Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Kiyev Rusiyanın ballistik raketlərini vurmaq imkanına malik ABŞ istehsalı “Patriot” raketlərinin yeni partiyasını təhvil alıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Açıqlama Böyük Britaniya və Fransanın Ukraynaya hərbi dəstəyi artırmaq vədi verdiyi vaxt səslənib.
"OpenA"I bildirib ki, Rusiyadan idarə olunan gizli təsir əməliyyatının qarşısı alınıb. Əməliyyat çərçivəsində İsraildə fəaliyyət göstərdiyi iddia olunan “Beynəlxalq Börk İnstitutu”nu (International Burke Institute) tanıtmaq üçün "ChatGPT"dən istifadə edilib.
Məlumata görə, Rusiyada yerləşən operatorlar institutun təbliği üçün sosial media məzmunları hazırlamaq, eləcə də Ukraynanı, Avropa İttifaqını və Qərb hökumətlərini tənqid edən paylaşımlar yaratmaq məqsədilə süni intellektdən yararlanıblar.
"OpenAI" həmçinin institutun internet səhifəsində təqdim olunan akademik materialların böyük hissəsinin köçürüldüyünü və ya müəllifliyinin yanlış göstərildiyini müəyyən edib.
Şirkət İsraildə bəzi real şəxslərin institutu təmsil etdiyinə dair əlamətlər olduğunu bildirib. Lakin onların Rusiyadakı operatorlarla əlaqəsini təsdiqləməyin mümkün olmadığını qeyd edib.
"OpenAI" kampaniyanın nisbətən məhdud auditoriyaya çatdığını bildirib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Moskvanı qonşu ölkələrə qarşı imperialist siyasət yürütməkdə ittiham edib. O bildirib ki, Polşa və Ukrayna bir daha heç vaxt Rusiyanın koloniyası olmamaq yolunu seçib.
Ukraynanın Müstəqillik Günü münasibətilə yerli mediaya müsahibə verən Sikorski deyib ki, Rusiyadan qorxmaq irrasional deyil, çünki Rusiya qonşuları üçün real təhlükə yaradır.
Sikorski Moskvanın beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul etməli və ərazi iddialarından imtina etməli olduğunu vurğulayıb.
“Rusiyalılar Rusiyanın harada bitdiyinə birdəfəlik qərar verməlidirlər”, – deyə nazir bildirib.
O qeyd edib ki, Polşa və Ukraynanın ortaq marağı Rusiyanın qonşularının sərhədlərinə hörmət edən və diqqətini öz inkişafına yönəldən normal bir millətə çevrilməsidir.
Rəsmi Kreml bildirib ki, Ukrayna müharibəsi ilə bağlı danışıqların bərpası cəhdlərinin dalana dirəndiyi bir vaxtda bu həftə ABŞ elçiləri ilə hər hansı görüş nəzərdə tutulmayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov bu açıqlamanı ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edə biləcəyi barədə yayılan məlumatlardan sonra verib.
Peskov həmçinin Birləşmiş Krallığın Baş naziri Endi Börnhem və Finlandiya Prezidenti Aleksandr Stubb da daxil olmaqla Qərb liderlərini Rusiyaya qarşı təcavüzkar mövqe tutmaqda və Moskvanın məğlub edilə biləcəyini iddia etməklə seçicilərini aldatmaqda ittiham edib.
Kreml Ukraynada NATO qüvvələrinin yerləşdirilməsinə qarşı olduğunu bir daha bəyan edib və Donbasın şərq hissəsində azad iqtisadi zona yaradılması təkliflərini rədd edib.
Birləşmiş Krallığın Baş naziri Endi Börnhem baş nazir kimi Kiyevə reallaşdırdığı ilk xarici səfərdən sonra ölkəsinin Ukraynaya olan güclü dəstəyinin onun rəhbərliyi altında da davam edəcəyini bildirib.
Müzakirələr hazırda qış mövsümü ərəfəsində Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəlib. Kiyev Rusiyanın enerji infrastrukturuna ehtimal olunan növbəti zərbələrinə hazırlaşdığı bir vaxtda Börnhem müttəfiqləri əlavə dəstək göstərməyə çağırıb.
"Flightradar24" məlumatlarına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17 Globemaster III" hərbi nəqliyyat təyyarəsi çərşənbə axşamı Latviyanın Riqa şəhərindən birbaşa uçaraq Moskvanın "Vnukovo" hava limanına eniş edib.
Kreml təyyarənin gəlişi haqqında məlumatı olmadığını bildirib, təyyarənin sərnişin və ya yük daşıdığı isə hələ də qeyri-müəyyən qalır.
Təyyarə avqustun 23-də Vaşinqton yaxınlığındakı "Endryus" birgə bazasından Riqaya gəlmişdi. ABŞ qeydiyyatında olan təyyarə ilə Avropadan Rusiyaya sonuncu məlum birbaşa uçuş yanvar ayında, ABŞ elçiləri Stiv Vitkoff və Cared Kuşnerin Ukrayna üzrə danışıqlar üçün Moskvaya səfəri zamanı həyata keçirilmişdi.
