Səhər xülasəsi – 25 avqust 2026

Səhər xülasəsi – 25 avqust 2026
Ukrayna Prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Endi Börnhem. Kiyev, Ukrayna, 24 avqust 2026-cı il.
Reuters

Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 25-i üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.

Britaniya və Fransa Ukraynaya hərbi dəstəyi artırır

Böyük Britaniya və Fransa Ukraynaya daha güclü hərbi dəstək vəd edib. Dəstək çərçivəsində “Storm Shadow” raketlərinin istehsalı üçün məxfi texnologiyalara çıxışın təmin edilməsi və hava hücumundan müdafiə raketlərinin daha sürətli çatdırılması nəzərdə tutulur. Kiyev bildirib ki, Rusiyanın şəhərlərə və enerji infrastrukturuna mümkün hücumlarına hazırlaşmaq üçün ən azı 300 “Patriot” raketinə ehtiyac duyur. Bu açıqlama Ukraynanın Rusiyanın neft obyektlərinə, o cümlədən Krasnodar vilayətindəki “Afipski” neft emalı zavoduna qarşı dron hücumlarını artırdığı bir vaxtda verilib.

ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb

Bu addım Suriyanın yenidən qurulması üçün maliyyə cəlb etməyə çalışdığı bir vaxtda beynəlxalq bankların, investorların və şirkətlərin ölkə ilə əməkdaşlığını asanlaşdıra bilər. ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, qərar Prezident Əhməd Əl Şaraa hökumətinin terrorizmdən uzaqlaşmaq və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlar nəzərə alınaraq qəbul edilib. Bu addım Suriyanın yenidən qurulması üçün maliyyə cəlb etməyə çalışdığı bir dövrdə beynəlxalq bankların, investorların və şirkətlərin ölkə ilə əməkdaşlığını asanlaşdıra bilər. Suriya 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Qərb ölkələri ilə münasibətlərini genişləndirməyə çalışır.

ABŞ İrana qarşı sanksiyaları genişləndirir, şirkətlərə Tehranla əlaqələri kəsmək üçün xəbərdarlıq edir

Yeni sanksiyalar paketi ümumilikdə 60 fiziki və hüquqi şəxsi, eləcə də gəmini əhatə edir. İran neftinin ticarətinə yardım etməkdə şübhəli bilinən Çin maliyyə qurumları isə bu mərhələdə sanksiya siyahısına daxil edilməyib. ABŞ-nin Maliyyə naziri Skott Bessent xəbərdarlıq edib ki, İranla iqtisadi əlaqələri davam etdirən ölkə və şirkətlər ABŞ dollarına əsaslanan maliyyə sisteminə çıxışı itirə bilərlər. Rəsmi Tehran isə cavab tədbirləri görəcəyini bildirib. İran rəsmiləri ölkənin infrastrukturuna təhlükə yaranacağı təqdirdə ABŞ-nin maraqlarının və mühüm enerji marşrutlarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq ediblər.

Ermənistanın Aİ-yə üzvlük prosesi sürətlənir, lakin qarşıda uzun mərhələ var

Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrini yaxınlaşdırır, lakin ölkənin üzvlüyü hazırda Aİ-nin genişlənmə planlarına daxil deyil. Baş nazir Nikol Paşinyan Ermənistanın yaxın zamanda Aİ-yə üzvlük üçün müraciət edə biləcəyini bildirib. O qeyd edib ki, mümkün üzvlüklə bağlı referendum Brüsselin müraciətə cavabından sonra keçirilməlidir.

Haitidə silahlı dəstənin hücumu 47 nəfərin həyatına son qoyub

BMT-nin məlumatına görə, Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı yaşayış məntəqəsinə gecə saatlarında silahlı dəstənin hücumu nəticəsində azı 47 nəfər həlak olub, 22 nəfər yaralanıb. Sakinlər yerli hakimiyyəti təhlükəsizliyi təmin etməməkdə ittiham ediblər. Hökumət isə təhlükəsizlik tədbirlərini gücləndirəcəyini və əraziyə nəzarəti bərpa edəcəyini açıqlayıb. Hücum Haitidə silahlı dəstələrin təsirinin artdığı və ölkənin dekabr ayında mümkün seçkilərə hazırlaşdığı bir vaxtda baş verib.

Teqlər