reaksiya verib

İran ABŞ-nin yeni sanksiyalar elan etmək planına reaksiya verib
ABŞ hərbçiləri İrana qarşı əməliyyatlar çərçivəsində “USS George Washington” aviadaşıyan gəmisində çalışırlar. 20 avqust 2026-cı il.
Reuters

İran ABŞ-nin yeni sanksiyalar elan etmək planını pisləyib. Bu addım İslam Respublikasının iqtisadiyyatına əlavə təzyiq göstərə və onun əsas ticarət tərəfdaşlarına, o cümlədən Çinə təsir edə bilər.

⦿ 20:48 | YENİLƏNİB

İran XİN rəhbəri: “ABŞ sanksiyaları əvvəlki tədbirlərin təkrarıdır”

Reuters

İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-nin son sanksiyaları ilə bağlı açıqlama verib və onların əvvəlki ABŞ administrasiyasının tətbiq etdiyi tədbirlərə bənzədiyini bildirib.

“Bu, təkrarlanan ssenaridir. Obama administrasiyası dövründə tətbiq olunan dağıdıcı sanksiyalardan tutmuş, cənab Trampın ilk prezidentliyi dövründəki maksimum təzyiq kampaniyasına və hazırkı yeni sanksiyalara qədər bütün bu tədbirlər müxtəlif adlar altında tətbiq edilib. Lakin onlar ABŞ siyasətində həmişə gördüyümüz eyni təzyiq və zorakılıq yanaşmasını əks etdirir”, — Əraqçi deyib.

Əraqçi bildirib ki, Vaşinqtonun hərbi təhdidlərdən sonra yenidən sanksiyalara qayıtması “çıxılmaz vəziyyətdə olduğunun” göstəricisidir və ABŞ-nin mövcud böhranın həllinə dair planı olmadığını göstərir.

“Onlar anlamalıdırlar ki, İran xalqı ilə hörmətə əsaslanan dialoqdan, ədalət və ləyaqət prinsiplərinə söykənən həll yolundan başqa seçim yoxdur”, — deyə o əlavə edib.

⦿ 16:28 | YENİLƏNİB

İran 7,5 trilyon kub futdan çox qaz yatağı aşkarlayıb

Reuters

İran Neft naziri Möhsün Paknejad bildirib ki, ölkənin Fars vilayətinin cənubundakı yataqlardan birində 7,5 trilyon kub futdan çox qaz ehtiyatı aşkarlanıb.

Dövlət mediasının yaydığı məlumata görə, Paknejad yeni kəşfin İranın qaz ehtiyatlarına mühüm töhfə verəcəyini qeyd edib.

⦿ 14:58 | YENİLƏNİB

Altı Aİ ölkəsi neft şirkətlərinə əlavə vergi tətbiqini tələb edib

Anadolu

Almaniya, İtaliya, Avstriya, Polşa, Portuqaliya və İspaniya Avropa İttifaqından İranda müharibənin başlamasından sonra gəlirləri kəskin artan neft şirkətlərinə əlavə vergi tətbiq etməyi tələb edir.

AFP agentliyinin məlumatına görə, altı ölkənin hazırladığı məktub layihəsində bildirilir ki, neft şirkətləri xam neft qiymətlərindəki artımı üstələyən yüksək gəlirlilik və emal marjalarından faydalanırlar.

Ölkələr qeyd ediblər ki, münaqişə son onilliklərin ən böyük tədarük böhranlarından birinə səbəb olub və artan yaşayış xərcləri ilə bağlı ictimai narahatlığı gücləndirib.

⦿ 13:14 | YENİLƏNİB

İran: Silah və müdafiə istehsalı son bir ildə iki dəfə artıb

Reuters

İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik bildirib ki, ölkədə silah və müdafiə avadanlıqlarının istehsalı son 12 ay ərzində iki dəfə artıb.

Təlai-Nik “IRIB”ə açıqlamasında bildirib ki, müəyyən strateji hərbi məhsul və avadanlıqların istehsalı fevral ayının sonlarında başlayan müharibədən sonra üç dəfədən çox artıb.

O qeyd edib ki, bu artım İranın müdafiə sənayesinin bəzi məhdud hissələrinin ötən ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı hədəfə alınmasına baxmayaraq əldə edilib.

Təlai-Nik bildirib ki, İranın hərbi imkanlarının gücləndirilməsi ölkənin müstəqilliyini təhdid etməyə çalışan xarici qüvvələrə qarşı mübarizə aparmaq üçün zəruridir.

⦿ 12:16 | YENİLƏNİB

İran: Pakistan ordusunun rəhbəri Tehrana səfər edəcək

Reuters

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Pakistan ordusunun rəhbəri Asim Munir avqustun 24-də Tehrana səfər edəcək.

Nazirliyin yaydığı açıqlamaya görə, Bəqayi səfərin Pakistanın regionda sülh və təhlükəsizliyi gücləndirmək səylərinin davamı olduğunu qeyd edib.

Pakistan İran və ABŞ arasında müharibəyə son qoymağa yönəlmiş danışıqlarda vasitəçi rolunu üzərinə götürüb.

Pakistan ordusunun rəhbəri Asim Munir ABŞ-İran-Pakistan-Qətər danışıqlarında iştirak edir. İsveçrə, 21 iyun 2026-cı il.
Reuters

⦿ 11:00 | YENİLƏNİB

Pezeşkian: “İran tammiqyaslı iqtisadi və hərbi müharibə şəraitindədir”

İran Prezidenti Məsud Pezeşkian hökumətin ölkədəki iqtisadi çətinliklərdən “utandığını” bildirib və Vaşinqtonu İrana qarşı ağır sanksiyalar tətbiq etmək niyyətində olmaqda ittiham edib.

Pezeşkian deyib: “Tramp asanlıqla deyir ki, İrana qarşı ən sərt və ya ən ağır sanksiyaları tətbiq edəcəklər. Biz bu qeyri-bərabər müharibə şəraitində dayanırıq və xalqa xidmət etməyə çalışırıq”.

Pezeşkian həmçinin bildirib ki, ABŞ İranın təzyiqlər qarşısında çökəcəyini və Venesuela kimi vəziyyətə düşəcəyini gözləyirdi.

⦿ 10:46 | YENİLƏNİB

Makron və Səudiyyə vəliəhdi Hörmüzə alternativ yolları müzakirə edəcək

Source

Fransa Prezidenti Emmanuel Makron iki günlük səfər çərçivəsində Parisə gələcək Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanı qəbul edəcək. İki liderin Hörmüz boğazından asılılığın azaldılması yollarını müzakirə edəcəyi gözlənilir.

“Associated Press” agentliyinin Fransa prezidentliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, təkliflər arasında Körfəzdən kənarda yerləşən Oman limanları vasitəsilə ticarətin artırılması, Səudiyyə Ərəbistanı və digər ölkələrdə neft kəmərlərinin genişləndirilməsi və ya ikiqat artırılması, eləcə də yeni dəmir yolu xətlərinin yaradılması yer alır.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Riyad, Səudiyyə Ərəbistanı, 3 dekabr 2024-cü il.
Reuters

⦿ 10:30 | YENİLƏNİB

İran qonşu ölkələri ABŞ-nin iqtisadi addımlarına qoşulmamağa çağırıb

Anadolu

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi qonşu ölkələri ABŞ-nin “iqtisadi müharibəsinə” qoşulmamağa çağırıb.

Dövlət televiziyası “IRIB”in məlumatına görə, Rzayi bildirib: “Bütün qonşu ölkələrə deyirik ki, ABŞ-nin iqtisadi müharibəsinə qoşulmasınlar. Əks halda, onları düşmən hesab edəcəyik”.

O əlavə edib ki, İran müharibəni genişləndirmək niyyətində deyil, lakin qonşu ölkələr ABŞ-nin iqtisadi kampaniyasına qoşularsa, Tehran onların maraqlarına zərbə vuracaq.

Rzayi xəbərdarlıq edib ki, qonşu ölkələr Vaşinqtonun bu kampaniyasında əməkdaşlıq edərsə, “Fars körfəzindən və Hörmüz boğazından bir damcı belə neft çıxmayacaq”.

⦿ 10:10 | YENİLƏNİB

İran Prezidenti: “Tehran güzəştə getməyəcək”

Anadolu

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran güzəştə getmək niyyətində deyil. İranın rəsmi “IRNA”  agentliyinin məlumatına görə, o, “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmağın vacibliyini vurğulayıb.

Pezeşkian deyib ki, İran rəsmiləri demək olar, hər gün mövcud vəziyyətdən çıxış yollarını və İranın prinsip və dəyərlərini qoruyacaq, eyni zamanda qarşı tərəfləri yeni hücum ehtimalından çəkindirəcək anlaşmaya nail olma imkanlarını müzakirə edirlər.

O bildirib ki, müharibə heç bir həll yolu təklif etmir. Lakin döyüşlərin yenidən başlaya biləcəyi ilə bağlı uzunmüddətli qeyri-müəyyənlik də ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Teqlər