“Financial Times” qəzetinin Ukrayna üzrə baş müxbirinin məsələdən məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmiləri Ukraynadan bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri Moskva, Sankt-Peterburq və Rusiyanın şimal bölgələrinə zərbələr endirməməyi xahiş edib.
Məlumata görə, bu addım ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin çərşənbə axşamı keçiriləcək görüş üçün “C-17” hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gəldiyi barədə xəbərlərin yayıldığı vaxt baş verib.
Almaniya mediasının məlumatına görə, ölkə müstəntiqləri avqustun əvvəlində Leypsiq/Halle hava limanına hücum cəhdi ilə bağlı üçüncü dronu və ehtimal olunan partlayıcı maddə qalıqlarını aşkar ediblər.
Məlumata əsasən, üçüncü dron avqustun 14-də hava limanının qərbində yerləşən Kabelsketal ərazisindəki tarlada tapılıb. Müstəntiqlər həmin ərazidə hərbi tipli partlayıcı maddə ola biləcəyi ehtimal edilən maddə də aşkar ediblər.
Avqustun 4-də isə hava limanının ərazisində, Ukraynaya məxsus və hərbi yüklərin daşınmasında istifadə olunan yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı.
İstintaq orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir. Hücum cəhdində bir neçə drondan istifadə olunduğu ehtimal edilir.
ABŞ-nin “CBS” telekanalının Ağ Ev üzrə baş müxbiri Cennifer Ceykobsun məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvada keçiriləcək görüşlər üçün “C-17” hərbi nəqliyyat təyyarəsi ilə Rusiyaya səfər edib.
Daha əvvəl uçuş izləmə məlumatlarına əsasən, ABŞ-yə məxsus hərbi təyyarənin Latviyanın paytaxtı Riqadan birbaşa uçaraq Moskvanın “Vnukovo” hava limanına eniş etdiyi bildirilmişdi.
CBS-in məlumatına görə, ABŞ və Rusiya tərəfləri səfərin məqsədi barədə rəsmi açıqlama verməyib.
Rusiyanın nəzarətində olan Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyasının (AES) rəhbərliyi bildirib ki, stansiyanın iki əməkdaşı Ukraynanın dron hücumu nəticəsində yaralanıb.
Məlumata görə, zərbə stansiyanın hidrotexniki qurğuları yaxınlığında həyata keçirilib və iki texniki xidmət və tikinti işçisi xəsarət alıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta dərəcədədir.
Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük AES-i hesab olunur. Stansiya 2022-ci ildən Rusiyanın nəzarətindədir.
Slovakiya Milli Polisinin “Facebook” səhifəsində yayılan məlumata görə, hüquq-mühafizə orqanları ölkənin şərqində yerləşən dron zavoduna qarşı planlaşdırılan hücumun qarşısını alıb.
Polis bildirib ki, planlaşdırılan hücumla bağlı üç xarici vətəndaşa qarşı ittiham irəli sürülüb. Onlardan ikisi Slovakiyada, biri isə Almaniyada saxlanılıb.
Əməliyyatda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qurumunun əməkdaşlarına Preşov şəhərinin regional polis əməkdaşları dəstək verib.
Ukraynanın dron istehsalçısı “Skyeton” şirkəti uzaqmənzilli döyüş dronlarının istehsalına başlamaq məqsədilə 2024-cü ildə Preşovdakı zavoda 3,5 milyon dollar sərmayə yatırıb.

Almaniyanın “Der Spiegel” jurnalı adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Berlin yaxınlığında silah anbarının yaradılmasında iştirak edən və hazırda Rumıniyada saxlanılan kuryerin Rusiyanın nəzarətində olan agent şəbəkəsi ilə əlaqəli olduğu ehtimal edilir.
Jurnalın məlumatına görə, sözügedən şəxs Polşadan avtobusla Berlinə gələn, silahları toplayaraq şəhər kənarındakı gizli anbara daşıyan 24 yaşlı Ukrayna vətəndaşıdır.
“Der Spiegel” müstəntiqlərə istinadən həmin şəxsin Rusiya adından fəaliyyət göstərdiyinin ehtimal edildiyini yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə bu yaxınlarda ABŞ istehsalı olan az sayda “Patriot” tutucu raketi alıb. Bu raketlər Rusiyanın ballistik raketlərini vurmaq üçün nəzərdə tutulub.
Zelenski əlavə edib ki, Fransa gələcəkdə Ukraynaya “Crotale” hava hücumundan müdafiə sistemləri verəcəyini təsdiqləyib. Bu barədə “Suspilne” məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasında paylaşdığı açıqlamada Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində Bakının sərgilədiyi qəti mövqeyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Biz zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığımızı birlikdə daha da inkişaf etdiririk. Enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradırıq və ehtiyac olduqda bir-birimizə kömək edirik”, – deyə Zelenski bildirib.
