Avropa İttifaqı Serbiyada meşə yanğınları ilə mübarizəyə dəstək verir

Avropa İttifaqı Serbiyada meşə yanğınları ilə mübarizəyə dəstək verir
Serbiyanın Deliblatska Pescara bölgəsi yaxınlığı, Grebenats kəndində meşə yanğını. 20 avqust 2026-cı il.
Reuters

Avropa İttifaqının (Aİ) Belqraddakı missiyasının rəhbəri bildirib ki, Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində Serbiyaya helikopterlər və yanğınsöndürmə briqadaları göndərilib. Yardım ölkənin şimal-şərqində yerləşən təbiət qoruğunda baş verən genişmiqyaslı meşə yanğını ilə mübarizəyə yönəlib.

Serbiya həftələrdir davam edən meşə yanğınları ilə mübarizədə çətinlik çəkdiyi üçün Aİ Mülki Müdafiə Mexanizminə müraciət edib.

Yanğınların əsas ocaqlarından biri Belqraddan təxminən 80 kilometr aralıda yerləşən Deliblatska Peskara təbiət qoruğudur.

Aİ-nin Belqraddakı missiyasının rəhbəri Andreas Bekerat “X” platformasında yazıb: “Biz Deliblatska Peskara bölgəsində insanların təhlükəsizliyinin, yaşayış məntəqələrinin və unikal təbii irsin qorunması üçün Serbiyanın yanındayıq”.

Serbiyanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Luka Çauşiç bildirib ki, Avropadan göndərilən yardım Rumıniya, Slovakiya və Çexiyadan olan 4 “Black Hawk” helikopterini əhatə edir. Bundan əlavə, Almaniyadan 55 yanğınsöndürən və 24 xüsusi texnika, Rumıniyadan isə 69 yanğınsöndürən və 15 xüsusi texnika göndərilib.

Serbiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Rumıniya və Slovakiyadan bir helikopter avqustun 22-də yanğınsöndürmə əməliyyatlarına cəlb olunub. Çexiyadan göndərilən iki helikopterin isə avqustun 23-də əməliyyatlara başlaması gözlənilir.

Rumıniyadan göndərilən yanğınsöndürənlər və xüsusi texnika da yanğın bölgəsinin yaxınlığında yerləşən Bela Tsrkva şəhərindədir. Nazirlik bildirib ki, Almaniya qrupu avqustun 24-də bölgəyə gələcək.

Rusiya da yanğınsöndürmə təyyarəsi göndərib

Serbiya Avropa İttifaqının üzvü deyil, lakin Aİ Mülki Müdafiə Mexanizmi vasitəsilə fövqəladə yardım ala bilir.

Bu yay Serbiya Avropadakı yanğınlarla mübarizəyə dəstək məqsədilə İspaniyaya yanğınsöndürmə helikopteri və fövqəladə hallar qrupu göndərmişdi.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76P tipli yanğınsöndürmə təyyarəsi isə daha əvvəl Serbiyanın cənubundakı Niş şəhərinə enib. Təyyarə iyulun sonundan etibarən Deliblatska Peskara təbiət qoruğundakı yanğının söndürülməsinə cəlb olunub.

Çauşiç bildirib ki, avqustun 22-də vəziyyət nisbətən sabitləşib, lakin güclü küləyin əsəcəyi gözlənilir. Hazırda əsas prioritet yaşayış məntəqələrinin və insanların təhlükəsizliyinin qorunmasıdır.

Yanğınlar yayılır

Serbiyanın cənub-qərbində yerləşən Stolovi dağ silsiləsində də böyük meşə yanğınları davam edir.

Qonşu Şimali Makedoniyada isə paytaxt Skopyedən cənubda yerləşən Strumitsa bələdiyyəsində genişmiqyaslı meşə yanğını baş verib. Yerli medianın məlumatına görə, Sofilar kəndində azı bir ev yanğın nəticəsində zərər görüb.

Teqlər