“İnterfaks” agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirib ki, Rusiya qüvvələri Qara dənizdə yük gəmisinə və tankerə zərbələr endirib. “Reuters” bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, gecə saatlarında Rusiyanın cənubunda, Krasnodar vilayətində yerləşən “Afipski” neft emalı zavoduna zərbə endirib. Nəticədə zavodda yanğın baş verib.
Bundan əvvəl vilayətin qubernatoru dron hücumundan sonra zavodda yanğın başladığını açıqlamışdı.
Baş Qərargah həmçinin bildirib ki, gecə həyata keçirilən hücum zamanı Rusiyanın cənubundakı Həştərxan vilayətində yerləşən Həştərxan Qaz Emalı Zavodunun iki qazayırma qurğusu da hədəfə alınıb.
Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Rusiyanın Ukraynanın qərbində yerləşən Lvov şəhərində dəmir yolu infrastrukturu, hərbi və inzibati obyektlərə zərbələrin hazırlanmasına kömək etmək üçün kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Ukraynanın Dnepropetrovsk vilayətindən olan həmin şəxs, Təhlükəsizlik Xidmətinin məlumatına görə, obyektlərin xarici ərazilərini telefon kamerası ilə qeydə alıb və daha sonra əldə etdiyi məlumatları Rusiya kəşfiyyatının əməkdaşına göndərib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada saxlanılan ukraynalıların azad olunmasına kömək məqsədilə diplomatik səylərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında Ərdoğanın “şəxsi iştirakını və Türkiyənin rus əsirliyində olan ukraynalıların ölkəyə qaytarılmasında vasitəçilik səylərini” yüksək qiymətləndirdiyini bildirib.
O, həmçinin Türkiyəyə “sülhün əldə olunmasına yönəlmiş səylərinə” görə minnətdarlığını ifadə edib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, avqustun 24-də ölkə ərazisi, həmçinin Qara və Azov dənizləri üzərində 148 hava obyekti məhv edilib.
Nazirliyin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Kursk, Lipetsk və Rostov vilayətləri, həmçinin Krasnodar diyarı üzərində hava obyektlərini məhv edib.
Ukraynanın Dövlət Sərhəd Xidməti bildirib ki, Rusiyanın dron hücumu Moldova ilə sərhəddə yerləşən Odessanın Vinoqradovka beynəlxalq avtomobil keçid məntəqəsinin infrastrukturuna ziyan vurub. Hadisədən sonra keçidin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Bu barədə Moldova tərəfinə məlumat verilib”, – xidmət bildirib. Qeyd olunub ki, fövqəladə hallar xidmətləri yanğını söndürüb.
Ukraynanın ikinci böyük şəhəri Xarkivdə isə Rusiya raketlərinin Osnovyanskin rayonundakı sənaye zonasına endirdiyi zərbə nəticəsində bir nəfər ölüb. Bu barədə şəhər meri İqor Terexov “Telegram” kanalında məlumat verib.
Rusiyanın Ukraynaya hücumu fonunda dron zərbələrindən sonra yanan ticarət mərkəzi. Odessa, Ukrayna, 24 avqust 2026-cı il.
“Bloomberg”in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukraynanın hərbi ehtiyacları ilə bağlı ABŞ Prezidenti Donald Trampı razı salmaq məqsədilə gələn ay ABŞ-yə səfər etməyi planlaşdırır.
Rusiya rəsmilərinin məlumatına görə, Krasnodar vilayətində yerləşən “Afipski” neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.
Bu hadisə Prezident Vladimir Putinin Ukraynanın dron hücumları və digər təhdidlərdən kifayət qədər qorunmadığı hesab edilən kritik əhəmiyyətli infrastruktura dövlət nəzarətini ələ keçirmək səlahiyyəti verən fərman imzalamasından sonra baş verib.
Prezident fərmanı ilə müəyyən edilən xüsusi səlahiyyətlər dövlətə Ukraynanın neft emalı zavodlarına və pərakəndə ticarət anbarlarına qarşı dron hücumlarının artdığı bir dövrdə bu cür obyektlərin müvəqqəti idarəçiliyini ələ keçirməyə imkan verəcək.
Böyük Britaniya və Fransa Ukraynaya daha güclü hərbi dəstək vəd edib. Dəstək paketinə “Storm Shadow” raketlərinin istehsalı üçün məxfi texnologiyalara çıxışın təmin edilməsi və hava hücumundan müdafiə raketlərinin daha sürətli çatdırılması daxildir.
Rəsmi Kiyev bildirib ki, Rusiyanın şəhərlərə və enerji infrastrukturuna mümkün yeni hücumlarına hazırlaşmaq üçün ən azı 300 “Patriot” raketinə ehtiyac duyur.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Rusiya şirkəti “Rosatom” və “Qazaxıstan Atom Elektrik Stansiyaları” şirkəti Balxaş Atom Elektrik Stansiyasında iki enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb. Stansiyanın ümumi gücü 2,4 giqavat olacaq.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın